Bosniya və Herseqovinada gərginlik artır: Aİ əlavə qüvvələr göndərir

2025/03/1741677039.jpg
Oxunub: 580     17:09     11 Mart 2025    
Serb separatçılarının lideri Milorad Dodikin atdığı addımlar Bosniya və Herseqovinada gərginliyi artırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avropa İttifaqı (Aİ) ölkədəki siyasi gərginliyə görə sülhməramlı qüvvələrə əlavə hərbi qulluqçu göndərmək qərarına gəlib. ABŞ də Dodikə sərt reaksiya verib.

Aİ-nin sülhməramlı missiyası EUFOR tərəfindən verilən açıqlamada ölkədə mövcud potensialın “müvəqqəti olaraq” artırılacağı açıqlanıb.

“Bu tədbir Bosniya və Herseqovinadakı bütün tərəflərə dəstək vermək məqsədi daşıyır”, - deyə açıqlamada qeyd edilib.

Lakin göndəriləcək əlavə qüvvələrin dəqiq sayı ilə bağlı heç bir təfərrüat verilməyib. Hazırda EUFOR-un Bosniya və Herseqovinada 1500 hərbi qulluqçusu var.

Qeyd edək ki, Bosniya və Herseqovina 1995-ci ildə vətəndaş müharibəsinə son qoyan Deyton sazişi ilə iki əsas quruma bölünüb: Serb Respublikası (RS) və Bosniya və Herseqovina Federasiyası (FBIH). Lakin RS lideri Milorad Dodik çoxdan separatçı siyasət yürüdür.

Son olaraq RS öz sərhədləri daxilində federal polis və məhkəmə hakimiyyətini tanımayacağını açıqlayıb. Dodik serblərə federal polis və məhkəmə sistemində işləməyi qadağan edib, qadağanı pozanlara 5 il həbs cəzası verib. O, həmçinin bu insanlara “daha yüksək maaşlı alternativ iş yerləri” təklif etdiklərini deyib.

Bosniyanın Konstitusiya Məhkəməsi Dodikin qərarlarını dayandırıb. Ötən ay Dodik “Ali Nümayəndəlik Ofisinin (OHR) qərarlarına əməl etmədiyinə görə” bir il müddətinə azadlıqdan məhrum edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya   Herseqovina    


Bizi "telegram"da izləyin