Filippində FA-50 qəzaya uğrayıb, 2 pilot həlak olub - ƏTRAFLI

2025/03/1741416408.jpg
Oxunub: 393     13:45     08 Mart 2025    
Filippində qəzaya uğrayan FA-50 döyüş təyyarəsinin qalıqları tapılıb.

Ordu.az xəbər verir ki, qəza nəticəsində iki pilotun həyatını itirdiyi rəsmi orqanlar tərəfindən təsdiqlənib.

Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus FA-50 döyüş təyyarəsi bu həftənin əvvəlində Bukidnon şəhərinin cənubundakı hədəf bölgəsinə çatmazdan əvvəl digər təyyarələrlə əlaqəni itirib.

Səlahiyyətlilər təyyarənin təşkilat üzvlərinə qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyata havadan dəstək vermək üçün bölgəyə göndərildiyini bildirib.

Regional hərbi komandan, general-leytenant Luis Reks Beqante təyyarənin tamamilə məhv edildiyini bildirib. Bildirilir ki, təyyarənin qalıqları Bukidnondakı Kalatunqan dağında Filippin xüsusi təyinatlıları tərəfindən tapılıb.

Regional hərbi sözçü polkovnik-leytenant Fransisko Qarello deyib ki, dağıntılar yaxınlığında 2 HHQ pilotunun cəsədi tapılıb. Lakin qəza ilə bağlı əlavə məlumat verilməyib.

FA-50 döyüş təyyarələri fövqəladə hallarda pilotlara katapult oturacaqlarından istifadə edərək, təyyarəni tərk etməyə imkan verir. Bununla belə, rəsmilər bildiriblər ki, qəza zamanı pilotların bu sistemdən istifadə edib-etməməsi hələlik bəlli deyil.

Təxminən on il əvvəl Cənubi Koreyadan alınan FA-50 döyüş təyyarəsinin qəzaya uğramasının səbəbi məlum olmasa da, Filippin HHQ qəza ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

Hadisədən sonra HHQ-yə məxsus qalan 11 FA-50 döyüş təyyarəsi müvəqqəti olaraq uçuşlardan çıxarılıb.

Filippin 2015-ci ildən bəri Cənubi Koreyada yerləşən “Korea Aerospace Industries Ltd.” şirkətindən 12 ədəd FA-50 çoxməqsədli döyüş təyyarəsi alıb.

331 milyon dollarlıq bu sövdələşmə büdcənin qeyri-adekvatlığı ilə üzləşən ölkənin hərbi modernləşdirilməsi proqramı çərçivəsində həyata keçirilən ən böyük investisiyalardan biri olub.

Rəsmilər qeyd ediblər ki, Filippin Cənubi Koreyadan daha 12 döyüş təyyarəsi almağı planlaşdırır.

Filippin ordusunun məlumatına görə, illərlə davam edən qarşıdurmalar, təslimlər və daxili parçalanmalar səbəbindən ölkədə təxminən 1000 kommunist partizan qalıb. Norveçin vasitəçiliyi ilə aparılan sülh danışıqları keçmiş prezident Rodriqo Dutertenin dövründə uğursuzluqla nəticələnib. Hər iki tərəf danışıqlara baxmayaraq, bir-birini hücumları davam etdirməkdə ittiham edib.

2023-cü ildə hökumət və kommunist üsyançılar Asiyanın ən uzun sürən silahlı münaqişələrindən birinə son qoymaq məqsədilə danışıqları bərpa etmək barədə razılığa gəliblər. Lakin prezident Ferdinand Markosun dövründə danışıqlar hələ başlamayıb.

Döyüş təyyarələri antiterror əməliyyatlarından tutmuş mübahisəli Cənubi Çin dənizində milli mərasimlər və patrul xidmətlərinə qədər müxtəlif məqsədlər üçün istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   FA-50   Qəza  


Bizi "telegram"da izləyin