Ballıcaya Köç: Ata-Baba Yurduna Qayıdışın Sevinc Dolu Anları (FOTOLAR)

2025/03/f60c6-1741255742.jpg
Oxunub: 669     10:22     07 Mart 2025    
Əsrlər boyu Azərbaycan torpaqlarının hissə-hissə işğalı, yerli sakinlərin müxtəlif bəhanələrlə köçürülməsi və onların yerinə erməni ailələrinin məskunlaşdırılması planları həyata keçirilib. Bu, bir çox yaşayış məntəqələrində ermənilərin kompakt yaşayışını təmin etmişdi.

Ordu.az saytında Sizə bu cür tarixi faktlarla bağlı silsilə yazılar təqdim edirik. Bu yazıda isə işğaldan azad edilən kəndlərimizdən biri olan Ballıca kəndinə əməkdaşımızın səfəri zamanı gördüyü, araşdırdığı faktlar və şahidi olduqları ilə bağlı təəssüratlarını təqdim edirik.


İşğaldan azad edildikdən sonra əsas məsələlərdən biri, minalardan təmizləndikdən sonra, məcburi köçkün soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması və təhlükəsiz şəkildə burada daimi yaşamasının təmin edilməsi olub. Qarabağa əhalinin köçürülməsi prosesinin uzun müddətə başa gələcəyini iddia edənlər var idi. Lakin bu proses gözlənilənlərin əksinə olaraq tez və səmərəli şəkildə həyata keçirilməyə başladı. Bu kəndlərdən biri də Xocalı rayonunun Ballıca kəndidir.

Köçün ilk günlərində sakinlərin əhval-ruhiyyəsi necə idi? Köç karvanı hər zamankı kimi Ağdamın Təzəkənd kəndi ərazisindəki, işğaldan azad edilmiş ərazilərə keçidin təmin olunması üçün yaradılan nəzarət-buraxılış məntəqəsinin yanında cəm olmuşdu. Əvvəlcədən təyin olunan vaxtdan əvvəl gəlməyimizin əsas səbəbi sakinlərlə söhbət etmək və onların təəssüratlarını öyrənmək idi. Ballıcaya köçən sakinlər təyin olunan vaxtdan 2 saat öncə vədə yerində idilər. Hamı bir-birinə sarılır, gözaydınlığı verir, özlərini təbrik edirdilər.


“Gözümüz aydın olsun, əmioğlu, həmişə el-obamızda. Allah şəhidlərimizə rəhmət eləsin”.
“Amin, əmioğlu, amin. Allah bir daha xalqımıza bu cür dərd verməsin”.
“Sən öz evindəsən?”.
“Ata yurduma köçürəm, Allah ölənlərə rəhmət eləsin. O boyda gen-bol evimiz vardı. İndi təmir ediblər, inşallah köçürəm ora”.
“İnşallah, mənim də o vaxt yarımçıq qalan evimi gözəl tikiblər. Allah dövlətimizi var eləsin. Öncədən gedib görmüşəm”.

Ballıca sakinlərinin bir-birilə söhbətlərinə qulaq asır, onların yüksək əhval-ruhiyyəsindən mənəvi həzz alırdım. Ən xoş gələn məqamlardan biri isə ballıcalıların öz ata-baba yurdları haqqında ailə üzvləri, xüsusilə azyaşlı uşaqlara ağız dolusu danışması idi.


Nəhayət, köç yola düşür. Yol boyu yeni salınan, müasir tələblərə cavab verən yolla maşın karvanı təyinat nöqtəsinə doğru hərəkət edir. Şəxsi avtomobilləri ilə bizi ötüb keçən ailələri bir də Əsgəran qalası ətrafında görürük. Burada foto çəkdirən, əlini yuxarı qaldırıb bu günlər üçün Allaha dua edən soydaşlarımızın sevincini görməmək mümkün deyil. Nəhayət, Ağdam-Xankəndi yolundan sağa dönən yolla hərəkət edərək, bir neçə dəqiqədən sonra Ballıcaya çatırıq. Bir az əvvəl buraxılış məntəqəsi yanında cəm olan, bir-birlərini təbrik edən ballıcalılar kəndin mərkəzində yenidən xoş sözlərlə bir-birlərini təbrik edir, sevinc göz yaşları ilə doğma ocaqlarına dönməyin sevincini yaşayırlar. Öz ata ocağının istisinə toplaşan Ballıca sakinləri bundan sonra doğma kəndlərində şad və firavan yaşamaq, bu obanın daha da inkişaf etməsi üçün fədakarlıq göstərəcəklərini deyirlər.


Ballıca Kəndi

Yaşayış məntəqəsi XIX əsrə qədər Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər də burada məskunlaşmışdılar. 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İşğal dövründə kəndin adı erməniləşdirilmişdi. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunub. İşğaldan azad edildikdən sonra Ballıca kəndinə bir neçə köç prosesi olub. Hazırda kənddə 112 ailə yaşayır.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ballıca   Köç  


Bizi "telegram"da izləyin