Uşakov qeyd edib ki, ABŞ prezidenti Donald Trampın xahişinə cavab olaraq Rusiya İran-ABŞ danışıqlarında vasitəçilik etməyə razılaşıb. Diqqətəlayiq məqam odur ki, Ər-Riyadda ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Rusiya-İran strateji əməkdaşlıq müqaviləsinin imzalanmasından bir ay sonra görüşüblər və Uşakovun açıqlaması İranın vitse-prezidenti Zərifin istefasından sonra olub.
Zərifin istefasından bir gün əvvəl İran prezidenti Pezeşkian parlamentdə ABŞ ilə danışıqlara başlamaq istədiyini, lakin Xameneyinin razı olmadığını açıqlamışdı. Güman etmək olar ki, Pezeşkian ABŞ ilə danışıqlar aparmaq istəyini Moskvada, Rusiya prezidenti Putinlə müzakirələr zamanı ifadə edib və ya daha dəqiq desək, Vladimir Putin onu Trampla dialoqa başlamağa təşviq edib və İran prezidenti ilkin razılıq verib.
Görünür, Lavrov Ər-Riyad görüşündə Pompeoya İran-ABŞ danışıqlarında vasitəçilik etməyi təklif edib, lakin Xameneyi “Tramp-Putin tandemi”nin planını pozub. “Amerikalılara etibar etmək olmaz. Bu gün onlar 5 faiz zənginləşdirilmiş uranı təhvil verməklə razılaşırlar, sabah isə 20 faiz tələb edəcəklər və belə davam edəcək”, - deyə İranın dini lideri ABŞ ilə nüvə proqramı məsələsində danışıqların təhlükələrini əsaslandırıb.
Əgər bu əsaslandırmanı daha dərindən qiymətləndirsək, Xameneyinin sözlərinin ünvanı həm də Rusiya ola bilər. Rusiya bu gün İrana “kağız üzərində” təhlükəsizlik təminatları verə bilər, amma Ukrayna məsələsində ABŞ prezidentinə ehtiyacı olduğu müddətdə, sabah öz məsələlərini həll etdikdən sonra Tehrana verdiyi vədləri unuda bilər.
Siyasətdə belə “unutqanlıq” beynəlxalq aktorların hamısına xasdır, amma İran öz kartlarını niyə Moskvaya verməlidir? Axı, əgər ABŞ prezidenti İranla münasibətləri “kağız üzərində” tənzimləmək istəsə, Amerika diplomatiyası Tehrana öz yolunu tapacaq. Əgər Vaşinqton “güclə diz çökdürmə” variantını seçsə, Moskvanın təminatı praktik əhəmiyyət daşımayacaq.
Bununla belə, Xameneyi zahirən təhlükəli bir yol seçdi, amma mövcud vəziyyətdə bu, bəlkə də, Tehranın subyektliyini artırmaq, onun regional və geosiyasi rolunu vurğulamaq üçün bir addımdır. Moskvanın vasitəçiliyi ilə İran “saziş obyekti”nə çevrilərdi və qısamüddətli perspektivdə iqtisadi üstünlüklər əldə edə bilərdi, amma İran bununla əhəmiyyətli itkilərə məruz qalardı və beynəlxalq aləmdə faktiki olaraq Rusiyanın təsiri altına düşərdi.
Rusiya-ABŞ potensial “sazişi”ndə İran dosyesi hansı yeri və əhəmiyyəti daşıyır? ABŞ prezidenti qətiyyətlə bildirib ki, İran nüvə silahına sahib olmamalıdır. Ekspertlər arasında geniş yayılmış fikir var ki, İran Rusiyanın köməyi olmadan nüvə bombası və onu “hədəfə çatdıracaq” raket sistemləri yarada bilməz. Moskva Vaşinqtona İrana dəstəyi dayandıracağına söz veribmi? Xameneyi Rusiyayla strateji əməkdaşlıq müqaviləsinə “veto” qoysa və parlament onu ratifikasiya etməsə, necə olacaq?
Asif Cəfərov
Ordu.az