Ordu.az xəbər verir ki, nüvə başlıqlı hipersəs raketi daşıya bilən yeni Çin sualtı qayığının ortaya çıxması ABŞ-nin Filippində yerləşdirilən “Typhon” raket sistemi üçün birbaşa təhlükə yaradır.
“South China Morning Post” Çinin Uhan şəhərindəki gəmiqayırma zavodunda hazırlanmış sualtı qayığın Filippindəki orta mənzilli raketdən müdafiə sistemlərini zərərsizləşdirmək üçün xüsusi olaraq hazırlanmış ola biləcəyini yazıb.
Paylaşılan yarımrəsmi hesabatda bildirilir ki, Xalq Azadlıq Ordusu (PLA) hələlik sualtı qayığın inkişaf mərhələsində olduğunu rəsmən təsdiqləməsə də, Çin Dövlət Gəmiqayırma Korporasiyasına (CSSC) bağlı “Naval & Merchant Ships” jurnalı sualtı qayığın dizaynı və xüsusiyyətləri ilə bağlı müxtəlif detalları paylaşıb.
ABŞ-nin 2024-cü ilin aprelindən Filippinin şimalındakı Luzon adasına yerləşdirdiyi “Typhon” orta mənzilli raket buraxılış qurğuları Çinin əsas hissəsindəki hədəfləri vurmaq gücünə malikdir.
Bunun əksinə olaraq, Çinin inkişaf etdirdiyi yeni sualtı qayığın hipersəs raketləri daşıya biləcəyi və lazım gəldikdə nüvə başlıqları ilə hücumlar təşkil edə biləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az