Rəsmi Ankara Avropaya nəyi başa salmağa çalışır? – BAXIŞ BUCAĞI

2025/03/1740981570.jpg
Oxunub: 835     13:28     03 Mart 2025    
Ukrayna prezidenti Volodimir Zelenski, məlum olduğu kimi, Vaşinqtondan Londona gedib, burada martın 2-də Böyük Britaniyanın baş naziri Starmerin təşəbbüsü ilə görüş təşkil olundu. Görüşə Fransa, Ukrayna, Almaniya, İtaliya, Danimarka, Niderland, Norveç, Polşa, Finlandiya, İsveç, Türkiyə, Çexiya, Rumıniya, həmçinin NATO və Avropa İttifaqı dəvət olunmuşdu.

Bundan əvvəl İtaliyanın baş naziri Meloni Avropa-ABŞ “təcili sammiti” keçirilməsi təşəbbüsü ilə çıxış edib. Görünür, Londonda belə bir görüşün məqsədəuyğunluğu da müzakirə olunub, lakin əsas mövzu şübhəsiz ki, Ukraynaya göstəriləcək dəstək idi.

Görüşdən öncə, “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən bildirirdi ki, London görüşündə prezident Rəcəb Tayyib Ərdoğanın adından Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Görüşdə iştirak edən Hakan Fidan Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələləri, o cümlədən ABŞ prezidenti Donald Trampın son bəyanatı barədə fikir mübadiləsi aparıb, Türkiyənin prosesə verə biləcəyi töhfədən danışıb, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində ölkənin səylərini vurğulayıb, həmçinin Türkiyənin Ukrayna ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə dəstəyini bir daha təsdiqləyib.

Fidan regionda təhlükəsizlik, sabitlik və iqtisadi rifah təmin etmək üçün Türkiyənin danışıqlar platforması təqdim etməyə hazır olduğunu da vurğulayıb. KİV-lər Ukrayna prezidenti Zelenskinin fevralın 18-də Ankaraya səfərinə, rus-Ukrayna müharibəsinin dayandırılması məsələsində Türkiyə xarici işlər naziri Fidanın rus və amerikalı həmkarları ilə danışıqlarına da diqqət çəkir.

Türkiyə əlbəttə ki, London görüşünə NATO üzvü ölkə kimi cəlb oluna bilərdi, lakin Böyük Britaniya baş naziri dəvəti məhz prezident Ərdoğana göndərmişdi. Bu o deməkdir ki, Ankaranın potensial rolu daha böyük ola bilər. Ərdoğan isə Londona xarici işlər naziri Fidanı göndərməyi və onu öz adından mövqe bildirmək səlahiyyəti ilə təmin etməyi qərara aldı.

Türkiyə NATO-nun ikinci böyük ordusuna malikdir və son onillikdə öz hərbi-sənaye kompleksini inkişaf etdirib. London görüşündən “yayınaraq” Ərdoğan sanki başa salır ki, Ankaranın bir neçə seçim imkanı, o cümlədən ABŞ ilə razılaşma imkanı var və qərarını öz milli mənafeyindən və ya geosiyasi perspektivlərin reallaşdırılmasından çıxış edərək qəbul edəcək. Avropanın isə çıxış yolu, başqa alternativi yoxdur. Və əgər Türkiyə üzünü Şərqə çevirsə, nə baş verəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Avropa  


Bizi "telegram"da izləyin