Ordu.az saytında tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən yazıları Sizə təqdim etmişik. Bu gün də həmin acılı günlərin xatirələrini Xocalı şahidlərinin dilindən çatdırırıq. Müsahibimiz Xocalı rayon sakini Aqil Kamran oğlu Məmmədovdur.
- Aqil bəy, salam! Dəvətimizi qəbul edib vaxt ayırdığınız üçün təşəkkür edirik. İlk olaraq, özünüz barədə qısa məlumat verə bilərsinizmi?
- Mən sizə təşəkkür edirəm ki, yaddan çıxarmırsınız. Özümə gəlincə, mən Məmmədov Aqil Kamran oğlu 1973-cü il aprelin 10-da Xocalı rayonunun Kosalar kəndində anadan olmuşam. 1980-ci ildə Kosalar kənd orta məktəbinin 1-ci sinfinə getmişəm. 1990-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə qəbul olmuşam.
- Qarabağda ermənilərin törətdikləri vəhşiliklər, günahsız insanların qətli və itirilən torpaqların sizin gənc yaşlarınızda həyatınıza vurduğu travmalar haqqında danışmağınızı xahiş edirəm.
- Sözsüz ki, mən və mənim yaşımda olan hər bir Qarabağlı gənc bu travmalardan öz “nəsibini” alıb. Universitetdə təhsil aldığım müddətdə ictimai işlərdə fəal olmuşam. Müharibənin aktiv fazasının sürətləndiyi günlərdə, təhsilimi yarımçıq qoyaraq geri qayıdaraq Qarabağ müharibəsində, cəbhənin Ağdam, Füzuli, Şuşa, Laçın bölgələrində iştirak etmişəm. 1995-ci ildə tibb universitetini bitirərək Xocalı rayon mərkəzi xəstəxanasında əmək fəaliyyətinə başlamışam. Buna baxmayaraq, müharibənin həm psixoloji, fizioloji, həm də mənəvi olaraq vurduğu travmalar çox olub və bu gün də onun acısını çəkirəm. Əgər müharibənin getdiyi illərdə itirdiyim vaxtlar olmasaydı, səhiyyə sahəsində daha çox xidmətim olardı. Müharibənin vurduğu ağır travmalardan biri də əmək fəaliyyətimizə gec başlamağımızdır.
- Aqil bəy, bu gün Xocalı faciəsinin növbəti ildönümünü yaşayırıq. 33 il öncə baş verən faciəni necə xatırlayırsınız?
- 33 il öncə, fevralın 25-dən 26-na keçən gecə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərində əsrin ən dəhşətli soyqırımı törədildi. Həmin qarlı, şaxtalı gecədə Xocalı şəhərinə dörd tərəfdən hücuma keçən erməni terrorçuları ilə birlikdə 366-cı alayın ağır zirehli texnikaları şəhəri yerlə-yeksan edərək, əhalisi ilə birlikdə məhv etdilər. Həmin günü mən Ağdam şəhərində olduğum üçün Abdal-Gülablı və Şelli kəndləri istiqamətində düşmən əlindən qurtulan xocalılara köməyə getdim. O dəhşətli mənzərəni görən və soyqırımı yaşayan bir gənc olaraq həmin gecə insanlığın öldüyünün şahidi oldum. Erməni vandallarının insanlığa sığmayan əməllərini gözlərimlə gördüyüm üçün onlara qarşı olan nifrətim heç bir zaman tükənməz. Güllələnmiş insanların cansız bədənləri üzərində törədilən vəhşiliklər, başlarının dərisinin soyulması, hamilə qadınların qarınlarının süngülərlə doğranması, uşaqların başlarının kəsilməsi, gözlərinin çıxarılması yaddaşımda silinməz izlər buraxıb.
- Sonrakı illərdə Xocalı faciəsinin və şahidi olduğunuz dəhşətlərin tanıdılması üçün hansı fəaliyyətlərdə iştirak etdiniz? Hansı arzularınızı hələ həyata keçirə bilməmisiniz?
- Xocalı sakini olaraq, eyni zamanda Xocalı soyqırımının canlı şahidi kimi Azərbaycanda, qardaş Türkiyədə, İranda, Gürcüstanda, Ukraynada və Rusiyanın bir neçə şəhərində Xocalı soyqırımı həqiqətlərinin yayılması üçün uzun illər çalışmışam. 2008-ci ildə Heydər Əliyev Fondunun yaratdığı “Xocalıya Ədalət” kampaniyasına dəstək çərçivəsində Türkiyənin bir neçə şəhərində Qarabağ-Türkiyə dostluq parkı və həmin parklarda Xocalı Soyqırımı abidələrinin layihə rəhbəri və iştirakçısı olmuşam. İstanbulun Bağcılar bələdiyyəsində, İzmirin Bornova və Karşıyaka bələdiyyələrində, Bolu şəhərində, Samsunda, Amasyada, İzmitdə Xocalı soyqırımı abidələrinin layihə rəhbərliyi ilə bərabər, universitetlərdə Xocalı soyqırımı haqqında konfranslarda çıxışlarım olub. Əskişəhərdə 613 Xocalı soyqırımı qurbanlarının adına ağac əkmə aksiyası keçirərək böyük bir parkın salınmasında iştirak etmişəm. Xocalı soyqırımı haqqında yazılan Sabir Şahtaxlının “Dinməyən Acımız Hocalı” və Dürdanə Ağayevanın “Xocalı Şəhidləri 613” kitablarının həmmüəllifiyəm. Xocalı soyqırımına aid yazdığım ssenariyə film çəkilməsi arzularımı bəzi səbəblərdən hələ də həyata keçirə bilməmişəm.
- Aqil bəy, zamanla başımıza gətirilən müsibətlər çox olub. Amma biz Bağanis Ayrım, Qaradağlı, Xocalı, Baş Güney faciələrinin canlı şahidləri olduq. Şahidi olduğumuz hadisələri olduğu kimi çatdırmağın çətinliyindən danışardınız.
- Tarix boyu çörəyimizi yeyib, süfrəmizin artığı ilə yaşayan nankor ermənilər 200 il öncə torpaqlarımızda məqsədli şəkildə məskunlaşdırılmış və zaman-zaman xalqımıza qarşı soyqırımlar törədərək etnik təmizləmələr aparmışlar ki, bu da heç kimə sirr deyil. XX əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, eləcə də İrəvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda qırğınlar törədərək minlərlə Azərbaycan türkünü qətlə yetiriblər. XX əsrin sonlarında xarici havadarlarının dəstəyi və köməyi ilə Qarabağda müharibə başladan ermənilər Qərbi Azərbaycan torpaqlarındakı soydaşlarımızı deportasiya edərək Bağanis Ayrım, Qaradağlı, Ballıqaya, Quşçular, Meşəli, Başlıbel, Baş Güney və Xocalı faciələrini törətdilər. Çox yaxın keçmişdə baş vermiş bu soyqırımları unutmamaq və unutdurmamaq üçün əlimizdə olan video kadrların və şəkillərin yayılmasının vətəndaş olaraq təbliğatını dövlətimizin maraqlarını qorumaqla təşkil etməliyik.
- Düşmən bizim faciəni öz başına gəldiyi kimi təqdim edib özünə tərəfdaş qazanırdı, hər yerdə bizi vəhşi millət kimi qələmə verirdi. Amma çətin də olsa, etiraf etdilər. Bu gündən sonra biz onların bu etirafı fonunda nə etməliyik, təbliğatımıza davam etmək üçün hansı addımları atmalıyıq?
- Xocalı soyqırımında yerli jurnalistlərin və xarici media nümayəndələrinin çəkdikləri, əslində bizim dinc sakinlərin başına gətirilmiş vəhşiliklərin dəhşətli video kadrları və şəkillərinin erməni vandalları və yalançı media mənsubları tərəfindən guya özlərinə qarşı törədilmiş soyqırım kimi dünyaya nümayiş etdirildiyini hamımız yaxşı bilirik. Onlar bu çirkin əməlləri ilə dünya qarşısında özlərini günahsız və soyqırıma məruz qalmış millət kimi təqdim edərək köməyə ehtiyacları olduğunu göstərməyə çalışırdılar. Ancaq haqq bizim tərəfimizdə olduğu üçün apardığımız ədalət mübarizəsi və düzgün təbliğat nəticəsində Xocalı soyqırımı dünyaya tanıdıldı. Bunun nəticəsində bir çox dünya dövləti erməni millətçilərinə qarşı nifrətini bəyan edərək Xocalı soyqırımını tanıdı. Bəli, onu da qeyd edim ki, bu ədalətin əsl üzünü dünyaya çatdırmaqda gecikməyimizin əsas səbəblərindən biri də elə bizim ata-babalarımızdan bizə qalan laqeydlik və unutqanlıq “mirası”dır. Mən düşünürəm ki, artıq nə dövr həmin dövrdür, nə də insanlar artıq öz faciələrinə göz yumacaq dərəcədə cahil deyillər. Söz yox, bu gün sən, mən və digərləri bu faciəni öz övladlarımıza olduğu kimi danışmağımız bəs edər ki, onlar gələcəkdə öz tarixlərini və tarixən başlarına gətirilən faciələri yaxşı bilsinlər.
- Aqil bəy, artıq haqq öz yerini alıb. Biz bu gün doğma torpaqlarımızdayıq. İllər sonra faciələrlə tərk etdiyimiz Xocalımızdayıq. Xocalıya illər sonra qayıdanda yaşadığınız hissləri bizimlə bölüşə bilərsinizmi?
- Apardığımız ideoloji və strateji mübarizənin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizdən sonra düşmən öz layiqli cavabını aldı. Şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın birliyi, ordumuzun zəfəri, Ali Baş Komandanımızın danılmaz siyasəti və qətiyyəti sayəsində biz Xocalıya qayıtdıq. Dünyada haqq deyilən ədalət bərpa olundu. 31 il Xocalı soyqırımını gözü yaşlı, cəlayi-vətən olaraq keçirdiyimiz halda, soyqırımın 32-ci ildönümünü 26 fevral 2024-cü il tarixində cənab Prezident İlham Əliyevlə birlikdə Xocalı şəhərində keçirmək nəsibimiz oldu. Həmin gün, soyqırım günü olsa da, biz xocalılar üçün, eləcə də bütün Azərbaycan üçün çox qürurlu və şərəfli bir gün oldu. Çünki 32 il öncə dinc xocalıların vəhşicəsinə qətlə yetirildikləri Qarqar çayı ətrafında “Xocalı Soyqırımı Memorial Abidə Kompleksi”nin təməlqoyma mərasimi həyata keçirildi. Bu tədbir sinəsi yaralı Xocalıların yarasına bir məlhəm, şəhidlərimizin ruhuna böyük ehtiram oldu. İştirakçısı olduğum həmin tədbirdə ilk dəfə Xocalı torpağına ayaq basanda sanki dünyaya yeni doğulmuş körpə uşaq kimi hiss etdim özümü. Sevincdən və qəhərdən aylarla özümə gələ bilmədiyim üçün həmin günün bir yuxu olduğunu düşünürdüm.
- Bu gün Xocalıda böyüyən gələcək nəsil, sizin qədər Xocalı və Qarabağ həqiqətlərini qoruyub saxlaya biləcəkmi?
- Birinci böyük qayıdış planına uyğun olaraq indiyə qədər Xocalı şəhərinə 52 ailə, Xocalı rayonunun Ballıca kəndinə isə 119 ailə daimi məskunlaşmaq üçün köçüb. Hal-hazırda Xocalı şəhərində və Ballıca kəndində təhsil, səhiyyə və bütün strukturlar fəaliyyət göstərir. Bu gün Xocalıda məktəbə gedən fidan balalarımız xoşbəxt gələcəyimiz olaraq gələcəkdə sahəsindən asılı olmayaraq, Xocalının inkişafına və çiçəklənməsinə öz töhfələrini verəcəklər. Artıq şəhidlərimizin ruhları şaddır. 31 il ölkənin müxtəlif yerlərində məzarsız Xocalı şəhidlərinə ucaldılmış abidələri ziyarət edən xalqımız bu gün azad Xocalı şəhərində salınmış şəhidlər xiyabanında Xocalı şəhidlərini ziyarət edirlər. Artıq Xocalıda yaşayan gənc nəsil bu günə qədər Xocalı soyqırımı şahidlərinin dilindən eşitdikləri yerləri gəzib gözləri ilə görərək və haqqında eşitdikləri qəhrəman oğullarımızın məzarlarını ziyarət edərək vətənpərvər ruhda böyüyürlər. Əminəm ki, bu ruhda böyüyən gənclik can-qan bahasına işğaldan azad edilmiş bu müqəddəs torpaqları daha çox sevəcək, acılı-şirinli tarixini daimi yaşadacaq və hər bir qarışını göz bəbəyi kimi qoruyaraq özlərindən sonra gələcək nəsillərə əmanət edəcəklər. Bütün varlığımızla inanırıq ki, dövlət rəhbərimizin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində yarımçıq işlərimizi başa çatdıracaq, şəhidlərimizin nəşi bükülmüş müqəddəs üçrəngli bayrağımızı vahid və bütöv Azərbaycanımızın hər bir zirvəsində daimi dalğalandıracağıq.
- Aqil bəy, bildiyimiz qədər yaradıcılığınız da var. Yaşadığınız bu hadisələr sizin yaradıcılığınıza necə təsir edib?
- Barəmdə deyəsən yaxşı araşdırma etmisiniz. Mənim yaradıcılığımı bildiyinizdən xəbərim yoxdur. Mən deyərdim ki, yaradıcılığımın böyük əksəriyyəti elə vətənpərvərlik mövzusundadır. Sizi və oxucularımızı uzun-uzadı yormaq fikrim yoxdur. Sadəcə olaraq yaradıcılığımdan bir parça deyəcəm.
Onun fonunda gerisini özünüz ehtimal edin:
Uzadıb stolüstə bölsən əzamı,
Başım Bakı olar, Qarabağ ürək.
Sağ qolum Təbrizdir, sol qolum Dərbənd,
İrəvan, Naxçıvan canım deyəcək!
- Vaxt ayırdığınız və səmimi söhbətinizə görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.
- Xocalıdan Sizə və
Ordu.az komandasına salamlar! Çox sağ olun.
Daşqın Güneyli
Ordu.az