Cənubi Koreya və Səudiyyə Ərəbistanı silah ixracına dair əməkdaşlığa başlayır

2025/02/1740462593.jpg
Oxunub: 488     17:48     25 Fevral 2025    
Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı İdarəsi (DAPA) Səudiyyə Ərəbistanı ilə ixrac olunan silahlar üçün qarşılıqlı keyfiyyət təminatı proqramını ehtiva edən anlaşma memorandumu (MoU) imzalayıb.

Ordu.az xəbər verir ki, bu saziş iki ölkə arasında müdafiə ticarətini artırmaq məqsədi daşıyır.

“Defence Mirror”un məlumatına görə, Seul Yaxın Şərqə silah satışını genişləndirməyi planlaşdırır, Səudiyyə Ərəbistanı isə dövlət tərəfindən dəstəklənən Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMI) vasitəsilə Yaxın Şərq və Şimali Afrika regionunda silah istehsalı və xidmət mərkəzinə çevrilməyi hədəfləyir.

Yaxın Şərqə son səfəri zamanı DAPA naziri Seok Yonq-qun Əbu-Dabidə keçirilən IDEX 2025 müdafiə sərgisində Səudiyyə Ərəbistanı, İraq, Rumıniya və Estoniya rəsmiləri ilə görüşlər keçirib, Səudiyyə Ərəbistanı ilə bu anlaşma memorandumunu imzalayıb.

Seok, həmçinin Misirdə FA-50 döyüş təyyarəsi və K9 özüyeriyən haubitsası kimi Koreya müdafiə məhsullarını təqdim edib, Misir Hərbi Hava Qüvvələrinin FA-50 alacağı təqdirdə tam dəstək vəd edib.

Qeyd edək ki, Cənubi Koreya 2027-ci ilə qədər qlobal silah ixracat bazarının 5%-ni ələ keçirməklə, dünyanın dördüncü ən böyük müdafiə ixracatçısı olmağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin