Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün MSK olaraq əsas məqsədlərinin təhlükəsizlik qüvvələrinin ehtiyac duyduğu platformaları, sistemləri yerli və milli imkanlarla maksimum dərəcədə təmin etmək olduğunu bildirib.
“Bu məqsədlə yerli, milli imkan və qabiliyyətlərlə inşa etdiyimiz bir çox dəniz platformalarımız “Mavi Vətən”də (Türkiyədəki dənizlər-red.) xidmətini davam etdirir və bayrağımızı dalğalandırır. Əlbəttə, biz təkcə yerli və milli səviyyədə dəniz platformalarımızı inşa etməklə kifayətlənmirik, eyni zamanda donanmamızın ehtiyaclarını qarşılamaq üçün həyata keçirdiyimiz layihələrdə texnoloji irəliləyişləri yaxından izləyir və gələcək texnologiya meylləri ilə bağlı işlərimizi sürəti azaltmadan davam etdiririk”, - deyə o qeyd edib.
Görgün müxtəlif növ radarlardan rabitə sistemlərinə, radioelektron dəstək və hücum sistemlərindən döyüş idarəetmə sistemlərinə qədər hər cür radioelektron sistemi yerli olaraq inkişaf etdirməyə müvəffəq olduqlarını, ən son isə şaquli buraxılış sistemi və müxtəlif mənzillərdə raket sistemlərini inkişaf etdirdiklərini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az