Ordu.az-ın məlumatına görə, IISS-nin hesabatında qlobal hərbi xərclərin 2024-cü ildə əvvəlki illə müqayisədə real ifadədə 7,4 faiz artaraq, 2,46 trilyon dollara çatacağı bildirilir.
Hesabatda deyilib: “Qlobal hərbi xərclərin real artımı 2023-cü ildəki 6,5 faizdən 2024-cü ildə 7,4 faizə yüksəlib. 2022-ci ildə bu nisbət 3,5 faiz təşkil edib. Hərbi xərclər 2024-cü ildə Böyük Səhradan cənubdakı Afrika istisna olmaqla, bütün regionlarda real olaraq artıb”.
Hesabatda bu xərclərin qlobal Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin ötən il 1,94 faizə yüksəldiyi, 2022-ci ildə orta hesabla 1,59 faiz, 2023-cü ildə isə 1,80 faiz olduğu vurğulanıb.
Hesabatda Rusiyanın ümumi hərbi xərclərinin real ifadədə 41,9 faiz artaraq, 145,9 milyard dollara çatdığı, ötən il Rusiyanın hərbi xərclərinin isə alıcılıq qabiliyyəti paritetinə görə 462 milyard dollara bərabər olduğu bildirilib.
“Rusiyanın hərbi xərcləri 41,9 faiz artaraq, müdafiə büdcəsini ÜDM-in 6,7 faizi ekvivalentinə çatdırıb ki, bu da alıcılıq qabiliyyəti pariteti baxımından Avropanın ümumi müdafiə xərcləri ilə müqayisə oluna bilər”, - deyə hesabatda vurğulanıb.
Böyük Britaniya və 27 üzvlü Avropa İttifaqının da daxil olduğu Avropanın müdafiə büdcələrinin ötən il 11,7 faiz artaraq, 457 milyard dollara çatdığına diqqət çəkən hesabatda Avropanın hərbi xərclərinin 2014-cü ilə nisbətən 10 illik dövrdə nominal olaraq 50 faiz artdığı bildirilir.
Almaniyanın müdafiə büdcəsinin keçən il 23 faiz artaraq, 86 milyard dollara çatdığını və 30 ildən çox müddətdə ilk dəfə Britaniyanın 81 milyard dollarlıq müdafiə büdcəsini keçdiyini bildirən hesabatda Çinin hərbi xərclərinin keçən il 7 faiz artaraq, 235 milyard dollara çatdığı vurğulanıb.
Digər tərəfdən, qlobal hərbi imkanların və müdafiə iqtisadiyyatının illik qiymətləndirilməsinin yer aldığı hesabat ABŞ prezidenti Donald Trampın avropalı müttəfiqlərini öz müdafiələrinə daha çox xərcləməyə çağırdığı və NATO üzvlərinin ÜDM-nin 5 faizini xərcləmələrini təklif etdiyi bir vaxtda dərc edilib.
Sevinc Əliyeva
Ordu.az