“Samsun Yurt Savunma” (SYS) Qrupu tərkibində fəaliyyət göstərən “Unirobotics” tərəfindən inkişaf etdirilən “Trakon” Uzaqdan İdarə Olunan Silah Sistemi (UİOSS) PUA və insansız dəniz platformalarına qarşı effektiv qoruma təmin edir.
“Trakon”un Seçilən Xüsusiyyətləri
“CANiK” M2 QCB ağır pulemyotu ilə təchiz edilmiş sistem olaraq “Trakon” UİOSS quru və dəniz əməliyyatlarında çoxyönlü müdafiə qabiliyyəti təklif edir. Sistem xüsusilə PUA-lara qarşı tədbir sistemləri (C-UAS) çərçivəsində hazırlanıb və
aşağıdakı xüsusiyyətləri ilə seçilir:
• Radar inteqrasiyası sayəsində müxtəlif növ PUA təhlükələrini zərərsizləşdirmək qabiliyyəti.
• Avtomatik hədəf izləmə, nişanalma planlaması və təkmil atəşə nəzarət sistemi ilə əməliyyat çevikliyi və dəqiqlik.
• Müxtəlif Döyüş İdarəetmə Sistemləri (CMS) ilə tam inteqrasiya.
“Unirobotics”in hazırladığı “Trakon” qabaqcıl texnoloji xüsusiyyətləri ilə dinamik və mürəkkəb mühitlərdə sürətli və etibarlı həllər təqdim etməyi bacarır.
Sınaqlarda müvəffəqiyyətlə sübut edilib
C-UAS əməliyyatlarında “Trakon”un imkanları geniş sınaq proseslərində uğurla sübut edilib.
Sistem radarla dəstəklənən izləmə və hədəfləmə texnologiyaları ilə quru və dəniz missiyalarında PUA-ları və digər təhlükələri zərərsizləşdirmək qabiliyyətinə malik olduğunu nümayiş etdirib.
“Unirobotics” Baş direktorunun açıqlamaları
“Unirobotics” Baş direktoru Ömür Baç “Trakon”un Türkiyə müdafiə sənayesində yüksək texnologiya potensialını bir daha nümayiş etdirdiyini bildirib. Baç qeyd edib:
“Qrup daxilində “Unirobotics” və “CANiK”in səlahiyyətləri bir-birini tamamlamaq üçün nəzərdə tutulub. Bu kontekstdə dünyanın ən aşağı dispersiyasına malik 12,7x99 mm pulemyotu olan “CANiK” M2 QCB ilə təchiz edilən “Trakon” UİOSS üstün stabilizasiyası, atəşə nəzarət sistemi və elektro-optik infrastrukturu ilə rəqibləri arasında ciddi fərq yaradır”.
Baç, həmçinin “Unirobotics”in dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılamaq üçün qabaqcıl texnologiya həlləri hazırlamaq missiyasını davam etdirəcəyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az