Blinken son anda Türkiyənin gücünü dərk etdi? Tramp administrasiyası hansı qərarı verəcək?

2025/01/2025--1737441796.jpg
Oxunub: 1907     10:41     21 Yanvar 2025    
Yanvarın 16-da ABŞ dövlət katibi vəzifəsini icra edən Entoni Blinken vida mətbuat konfransı keçirdi. Digər məsələlərlə yanaşı, o, Qəzzada atəşkəs, girov və məhbusların mübadiləsi ilə bağlı Misir və Qətərin vasitəçiliyi sayəsində əldə edilmiş razılaşmanı diplomatik uğur hesab etdi

ABŞ-nin sabiq dövlət katibi əhəmiyyətli açıqlama verərək bildirib ki, o, Türkiyəyə son səfəri zamanı prezident Ərdoğandan öz nüfuzundan, səlahiyyətindən istifadə etməsini istəyib və Ərdoğan HƏMAS-ı danışıqlar masasına qaytarıb.

Bu məlumat Türkiyənin və şəxsən Ərdoğanın İsrail-Fələstin nizamlanması prosesində mühüm rolunu ortaya qoyması baxımından əhəmiyyətlidir. Əgər HƏMAS Ərdoğanın müdaxiləsi ilə danışıqlar masasına qayıdıbsa, deməli, Türkiyə prezidenti Qəzzada atəşkəsin yaradılması, girov və məhbusların mübadiləsi ilə bağlı razılığın əldə olunması prosesinin iştirakçısıdır.

Həmin gün Türkiyə və Monqolustan prezidentləri arasında görüş baş tutub və görüşün sonunda Ərdoğan İsrail-Fələstin nizamlanmasına dair öz baxışını jurnalistlərə kifayət qədər ətraflı şəkildə təqdim edib. “Əsasən qadın, qoca və uşaq olmaqla, 50 mindən çox insanın öldürülməsinə baxmayaraq, Qəzza təslim olmayıb, zalımın iradəsinə tabe olmayıb”, - deyə Türkiyə prezidenti bildirib.

Bu bəyanatı əsas mənada dəyərləndirsək, o zaman Ərdoğan İsrailin HƏMAS-ı məğlub edə bilmədiyini deyib. Qərb mətbuatı bu Fələstin təşkilatının “yenidən doğulması” ilə bağlı məlumatlar yayıb. Müvafiq olaraq, HƏMAS öz sıralarını minlərlə yeni döyüşçü ilə doldurub, İsraillə razılaşma isə təxminən 1500 fələstinlinin həbsdən azad ediləcəyini nəzərdə tutur.

Onların əhəmiyyətli bir hissəsinin HƏMAS sıralarına qayıtması təbii və məntiqlidir. Bəlkə də bu perspektiv Ankarada atəşkəs rejimini zəruri, lakin qeyri-kafi hesab etmək və müstəqil, suveren Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara mümkün qədər tez başlamağa çağırmaq üçün etimad yaradıb. Bundan başqa, Ərdoğan hesab edir ki, Fələstin paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri daxilində təşkil olunmalıdır.

Lakin ABŞ-nin yeni seçilmiş prezidentinin komandası İsrailin HƏMAS-ın sonuncu üzvünü ekzistensial mübarizədə məhv etmək hüququna malik olduğuna dair bir qiymətləndirmə səsləndirib. Qəzzada atəşkəs bazar günü, yanvarın 19-da qüvvəyə minib. Ertəsi gün Donald Tramp ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb və artıq administrasiyasını formalaşdırmaqla məşğuldur.

ABŞ-nin vəzifəsini tərk edən dövlət katibi sanki Türkiyə prezidentinin Qəzzada atəşkəs əldə olunmasına diplomatik töhfəsini açıqlayaraq, respublikaçı administrasiyaya Türkiyənin İsrail-Fələstin nizamlanmasında iştirakının əhəmiyyətli olduğunu işarə edir. Ərdoğan Tramp administrasiyasının PKK terrorizmini torpaq altında basdırmaq üçün ABŞ qoşunlarını Suriyanın sərhəd bölgələrindən çıxarmasını gözləyir.

Lakin Türkiyə prezidentinin Monqolustan prezidenti ilə danışıqlardan sonra Fələstinlə bağlı verdiyi açıqlamadan belə anlaşılır ki, o, İsrailə güzəştə getmək niyyətində deyil. Görünür, Bayden Qəzza və Suriya üzərində açıq Türkiyə-İsrail münaqişəsinin qarşısını ala bilib. İki müttəfiq arasında paritetin qorunması respublikaçı administrasiya üçün ciddi problem olacaq.

Trampın İsrail-Fələstin nizamlanmasına baxışı necədir? Prezident kimi ilk müddətində o, Qüdsü İsrailin paytaxtı kimi, eləcə də yəhudi dövlətinin Colan təpələri üzərində yurisdiksiyasını tanıyıb. Türkiyə faktiki olaraq Trampdan bu qərarların ləğvini tələb edir və müstəqil Fələstin dövlətini elan etməkdə israrlı görünür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Türkiyə  


Bizi "telegram"da izləyin