Ordu.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ölkənin Milli Müdafiə və Təhsil nazirlikləri yeni Milli Müdafiə Universitetinin yaradılması üçün birgə araşdırmaya başlayıb.
Milli Müdafiə Universitetinin 2026-2027 və ya 2027-2028-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.
Bu tədqiqatın məqsədi hərbi məktəblər arasında ümumi kurikulum yaratmaqdır.
Ölkədə ali təhsil müəssisələrində hərbi məktəblərə daxil olan tələbələrin sayının xüsusilə 2020-ci ildən sonra davamlı olaraq azaldığı və 2024-cü ildə bu məktəblərə daxil olan tələbələrin sayının mövcud imkanların 64 faizinə qədər azaldığı görünür.
Yeni qurulan sistemlə təkcə hərbi sahədə deyil, elm və texnologiya kimi sahələrdə də təhsilin verilməsi, peşə liseyi məzunlarına 10 faizlik kvota verilməsi nəzərdə tutulur.
Həmçinin hərbi məktəblərin şəraitinin ümumi yaxşılaşdırılması və tələbələrə verilən maliyyə dəstəyinin artırılması üçün təxminən 20 milyon avro büdcə ayrılması nəzərdə tutulur.
Yeni struktur çərçivəsində hərbi ali təhsil müəssisələrində doktorantura proqramlarının həyata keçirilməsi və doktorantura tədqiqatlarının müdafiə sənayesi texnologiyalarını da əhatə etməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az