Ordu.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken kəşfiyyat mənbələrindən alınan hesabatlara əsaslanaraq verdiyi açıqlamada Rusiyanın qabaqcıl peyk və kosmik texnologiyaları Şimali Koreyaya ötürməyə hazırlaşdığını açıqlayıb.
“Şimali Koreya artıq Rusiyadan hərbi təchizat və təlim alır. İndi Moskvanın özünün qabaqcıl kosmik və peyk texnologiyalarını Pxenyanla bölüşmək niyyətində olduğuna inanmaq üçün əhəmiyyətli kəşfiyyat məlumatlarımız var”, - deyə Blinken qeyd edib.
Blinken, həmçinin bildirib ki, Rusiya lideri Şimali Koreyanın nüvə proqramını dəstəkləməyə yaxın ola bilər.
Hərbi ekspertlərin fikrincə, bu, Şimali Koreya rejiminin nüvə silahı hazırlamasının qarşısının alınması ilə bağlı çoxdankı siyasəti əsaslı şəkildə dəyişə bilər.
Şimali Koreya 2023-cü ilin noyabrında üçüncü cəhdində özünün “Chollima-1” raketi ilə “Malligyong-1” kəşfiyyat peykini orbitə çıxarıb.
Sevinc Əliyeva
Ordu.az