“Ariane 6”, “Starship” və “Starliner”: 2024-cü ildə kosmosdakı inkişaflara qısa baxış

2025/01/1736156021.jpg
Oxunub: 738     11:31     11 Yanvar 2025    
2024-cü ildə qlobal miqyasda təxminən 250 orbital raket buraxılıb. “SpaceX” bu buraxılışların əksəriyyətinə rəhbərlik edib, 129 “Falcon 9” missiyası, 2 “Falcon Heavy” missiyası və 3 “Starship” sınaq uçuşu da daxil olmaqla, ümumilikdə 134 buraxılışı həyata keçirib.

Avropadan yalnız 5 buraxılış həyata keçirilib. İyul ayında Avropa Kosmos Agentliyi (European Space Agency – ESA) dörd il gecikmə ilə 9 “CubeSat” daşıyan yeni ağır yük raketi “Ariane 6”nı buraxıb. Bu raket Avropaya kosmosda öz muxtariyyətini bərpa etməyə kömək edib. Ancaq “SpaceX”in təkrar istifadə edilə bilən raketlərindən fərqli olaraq, sərf edilə bilən olması səbəbindən tənqid edilib.

Dekabr ayında ESA Günəş tacını öyrənmək üçün “Proba-3” missiyasını işə salıb. İki peyklə həyata keçirilən bu missiya günəş havasını anlamaq məqsədilə süni tutulma yaradan ilk missiya olub. Tacın öyrənilməsi geomaqnit günəş fırtınalarının peyk, rabitə şəbəkələri və elektrik şəbəkələrinə təsirini proqnozlaşdırmaq üçün çox vacibdir.

2024-cü il eyni zamanda “Boeing Starliner” sınaq kapsulunda itələyici nasazlıqlar və helium sızıntıları səbəbindən iki NASA astronavtının kosmosda qapalı qalması ilə diqqət çəkib. Sentyabrda kapsul Yerə qayıdarkən, astronavtlar Beynəlxalq Kosmik Stansiyada (International Space Station – ISS) qalıblar.

NASA “SpaceX Crew-9” missiyası 2025-ci ildə geri qayıdanda, onlara yer açmaq üçün oturacaqların sayını azaltmağı planlaşdırır.

Avropanın ilk orbital buraxılışı

2025-ci il Avropa torpağından orbitə ilk buraxılış üçün kritik bir il ola bilər. Bu günə qədər bütün Avropa orbital buraxılışları Fransa Qvianasındakı “Kurou” Kosmik Mərkəzindən həyata keçirilib. Lakin bu sahədə İsveç və Britaniya adaları arasında rəqabət var.

İsveç Kosmik Korporasiyası (Swedish Space Corporation – SSC) Cənubi Koreyadan olan tərəfdaşı “Perigee Aerospace” ilə 2025-ci ilin sonunda “Esrange” Kosmik Mərkəzindən ilk orbital peykini buraxmağı planlaşdırdığını açıqlayıb. SSC İsveç Müdafiə Materialları İdarəsindən aldığı sifarişlə bu layihə üçün əsas infrastrukturu hazırlayır.

Digər tərəfdən, Britaniyadakı “Saxavord” Kosmodromu və Şotlandiyadakı “Orbex” obyektləri də eyni dövrdə öz buraxılışlarını həyata keçirməyi planlaşdırır.

Kosmik sektorda artan fəaliyyətlər daha təkmil hərəkət sistemlərinə ehtiyacı da ön plana çıxarır. “Pulsar Fusion” şirkətinin Baş direktoru Riçard Dinan vurğulayıb ki, “SpaceX” insanları orbitə çıxarmaq üçün əla iş görüb, lakin orbitdən sonra fərqli bir hərəkət sistemi tələb olunur. Şirkət peyk ayrıldıqdan sonra kosmosun vakuumunda işləmək üçün nəzərdə tutulmuş ən böyük elektrikli hərəkət sistemini hazırladığını açıqlayıb.

Bu artım kosmosda davamlılıqla bağlı narahatlıqları da artırır. “Amazon”un “Kuiper Systems” şirkəti 2025-ci ildə 3000-dən çox peykdən ibarət bürclər üçün müxtəlif buraxılış vasitələrindən istifadə etməyi planlaşdırır. ESA-nın məlumatına görə, Yer orbitindəki 12500 peykdən 2700-ü artıq işləmir. Avropa 2025-ci ildə kosmik zibil problemini həll edəcək ilk Kosmos Qanununu qəbul etməyi hədəfləyir.

2025-ci ildə başqa nələr gözlənilir?

2025-ci il müxtəlif raket buraxılışlarının və ilk uçuşların şahidi olacaq.

ESA 2025-ci ilin üçüncü rübündə ekipajsız “Space Rider” kosmos təyyarəsinin orbital sınaq uçuşunu həyata keçirməyi planlaşdırır. Bu təkrar istifadə edilə bilən kosmik gəmi texnologiya nümayişləri və elmi tədqiqatlar da daxil olmaqla, müxtəlif missiyalar üçün platforma təmin etmək məqsədilə nəzərdə tutulub.

İlk uçuşdan sonra “Ariane 6”nın ilk kommersiya buraxılışının fevralın ortaları hədəfi ilə 2025-ci ilin birinci rübündə edilməsi planlaşdırılır. Bu missiyada Fransanın hərbi kəşfiyyat peyki CSO-3 daşınacaq.

“SpaceX” dərin kosmik missiyalar üçün nəzərdə tutulmuş “Starship” raketini inkişaf etdirməyə davam edəcək və onun yeddinci uçuş sınağı 2025-ci ilin yanvarına planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Avropa   Kosmos  


Bizi "telegram"da izləyin