Ordu.az xəbər verir ki, Krosetto bu barədə “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
“Moskva Suriyadakı Tartus bazasından resurslarını Liviyaya köçürür. Bu bizim üçün yaxşı xəbər deyil. Rusiyanın Aralıq dənizindəki gəmiləri və sualtı qayıqları həmişə narahatlıq doğurur. Ancaq bu aktivlərin min kilometr uzaqlıqda deyil, düz yanımızda olması daha böyük təhlükədir”, - deyə o qeyd edib.
Bu ay Suriyada Bəşər Əsədin devrilməsindən sonra Əsədi dəstəkləyən Rusiya qüvvələri Tartusdakı dəniz bazasına və Hmeymim aviabazasına şəxsi heyət və material daşıyıb.
Ancaq peyk görüntüləri Tartusda lövbər salan bəzi Rusiya hərbi gəmilərinin yola çıxdığını göstərir. Bu, gəmilərin Liviyanın şərqindəki Tobruk limanına doğru istiqamətlənmiş ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.
“Defense News”un xəbərinə görə, Moskva Tobrukda yerli lider general Xəlifə Həftərlə razılaşma əldə etmək üçün danışıqlar aparır. Rusiya Tartusa çıxışını itirərsə, donanmasını yerləşdirmək üçün Aralıq dənizindəki limandan məhrum olacaq. Bu, Liviyanı Moskva üçün cəlbedici alternativə çevirir.
Sevinc Əliyeva
Ordu.az