Mustafa Kamal Atatürkün bu sözləri ilə 1925-ci il fevralın 16-da on il sonra “Türk Hava Kurumu” adlandırılan “Türk Tayyare Cemiyeti” quruldu. Bu cəmiyyət Türiyənin aviasiya sənayesi tarixində böyük xidmətlər göstərib və dövrünü qabaqlayan dizaynlar ortaya qoyub. Bunlardan biri də İkinci Dünya müharibəsindən sonra Türkiyə Aviasiya Qurumu Zavodunun 13-cü dizaynı olan “THK-13 Uçan Qanad Planeri” idi.
TKH-13 sanki bu günlərdə səmada uçan reaktiv mühərrikli uçan qanad olan “Anka 3”ün keçmişdəki əksi kimidir. THK-13 1939-1940-cı illərdə inşası tamamlanan THK Etimesgut Təyyarə Zavodunda inşa edilən təyyarələrdən biri idi. Burada yaradılan layihələrdən THK-1, THK-3, THK-4, THK-6, THK-7, THK8, THK-9 və THK-13 planer, THK-2, THK-5, THK-10, THK-11, THK-12, THK-14, THK-15 təyyarə olaraq emal edilib.
THK-16 reaktiv təlim təyyarəsi layihəsi isə istehsal olunmadan layihə əsasında qaldı. Mövzunu çox yayındırmamaq üçün başqa təyyarələrə toxunmayacağıq, amma düşünürük ki, onların hamısı ayrı bir mövzuda araşdırılmalıdır.
İlk uçan qanad: THK-13
Davam ediriksə, qeyd etmək lazımdır ki, THK-13 tək nəfərlik, uçan qanad dizaynlı prototip planer idi. 1948-ci ildə THK-13 uçan qanad layihəsi Yavuz Kansu tərəfindən dizayn edilib və planer kimi istehsal edilib, sınaq uçuşları isə pilot Kadri Kavukçu və pilot Cemal Uyğun tərəfindən həyata keçirilib.

Yavuz Kansu THK-13-ü dizayn edərkən, amerikalıların “Northrop” və almanların “Horten” uçan qanad layihələrindən yararlanıb. O dövrdə uçan qanadlar tapılır və istehsal olunurdu, lakin addımlar hələ yeni idi. Məsələn, “Northrop” şirkətinin o dövrdə 400 kilometr sürətə çata bilən uçan qanad modelləri istehsal etdiyi məlumdur. Əlbəttə, onlar ümumiyyətlə bombardmançı təyyarə olaraq hazırlanmışdı.
Yüngül olması üçün taxta və parçadan istehsal edilən THK-13-ün qanad uzunluğu 20 m, hündürlüyü 2 m, səth sahəsi 40 kvadrat metr, qanad uzunluğu 5 m və ümumi çəkisi 490 kq idi. Tək pilotlu kabinənin üstü açıq idi. Təəssüf ki, THK-13 inşa ediləndə, Ankara Külək Tuneli hələ tamamlanmamışdı. Bu səbəbdən külək sınaqları THK-15 təyyarəsinə xüsusi platforma taxaraq, planerin 1/10 modelindən istifadə edərək aparılıb.

THK-13-ün ilk uçuş sınağı isə 1948-ci ilin avqustunda həyata keçirilib. Çankayada təyyarənin arxasına bağlanaraq havaya qalxan THK-13 bəzi problemlərə görə təcili eniş etməli olub. Eniş zamanı bəzi xırda zədələr baş verib. THK-13 ikinci uçuşunu 1948-ci ilin sentyabrında etdi, lakin bu dəfə planerin pilotu Kadri Kavukçu deyil, Cemal Uyğun idi. Lakin bu uçuş sınağında işlər planlaşdırıldığı kimi getmədi və THK-13 havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradı.
Pilot Uyğun kəllə-beyin travması aldı və xoşbəxtlikdən sağ qaldı. THK-13 parçalandı. İncələmə zamanı sağ qanadda bir məngənə unudulduğu və bu hissənin hərəkət edərək, planerin sağa əyilməsinə səbəb olduğu müəyyən edildi. Qəzadan sonra THK Təyyarə Zavodu müdiri Səlahəddin Beler “Northrop Aircraft”a məsləhət almaq üçün məktub göndərdi. 1948-ci il dekabrın 15-də gələn cavab kifayət qədər sadə və diplomatik idi.
“Northrop”un mühəndis direktoru Uolter C. Çerni THK-13-ün dizaynına heyran qaldıqlarını, eniş dəsti mexanizmini bəyəndiklərini və THK-nın irəliyə doğru düşünən fikirlərini təqdir etdiklərini bildirib. Lakin THK-nın əsas suallarına cavab verilməyib və yalnız broşür göndərilib. Bildirilib ki, THK tərəfindən göndərilən texniki təsvirlər və hesabatlar “Northrop”un korporativ arxivinə götürülüb.
İkinci qəzadan sonra yeni THK-13-ün istehsalına başlanılsa da, səhvlər düzəldilib tamamlansa da, yedəyə alan lazımi təyyarə olmadığı üçün ikinci planer uça bilməyib və layihə 1949-cu ildə ləğv edilib. Mühəndislər bu layihənin inkişaf etmiş, texnoloji bir təyyarəyə çevrilə biləcəyini düşünürdülər.
THK-13 müharibədən sonrakı iqtisadi çətinliklər zamanı Almaniya və ABŞ uçan qanadlarının öyrənilməsi ilə hazırlanmış innovativ layihə idi. Türkiyədə texniki təhsil və AR-GE anlayışının hələ qurulmadığı bu dövrdə sınaq prosesində qarşılaşılan problemlər mətbuatda yanlış işıqlandırılaraq, “pul israfı, lüks bir layihə” kimi qələmə verildi. Bunlar isə layihənin ləğvinə aparan yol idi.
THK sədri general Seyfi Düzgörenin 1948-ci il dekabrın 28-də vəfatından sonra layihəni müdafiə edəcək adam qalmadı. Eyni tarixdə “Northrop” YB-35 və YB-49 “Flying Wing” layihələri də uğursuzluğa düçar oldu və ləğv edildi. 1940-cı illərdə bu təyyarələrlə, xüsusilə də YB-49 ilə aparılan sınaqlar zamanı təyyarənin uçan qanad dizaynına görə kiçik bir radara görünmə sahəsinə sahib olduğunun fərqinə varıldı.

Onilliklər sonra bu gizli detal “Northrop Grumman”ın qabaqcıl B-2 (1989) bombardmançı təyyarələrinin əsasını təşkil etdi. Hətta iki təyyarənin qanadları eynidir.
75 ildən sonra “Anka 3”

1948-ci ildən düz 75 il sonra, 2023-cü ildə Türkiyə aviasiya sənayesinin ən mühüm elementlərindən biri olan TUSAŞ daha bir uçan qanadı havaya qaldırdı: “Anka 3”. Hazırda sınaqlarına davam edən, ilk uçuşunu 2023-cü il dekabrın 28-də həyata keçirən “Anka 3” turbofan mühərrikli, gövdə daxilində silah sistemləri ehtiva edən, yüksək yük daşıma qabiliyyətinə malik, gizliliyə diqqət yetirən, quyruqsuz bir pilotsuz döyüş təyyarəsidir.

O, aşkarlama, müşahidə və kəşfiyyat, müxtəlif “hava-yer” sursatları ilə hücum, “hava-hava” sursatları ilə düşmənin helikopter, pərli təyyarə və pilotsuz uçuş aparatlarını nişan alaraq, ov daraması icra edə bilmə, düşmənin RF yayımı həyata keçirən radar və hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmə, havada və quruda dost qüvvələrə himayə, siqnal və rabitə kəşfiyyatı, radioelektron mübarizə, digər dost elementlərlə birlikdə əməliyyat və rabitə relesi kimi bir çox missiyanı yerinə yetirə biləcək.
“Anka 3”ün 2025-ci ilin əvvəlində Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Məzmunun sonuna gələrkən, məqaləmizi başladığımız kimi bitirək: “Türk yurdun dağlarında, meşələrində, düzənliklərində, dənizlərində, hər guşəsində elm və özünə inamla necə gəzir, dolaşırsa, yurdun səmasında da eyni şəkildə dolaşa bilməlidir. Bu isə türkü uşaqlığından vətən quşları ilə vətən havası daxilində yarışa alışdırmaqla başlar, bu gün burada bizi toplayan səbəb o müqəddəs işə başlama ayinidir. Türk uşağı! Hər işdə olduğu kimi aviasiyada da ən yüksək səviyyədə səmada səni gözləyən yeri qısa zamanda dolduracaqsan. Bundan əsl dostlarımız sevinəcək, türk milləti xoşbəxt olacaq”.
Metin Akpınar
Ordu.az