ABŞ-nin Afrikadakı yeni strategiyası: Labito dəhlizi

2024/12/1734760372.jpg
Oxunub: 693     17:31     23 Dekabr 2024    
ABŞ prezidenti Co Bayden səlahiyyət müddətinin bitməsinə 50 gün qalmış Anqolaya səfər etdi. Baydenin dekabrın 2-4-də Anqolaya bu səfəri həm də ABŞ prezidenti səviyyəsində ilk səfərdir. ABŞ prezidentinin Afrikaya sonuncu səfəri 9 il əvvəl olub.

Baydenin hakimiyyəti təhvil vermədən Anqolaya səfəri nə deməkdir?

Baydenin belə bir zamanda Anqolaya səfəri ABŞ-nin qarşıdakı dövrdə Afrika siyasəti ilə bağlı ipucları vermək baxımından əhəmiyyətlidir. Əslində bu səfər ABŞ isteblişmentinin Afrikaya marağının ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dövründə də davam edəcəyini və bunu uzunmüddətli strategiyaya çevirmək səylərini əks etdirir.

Trampın ABŞ xarici siyasətində əvvəlki dövründə Afrika ilə məhdud əlaqəsinin yeni dövrdə Çin və Rusiyanın təsirini tarazlaşdırmaq üçün daha strateji və dərin əməkdaşlığa çevriləcəyi gözlənilir. Bu səfər Tramp dövrü yaxınlaşarkən, ABŞ-nin Afrika siyasətində hansı elementlərə üstünlük veriləcəyini göstərir. ABŞ Afrika qitəsində iqtisadi maraqlarını qorumağı hədəfləyərkən, digər tərəfdən Çin və Rusiya kimi qlobal rəqiblərin qitədəki təsirini tarazlaşdırmaq üçün strategiyalara diqqət yetirməyə davam edəcək.

Baydenin Anqolaya səfəri zamanı təhlükəsizlik və ticarətlə bağlı ikitərəfli görüşlər ilə yanaşı, Lobito Dəhlizi Layihəsi, humanitar yardım və enerji sərmayələri əsas gündəm maddələri olaraq önə çıxdı. Bayden xüsusilə enerji və infrastruktur layihələri ilə Anqolanı Qərb mərkəzli təchizat zəncirlərinin mühüm mərkəzinə çevirməyə çalışır. Atlantik okeanında sahili olan Anqolanın bu kontekstdə Çinlə deyil, Qərb bloku ölkələri ilə əməkdaşlıq etməsi ABŞ üçün çox önəmlidir.

Əslində, bir-biri ilə linqvistik əlaqələri, ortaq mədəni mənşəyi və keçmişdə müstəmləkə əlaqələri olan Anqola, Braziliya və Portuqaliyanın Atlantik okeanında sahil mühafizəsi sahəsində ABŞ ilə əlaqə qurması mümkün ola bilər. Bir sözlə, Baydenin Anqolaya səfəri ABŞ-nin Afrikada iştirak edəcəyini və ABŞ isteblişmentinin bu kontekstdə yeni administrasiyaya siqnal verdiyini göstərir.

Lobito dəhlizinin ABŞ üçün əhəmiyyəti

Anqola, Konqo Demokratik Respublikası, Zambiya və Tanzaniyanı birləşdirən Lobito dəhlizi Hind okeanı və Atlantik okeanını birləşdirəcək. Lakin bu layihənin əhəmiyyəti göründüyündən də böyükdür. Əslində, layihə Çini tarazlaşdırmaq və Afrikadakı ticarət yollarını öz nəzarəti altında saxlamaq strategiyasından əlavə, ABŞ şirkətləri üçün həyati əhəmiyyət kəsb edən kobalt və mis kimi kritik mineralları və mədənləri də təmin etməyi hədəfləyir.

Bu dəhlizlə yanaşı, Anqola, Namibiya, Botsvana və Zambiya kimi ölkələrdən ibarət daha böyük bir ərazini əhatə edəcək vəhşi və təbii canlıların qorunma sahəsi də bu layihə ilə diqqət çəkir. Hələ gündəmdə olmasa da, almaz mədən bölgəsi kimi önə çıxan bu bölgə Trampın diqqətini çəkə biləcək yüksək iqtisadi gəlirli kritik sektorlara müraciət edir. Bu kontekstdə Lobito dəhlizi və vəhşi təbiətin mühafizəsi zonası altındakı almaz yataqları Trampın Afrikaya marağını canlı saxlamaq üçün son dərəcə əhəmiyyətli görünür.

Gələcək investisiya planları

Baydenin bu səfəri göstərir ki, Afrikada enerji və infrastruktur layihələrinə investisiya yatırmaq Çin və Rusiyanın təsirini tarazlaşdırmaq üçün zəruridir. 2025-ci ilə qədər ABŞ-nin Afrikaya daha çox qarışacağını və Afrikanın müxtəlif subregionlarında qlobal güc mübarizəsinin daha intensiv şəkildə yaşanacağını gözləmək olar.

Təbii ki, enerji sərmayələri, kritik infrastruktur və mineral ehtiyatlarla bağlı təşəbbüslər və strateji nəqliyyat marşrutlarıyla bağlı layihələrin ortaya çıxması ilə ABŞ-nin özəl sektorunda yer alan şirkətlərin qitə ölkələrinə investisiyalarının artması müzakirə mövzusu olacaq. Bundan əlavə, digər Qərb ölkələri ilə yaradılacaq konsorsiumlarla əlaqədar ölkələrə investisiyaların artacağını gözləmək olar.

Türkiyə ilə əməkdaşlıq potensialı

Türkiyə ilə ABŞ-nin qitədə əməkdaşlıq edəcəyi ehtimalı yüksək görünür. Çünki Türkiyənin Afrika siyasəti qitədə açıq şəkildə cavab alır. Bu gün bir çox xarici aktorlar geosiyasi məqsədlər üçün Afrikadadırlar. Ancaq Türkiyə Afrikada olduğu üçün geosiyasətə baxır. Bir sözlə, Afrika digər aktorlar üçün hədəf olduğu halda, Türkiyə üçün strateji imkanlar sahəsidir.

Bu vəziyyət qitədəki cəmiyyətlər arasında Türkiyəyə sosial dəstək yaratmağa imkan yaradır. Ona görə də Türkiyənin Afrikada arzu olunan ölkəyə çevrilməsinin ABŞ üçün də əhəmiyyətli bir fürsət olduğu düşünülür. Bu kontekstdə ABŞ-nin Tramp dönəmində Türkiyə ilə regional əməkdaşlığa yer açacağını gözləmək olar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Labito-dəhlizi   Afrika  


Bizi "telegram"da izləyin