Suriyada Türkiyənin REM sistemlərindən istifadə edildiyi iddia edilir

2024/12/2024--1734517706.jpg
Oxunub: 647     19:27     19 Dekabr 2024    
Suriyada Əsəd rejiminin hərbi telekommunikasiyalarının zərərsizləşdirilməsinə Türkiyənin Radioelektron Mübarizə (REM) sistemlərinin böyük töhfə verdiyi bildirilir.

Ordu.az xəbər verir ki, Suriyada başda “Heyət Təhrir əş-Şam” (HTŞ) və digər müxalif qruplar olmaqla, rejimi devirmək üçün davam edən hücumun başlamasından etibarən Fransa Hərbi Kəşfiyyat İdarəsinin (DRM) Kipr və İordaniyanın Mafrak şəhərindəki regional siqnal pozma və bloklama sistemlərinin (SIGINT) Türkiyənin İdlib bölgəsində həyata keçirdiyi əsas siqnal pozma əməliyyatlarını müşahidə etdiyi qeyd edilir.

“Intelligence Online” (IO) tərəfindən verilən məlumata görə, rejim ordusunun əsas komanda mərkəzlərini hədəf alan bu əməliyyatların bir neçə gün davam etdiyi və rejimin kommunikasiyalarını iflic etmək məqsədi daşıdığı bildirilib.

Vurğulanır ki, REM ilə hədəf alınan sistemlər Rusiyanın “Rostec” şirkətinin müxtəlif törəmə şirkətləri tərəfindən istehsal olunan “Arakhis” və “Azart” kimi radio və rabitə sistemləridir.

Bundan əlavə, IO sözügedən rabitə sistemlərinin Türkiyənin REM sistemləri üçün açıq kitab olduğunu vurğulayır.

Digər tərəfdən, Ukraynada ələ keçirilən və NATO-nun Avropadakı bazalarında təhlil edilən eyni tip rabitə vasitələri sayəsində NATO daxilində böyük miqdarda texnoloji kəşfiyyat mübadiləsinin həyata keçirildiyi də iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   REM  


Bizi "telegram"da izləyin