Türkiyənin PUA-sının hazırlanmasına dair imza 2004-cü ildə imzalanıb. Dizayn və istehsal işlərinə 2007-ci ildə başlanılıb. “Anka” anqardan ayrılaraq, ilk uçuşunu 2010-cu ildə edib. 2017-ci ildə inventara daxil olub. Türkiyənin ilk PUA-sı olan “Anka” öz kateqoriyasında dünyanın ən yaxşı əməliyyat sistemlərindən birinə çevrilib.
TUSAŞ “Anka” layihəsini təhlükəsizlik qüvvələrinin kəşfiyyat, müşahidə, hədəfin müəyyən edilməsi, aşkarlanması, identifikasiyası və izlənilməsi ehtiyaclarını qarşılamaq üçün hazırlayıb. Bu illər ərzində “Anka”lar radioelektron mübarizə, suüstü döyüş, “hava-yer” hücumu və kəşfiyyat toplama kimi bir çox funksiya qabiliyyətləri qazanıb.
Modellər ehtiyaca görə müxtəlifdir
“Anka-A”, “Anka-B”, “Anka-S” və “Anka-I” olmaqla, 4 ayrı model hazırlanıb. 2013-cü ildə zərbə PUA-sı olaraq qəbul edilən “Anka-A” ilk missiya uçuşunu 2016-cı ildə edib. “Anka-A”nı milli kamera və milli radar sistemi inteqrasiya edilən “Anka-B” izləyib. “Anka-B” 2017-ci ildə zərbə PUA-sı funksiyasını qazanıb. Eyni vaxtda hazırlanan “Anka-S” TÜRKSAT 4B ilə inteqrasiya olunub.
Beləliklə, o, Türkiyənin peykdən idarə oluna bilən ilk PUA-sı olub. Bu 3 modelin ardınca havadan elektron kəşfiyyat toplaya bilən “Anka-I” hazırlanıb. 2018-ci ildə TUSAŞ öz yerli və milli mühərrikini “Anka”ya inteqrasiya edib. İstehsal edilən PUA-lar və zərbə PUA-ları hava, quru və dəniz qüvvələri komandanlıqlarının himayəsində bir çox mühüm vəzifələr daşıyıb.
“Anka”lar hərbi əməliyyatlarla yanaşı fəlakətlərdə də fəal rol oynayıb
Türkiyə Silahlı Qüvvələri və MİT “Anka”dan transsərhəd əməliyyatlarında və terrorla mübarizədə istifadə edib. O, polis və jandarma əməliyyatlarında fəal rol oynayıb. Yalnız hərbi əməliyyatlarda deyil, yanğın və zəlzələ kimi fəlakətlərdə də istifadə olunub və istifadə olunmaqdadır. Keçən müddət ərzində onlarla “Anka” istehsal edilərək, müdafiə və təhlükəsizlik inventarına daxil edilib. Ümumi istehsal hədəfi 2024-cü ilin sonuna qədər 140 olaraq təyin olunub. Tunislə başlayan ixrac prosesi Qazaxıstan və Malayziya kimi dost ölkələrlə də davam edib.
TUSAŞ “Anka”nı daim təkmilləşdirir
TUSAŞ zamanla PUA hədəflərini yeniləyib. Yüksək faydalı yük daşıma qabiliyyətinə malik “Aksungur” “Anka” platformasından istifadə etməklə hazırlanıb. Qazanılan mühəndislik bilikləri “Anka-3” pilotsuz döyüş təyyarəsinə aparan prosesi sürətləndirib. “Anka-3” ilk uçuşunu 2023-cü il dekabrın 28-də edib. Uçuş tamamilə avtonom olaraq həyata keçirilib və eniş avtomatik icra edilib.
Dəyanət Ağalarlı
Ordu.az