Türkiyə müdafiə sənayesinin ən kritik layihələrindən bəziləri milli imkanlarla hazırlanan hava platformalarıdır. Ancaq Ankaranın “Kaan”, “Hürkuş”, “Hürjet”, “Kızılelma”, “Anka-3” kimi dəyərli layihələr üçün bir az daha vaxta ehtiyacı var. Türkiyənin “keçid dövrü” adlandırılan bu dövrdə ehtiyac duyduğu hava platformaları üçün necə həll yolları tapacağı sualı önəmlidir. Gülərin Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında verdiyi açıqlamalarda sözügedən proseslə bağlı çox dəyərli məlumatlar var.
Bir tərəfdən uzun müddətdir gözlənilən F-35-lərlə bağlı yeni inkişaflar, digər tərəfdən ABŞ-dən sifariş edilən F-16 döyüş təyyarələri ilə bağlı son vəziyyət və nəhayət ləğv edilən modernizasiya dəstləri məsələsi... Gülərin açıqlamalarından yola çıxaraq, ən çox verilən üç suala və onların cavablarına birlikdə baxaq.
ABŞ Türkiyəyə F-35 verəcəkmi?
Bu gündən elə bir proses var ki, biz bu suala nə hə, nə də yox deyə bilərik. Ancaq Gülərin açıqlamalarında çox açıq şəkildə vurğuladığı bir hissə var. Ankara ABŞ administrasiyasına təklifini yenidən təqdim edib və bir daha F-35 döyüş təyyarələri almaq istəyini nümayiş etdirib.
Hər nə qədər ictimaiyyətdə “Türkiyə 40 ədəd F-35 alacaq” yazılsa da, vəziyyət belə deyil. Türkiyə milli müdafiə nazirinin F-35 təyyarələri ilə bağlı açıqladığı rəqəm yoxdur. O, pulu ödənilən 6 ədəd F-35-in ABŞ-də olduğunu xatırlatdı. Gülər, həmçinin Türkiyənin milli döyüş təyyarəsi “Kaan”ın istehsal prosesindən sonra Vaşinqtonun qərarını yumşaldaraq, F-35-lər vermək istədiyini deyib.
F-35 haqqında son bir qeyd edək və F-16-ya keçək. Əvvəlki illərdə Türkiyə ABŞ-dən ilkin mərhələdə 30 ədəd F-35 sifariş etmişdi. Ümumilikdə 100 ədəd F-35-in alınması planlaşdırılırdı. Onu da əlavə edək ki, bir müddət F-35 B seriyasının alınacağı açıq şəkildə müzakirə olunsa da, bununla bağlı rəsmi sifariş olmayıb.
Türkiyə F-16 döyüş təyyarələrinin “Blok 70” versiyasını alacaqmı?
Türkiyənin inventarında F-16-ların müxtəlif versiyaları var. Onları “Blok 30”, “Blok 40”, “Blok 50” və “Blok 50+” kimi sadalamaq mümkündür. Türkiyə öz döyüş təyyarəsini istehsal edənə qədər parkını yeniləmək və mümkün olan ən yeni versiyasını almaq üçün F-16-nın “Blok 70” versiyasını ABŞ-dən istəyib. Gülərin açıqlamalarından görürük ki, bu alışda heç bir dəyişiklik yoxdur. Plana görə, Türkiyə ABŞ-dən 40 ədəd F-16 “Blok 70” alacaq. Bu təyyarələrin çatdırılma tarixi hələ müəyyən edilməyib. Əsasən 2028-ci ildən danışılır.
Türkiyə F-16-nı öz imkanları ilə modernləşdirə bilərmi?
Bu suala verdiyimiz “hə” cavabı əslində Türkiyənin müdafiə sənayesində əldə etdiyi ən böyük nailiyyətlərdən birinə işarə edir. Ankara uzun müddətdir ki, dünyanın ən mühüm döyüş təyyarələrindən sayılan F-16-ların istehsalında mühüm rol oynayır.

Modernləşmə məsələsi üçün açılmağa layiq mötərizələr də var. İlk öncə xatırladaq ki, Türkiyə F-16 “Blok 30” üçün “Özgür” layihəsi adı altında çox ciddi struktur modernləşdirmə aparıb. Eyni şəkildə F-16 “Blok 40” versiyasında da avionika baxımından çox dəyərli bir modernləşmə əldə edilib. Yəni deyə bilərik ki, modernləşmə baxımından Türkiyənin əlləri doludur.
Gülərin bu proseslə bağlı verdiyi mühüm bir detal var. O, Ankaranın ABŞ-dən tələb etdiyi sursatları alacağını, lakin modernləşdirmə dəstlərindən imtina etdiyini bildirib. Əvvəlcə bu iki proses üçün təxminən 23 milyard dollar büdcə nəzərdə tutulmuşdu. Yenə Gülərin sözlərinə görə, sursat məsələsi üçün təxminən 6-7 milyard dollar ödəniş ediləcək. Sadə riyaziyyatla Türkiyənin bu ləğvdən qənaət edəcəyi pulun 15-16 milyard dollar olacağı ortaya çıxır.
F-16 “Blok 70”in ticarət nişanında olan AESA radarı. Türkiyə hazırda ASELSAN vasitəsilə təyyarəyə çox fərqli bir qabiliyyət qazandıran bu radarı inkişaf etdirir. Sektorda “Block 70”lər üçün 2028-ci ilə qədər gözləyəcəyik. Dəstlər üçün o qədər də gözləməyə ehtiyac yoxdur. Bildirilir ki, Türkiyənin bu pulu öz istehsalına köçürə biləcəyi və həmin tarixə qədər AESA radarını özü istehsal edə biləcəyi fikri üstünlük təşkil edir.

Əgər bu prosesdəki plan işləsə və ASELSAN-ın imzaladığı AESA radarı həmin tarixə qədər inventara qəbul edilə bilsə, Türkiyə nəinki milli miqyasda çox əhəmiyyətli bir sistem istehsal edəcək, həm də öz təyyarəsi üçün böyük qazanc əldə edəcək. Maraqlananlar üçün “Kaan” ilə bağlı son mötərizəni açaq... Nə vaxt xaricdən təyyarə alınması müzakirə olunsa, hər kəsin ağlına belə bir sual gəlir: “Kaan” layihəsi bu prosesdən mənfi təsirlənəcəkmi? Türkiyənin planında “Kaan” nə F-35, nə F-16, nə də “Eurofighter”ə alternativ deyil.
Görünən odur ki, Ankara hansı qiymətə olursa-olsun, “Kaan” üçün işini tam sürətlə davam etdirəcək. Bu səbəbdən layihəyə ümumiyyətlə ziyan dəyməsi gözlənilmir. İlk yol xəritəsində F-35 və “Kaan”ın “Mavi” Vətən”də (Türkiyədəki dənizlər) birlikdə xidmət etməsi arzu edilirdi. ABŞ tərəfi yenidən problem yaratmasa və arxa planda verilən vədlərə əməl edilsə, görünür, gələcəkdə bu məqsəd reallığa çevrilə bilər.
Dəyanət Ağalarlı
Ordu.az