“Asaf” 155 CCF Məsafə Düzəltmə Sistemi nədir, onun xüsusiyyətləri nələrdir?

2024/11/asaf--1732607400.jpg
Oxunub: 683     15:47     09 Dekabr 2024    
155 mm-lik artilleriya sistemlərinin dəqiqliyini artırmaq üçün ASELSAN tərəfindən hazırlanmış “Asaf” 155 CCF Məsafə Düzəltmə Sistemi nədir? Onun xüsusiyyətləri nələrdir?

Konvensional artilleriya döyüş sursatı ilə atış zamanı döyüş sursatının lülədən çıxış sürətindəki fərqlərə görə zərbə nöqtəsi hədəfdən kənara çıxır. “Asaf” 155 CCF Məsafə Düzəltmə Sistemi sursatın uçuş yoluna düzəlişlər tətbiq edir, sursatın düşmə nöqtəsində görünən məsafə dispersiyasını azaldır və artilleriya atəşinin zərbə effektivliyini artırır.


“Asaf” 155 CCF çoxməqsədli artilleriya başlığı kimi nəzərdə tutulub və dəqiq zərbə başlığı, gecikməli başlıq, yaxınlaşma başlığı, zaman tənzimləməli elektron başlıq ehtiva edir. Bu çoxyönlü struktur sayəsində “Asaf” 155 CCF müxtəlif əməliyyat ssenarilərində maksimum çeviklik və effektivlik təmin edir.

“Asaf” 155 CCF Məsafə Düzəltmə Sistemi konvensional başlıq ölçülərində hava əyləclərinə malik çoxməqsədli başlıqdan, atəş platformasına quraşdırılmış atəşə nəzarət sistemi ilə inteqrasiya olunmuş simsiz göndəricidən və başlığı tələb olunan funksiyaya uyğun proqramlaşdıracaq başlıq proqramçısından ibarətdir.

Lülədən çıxış sürəti artilleriya sisteminin ilk sürət ölçmə radarı ilə müəyyən edilir. Sursatın lülədən çıxış sürəti nəzərə alınmaqla, sursat başlığında hava əyləclərinin açılma vaxtı hesablanır və naqilsiz sursata ötürülür. Son mərhələdə hava əyləclərinin açılması ilə məsafənin paylanması yaxşılaşdırılır və sursatın effektivliyi artır.

“Asaf” 155 CCF Məsafə Düzəltmə Sistemi anbarda mövcud 155 mm-lik sursatların (M107, MOD274, K307) effektivliyini artıran ucuz həlldir. “Fırtına” sistemi ilə istifadə üçün uyğundur. Sistemi 155 mm-lik döyüş sursatı ilə eyni başlıq interfeysinə malik 105 mm-lik artilleriya döyüş sursatları ilə, habelə müasir atəşə nəzarət sistemi və ilk sürət ölçmə radarına malik “Fırtına” xarici 105/155 mm-lik artilleriya sistemləri ilə də istifadə etmək mümkündür.


“Asaf” 155 CCF Məsafə Düzəltmə Sisteminin ümumi xüsusiyyətləri:

Hava əyləcləri ilə məsafədə ballistik düzəltmə
İlk sürətin ölçülməsinə əsaslanan havada proqramlaşdırma
GPS-dən asılı olmayan həll
Sursatla simsiz elektromaqnit rabitəsi
Çoxməqsədli başlıq funksiyaları (həssas, gecikməli, yaxınlaşmalı və zaman tənzimləməli)


“Asaf” 155 CCF Məsafə Düzəltmə Sisteminin üstünlükləri:

Yüksək zərbə səmərəliliyi
Sürpriz təsirli hücum imkanı (yüksək ilk atışda zərbə ehtimalı)
Hədəf olmayan elementlərə minimal ziyan
Aşağı logistika yükü (daha az döyüş sursatı istifadəsi)
İqtisadi (mövcud sursatlara tətbiq oluna bilən)


Texniki xüsusiyyətlər (155 mm-lik silah/sursat nəzərə alınıb):

Çap: 155 mm
Dairəvi sapma ehtimalı (CEP) dəyəri: <50m (məsafədən asılı olmayaraq)
Lülə ön təhlükəsizliyi: ≥100m
İşləmə temperaturu: -32°C/+50°C
Saxlama temperaturu: -54°C/+71°C
Uyğun döyüş sursatları: M107, MOD274, K307
Platforma: “Fırtına”


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Asaf   155-CCF   ASELSAN  


Bizi "telegram"da izləyin