Ordu.az-ın Qərb bürosunun məlumatına görə, Bilal Qəhrəman oğlu Qəhrəmanov 2 iyun 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub.
Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsinə qalxanlardan biri olub. O, Ağdam, Ağdərə, Ağcabədi istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, dəfələrlə fərqlənib. 1990-cı ildə Kalilinqradda hərbi təhsil almağa getsə də, erməni təcavüzünü, vətənimizin darda olduğunu eşidən Bilal təhsilini yarımçıq qoyaraq, könüllü olaraq torpaqlarımızın müdafiəsinə qoşulur. Onun ilk döyüşü Fərrux dağı uğrunda olub. Bu döyüşdə iki qəlpə yarası alır.
Həkimlər qəlpələrdən yalnız birini çıxara bilirlər. Bilal döyüş yoldaşlarının çətin vəziyyətdə olduğunu eşidən kimi xəstəxanada müalicəsini yarımçıq qoyaraq, cəbhəyə gedir. Bu dəfə ağır yaralanaraq, üç sutka tək döyüşür, xeyli düşməni məhv edir. 1992-ci ilin iyununda Ağdərə döyüşlərinin birində Bilal xəbər tutur ki, 6 nəfər əsgərimiz mühasirəyə düşüb. O, yoldaşları ilə döyüşə atılaraq, mühasirəni yarır, düşmən postlarını darmadağın edərək, əsgərləri xilas edir. 1994-cü il yanvarın 4-də isə Ağdam rayonunun Qarakənd kəndinə “Çeyl yüksəkliyi” adlanan yerdə itkin düşüb. 24 yaşlı Bilal həmin döyüşdə düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edərək, öz döyüş yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına həlak olub.
Bilal oxuduğu müddətdə, istərsə də hərbi xidməti dövründə valideynləri onun haqqında ancaq tərif eşidərdi. O, qohum-əqrabasının və kənd camaatının sevimlisi olub. Onun qalıqları düz 30 il sonra Şuşa şəhərinin Dəhraz kəndi ərazisində aşkar edilib. Bilal Qəhrəmanovla vida mərasimi onun doğulub boya başa çatdığı Gədəbəyin Qızılqaya kəndindəki yaşadığı ünvanda keçirildi. Kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhid Bilal Qəhrəmanov Gədəbəy şəhidlər xiyabanında dəfn edilib. Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edildi.
Qeyd edək ki, çavuş Bilal Qəhrəmanov ölümündən sonra “hərbi xidmətə görə” medalı ilə təltif olunub. Doğulub boya-başa çatdığı kənddəki orta məktəb indi onun adını daşıyır.
Cümşüd Məmmədov
Ordu.az