Ötən il Azərbaycan Prezidentinin qurumun Şurasının iclasında iştirak etməsi Avrasiya İqtisadi Birliyində (AİB) Azərbaycanla təkcə ticarət-iqtisadi deyil, həm də siyasi əlaqələrə önəm verildiyinin göstəricisidir. “Ən yüksək səviyyədə etibarlı və intensiv siyasi dialoq bunun bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan, Qırğızıstan və Belarus Prezidentləri Azərbaycana dövlət səfərinə gəliblər, Azərbaycan Prezidenti isə Rusiyaya işgüzar səfər edib”, - deyə Azərbaycan Baş naziri bildirib.
Vurğulanıb ki, Azərbaycanın tərəfdaş ölkələrinin hər biri ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə qarşılıqlı münasibətlərin mütərəqqi inkişafını təmin edən çox möhkəm ikitərəfli müqavilə-hüquq bazası yaradılıb. İqtisadi-ticari əməkdaşlıq sahəsini qarşılıqlı fəaliyyətin prioritet istiqaməti adlandıran Ə.Əsədov qeyd edib ki, 2023-cü ilin yekunlarına görə Azərbaycanın AİB üzrə tərəfdaşlarla ticarət dövriyyəsi təxminən 9% artıb.
Bununla belə, Baş nazir çıxışının sonunda daha diqqətçəkən müşahidə apararaq, MDB çərçivəsində əməkdaşlığı vurğulayıb. Təbii ki, Azərbaycan Avrasiya inteqrasiyasını daha geniş perspektivdə təsəvvür edir. Vladimir Putin yenidən prezident vəzifəsinə seçildikdən sonra yeni siyasi mərhələdə Rusiya və postsovet məkanında qurulmuş müstəqil dövlətlər arasında yeni münasibətlərin prioritetliyindən danışıb.
Mümkündür ki, Baş nazir Bakının kommunikasiya və logistika “qovşağı” olmasına imkan verəcək məhz bu perspektivi nəzərdə tutur. AİB ilə sıx əməkdaşlıq şəraitində postsovet məkanında regional qovşaq statusuna nail olmaq Azərbaycan üçün əldə edilə bilən hədəfdir. Xüsusilə ona görə ki, rəsmi Bakı İran körfəzinin ərəb ölkələri ilə də əlaqələri gücləndirir.
Bu fonda Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfər edib və burada ölkəsinin BRICS təşkilatına üzv olmağa hazır olduğunu bəyan edib. O, Türkiyənin bu il Nijni Novqorodda keçiriləcək BRICS sammitində iştirak edəcəyinə və nəyin mümkün olduğunu anlamağa çalışacağına ümid etdiyini bildirib. BRICS Qərb iqtisadiyyatı ilə rəqabət aparmaq üçün təsirli potensiala malik olan nüfuzlu beynəlxalq strukturdur. Problem Türkiyənin NATO üzvü olmasıdır.
Güman etmək olar ki, Türkiyənin xarici işlər naziri Pekində müəyyən müzakirələr aparıb, əks halda o belə bir açıqlama verməzdi və ya Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl Türkiyənin həmişə alternativə sahib olduğu siqnalını verib. NATO-nun qeyri-rəsmi nazirlər sammitindən sonra Türkiyənin xarici işlər naziri bildirib ki, Ukrayna nizamlanması məsələsində yalnız hərbi komponenti vurğulamaq olmaz, diplomatik rıçaqlardan da istifadə etmək lazımdır.
Türkiyə BRICS ilə münasibətləri formallaşdırmağa nail olsa, Azərbaycanın postsovet məkanında əhəmiyyəti daha da artacaq. Burada Rusiya-İran və Rusiya-Türkiyə quru kommunikasiya tənzimləməsi hədsiz dərəcədə vacib olacaq.
Aqil Məmmədov
Ordu.az