Xocalıya gedən yol... Sevinc, kədər, qürür, nisgil bir-birini əvəzləyir – REPORTAJ (FOTOLAR)

2024/03/14-1711613744.jpg
Oxunub: 1237     12:38     28 Mart 2024    
Anti terror əməliyyatından sonra düşmən tapdağından tamamilə azad edilən Bütöv Azərbaycanımızın Qarabağ ərazisinə səfərimiz davam edir. Bu dəfə yolumuz Xocalı rayonu ərazisinədir.

Azərbaycan əsgərinin tariximizin ən şanlı səhifəsini yazdığı, can verib, can aldığı, qanı ilə torpağını suvardığı, günahsız körpələrin üzündə təbəssümünün donduğu bu yerə gedirik.

Ordu.az saytı əməkdaşımızın Qarabağ bölgəsinə səfərinin təəssüratlarından bəhs edən növbəti yazını təqdim edir.


Ağdərə bölgəsində olduğu kimi, burada da yol boyu düşmənin keçilməz adlandırdığı, tikanlı məftillərdən çəkilən səddlər uzanır. Uzun illər mifləşdirilən, lakin hələ 2016-cı ilin aprelində Azərbaycan ordusunun cəsarətlə dəf edib ayaqları altında tapdalayaraq zəfər qazandığı bu sədd indi bizə sıradan, heç bir əhəmiyyəti olmayan xətt təsiri bağışlayır. Ağdamın Qarağacı qəbristanlığının yanından keçib irəliləyirik. Adını qürurla anıb, qarşısında baş əydiyimiz şanlı ordumuzun ayaq izləri dəyən yoldan keçirik. Hər addımında soydaşlarımızın şəhid edildiyi yerlər bizə yad olmasa da ilk dəfə ayaq basdığımız bu yerlərdə bizi indi şad olan ruhlar qarşılayır.


90-cı illərin əvvəllərindən başlayaraq ermənilərin Əsgəran qəsəbəsi ərazisindən ən çox atəş altında saxladıqları Qarağacı qəbristanlığının yanında dayanırıq. Bir vaxtlar Ağdamın ən böyük məzarlıqlarından olan bu yerdə indi tək-tək sinə daşları gözə dəyir. Ermənilərin vəhşiliklə ad çıxardıqları bütün təhqir cizgilərini bu soyuq daşlarda oxumaq olur. Bir neçə dəqiqə burada dayanırıq. Qarşımızda duran acı mənzərəni ürək ağrısıyla seyr etdikdən sonra yolumuza davam edirik.

Artıq Əsgəran qəsəbəsindəyik. Uzun illər həsrətini çəkdiyimiz, nisgilin, kədərin bir birinə sarmaş-dolaş olduğu, bu gün isə isti nəfəsimizlə az qala dilə gələcək sevincin gül açdığı bir yerdəyik. Əsgəran qəsəbəsinə daxil oluruq. Qəsəbədə sanki bir nigarançılıq və süslük höküm sürür. Lakin qəsəbədə aparılan işlər, tez-tez burdan şütüyən avtomobillər, ötən maşınlardan ara-sıra başını çıxarb “Eşq olsun Azərbaycan Ordusuna, var olsun Ali Baş Komandan” sözləri qəsəbədəki binaların divarlarında əks-səda verir. Qəsəbənin içərisindən keçən mərkəzi yolla irəliləyirik. Budur, uzaqdan tarixi Əsgəran qalasını aydın görürük. Əsgəran qəsəbəsinə səfərimiz qala divarlarını ziyarətlə başladı. Qəsəbənin içərisindən sola dönüb, Qarqar çayının sol sahilinə keçirik. Bu yerə gəlməyimiz də təsadüf deyil. Burada 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin kütləvi basdırıldığı yeri ziyarət edirik. Qeyd eləmək yerinə düşərdi ki, kütləvi məzarlıq antiterror əməliyyatı zamanı Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilən və Xocalı sakinlərinin kütləvi qətliamının yaxın iştirakçısı olan Rəşid Beqlaryanın istintaqa verdiyi ifadəsi zamanı üzə çıxarılıb. 2024 cü ilin fevral ayında aparılan qazıntı işləri nəticəsində Rəşid Beqlaryanın ifadəsi öz təsdiqini tapır və burada kütləvi məzarlıq aşkar edilir.


Ayağımızı basdığımız hər bir qarışa xüsusilə diqqət etməyə çalışırıq. Addımımızı asta atır, danışanda sakit tonla səsimizi çıxardırdıq. Mənə elə gəlirdi ki, hər ucadan dediyimiz bir söz, hər atdığımız bir addım burada illərdir bir-birinin qoynunda yatan, uzun illərdir sümükləri də bir-birinə qarışaraq doğmalaşan soydaşlarımızın onsuz da narahat ruhlarını bir daha narahat edər. Hər nə qədər tapılan qalıqlardan sonra o ruhların rahat olmasını düşünsək də, olduqca acı bir mənzərədir. Qala divarlarının soyuq üzü, yamac boyu bitən kiçik kollar, ətrafa zəif çökən duman sanki adamı o dəhşət dolu gecəyə aparır. Günahsız insanların o şaxtalı gecədə keçdikləri yolu, çəkdikləri əzabı düşündükcə süstəlirsən. Adamın iliyinə qədər çökən kədər hissləri bədənini üşüdür. Qeyri-ixtiyari yaşaran gözlərini silməyə belə cürəti çatmır adamın. Sənə elə gəlir ki, narahat ruhlar incik halda qınayır səni. Elə düşünürsən ki, ətrafda anidən yaranan mənzərə, kolların üstündə hörümçək torunda dumanın yaratdığı kiçik damcılar, o dəhşətli gecədə sinəsini dağıdan güllənin acısından qıvrılan körpələrin gözündə donan göz yaşlarıdır.


Bu ağır duyğularla narahat ruhların uyuduğu məkandan ayrılırıq. Qala divarlarından uzaqlaşdıqca, sanki insanın özünün də uzaqlaşan ruhu bu yerlərdə qalır. Əsgəran qəsəbəsini çıxırıq. Qala divarlarının çayın sağ sahilindəki qalıqlarında ermənilərin dağıntılarının izləri diqqət çəkir. Kənara səpələnən məlumat lövhələrində bəzi saxtalaşdırılan yazılara rast gəlirik. Qalanın əsl tarixini təhrif edən ermənilər buranın “Azadlıq qalası” adıyla guya özlərinə məxsus olması və tarixinin çox qədim olması barədə yalan informasiyalar verirlər. İşğal dövründə Ermənistan Əsgəran qalasını özünküləşdirmək məqsədi ilə tarixi abidənin görkəminə ciddi zərər vurub. Hər nə qədər saxtalaşdırılmağa cəhd edilsə də, Əsgəran qalasının dəqiq tikilmə tarixi və kimin sifarişi ilə inşa edilməsi barədə tarixi mənbələrdə kifayət qədər məlumatlar öz əksini tapır.

Dirçələn və inkişaf edən Xocalı


Xocalıdayıq. Hər yandan bir canlanma, hiss edilir. Şəhər sözün əsl mənasında tikinti meydançasını xatırladır. Hər tərəfdə iri texnikaların gurultusu, tikinti materialları daşıyan yük maşınları, müxtəlif şirkətlərin əməkdaşları gözə dəyir. Bir sözlə, Xocalıda yenidənqurma və abadlıq işləri geniş vüsət alıb. Görülən işlərin gözəlliyi göz oxşayır. Xocalı qarış-qarış, addım-addım böyüyür inkişaf edir. Şahidi olduğumuz tikinti işləri təkcə bir şəhərin qurulması deyil, həm də sinəsinə çəkilən dağların zərrə-zərrə qaysaq bağlamasına bir işarədir. Hər nə qədər bu pozitiv mənzərəyə köklənsək də, eşitdiyimiz bir xəbər bizi yenidən məyusluq çökəyinə çəkir. Su xəttinin çəkilməsi zamanı, keçmiş xalça kombinatının ərazisində tapılan insan sümüklərinin qalıqları, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin yaralarını sinəmizə deyil, ruhumuza vurduğuna bir daha sübutdur. Dünyada elə dərdlər var ki, zaman onu sağaltmasa da, qaysaq bağlayır. Amma Xocalı dərdi heç vaxt nə sağalacaq, nə də qaysaq bağlayacaq. Qarışıq duyğular yaşayırıq Xocalıda. Sevinc, kədər, qürür, nisgil bir-birini əvəzləyir. Çünki müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə layiq olduqları məğlubiyyəti yaşatdılar. Şəhidlərimizin qisası alındı. Həsrət bitdi, dərd isə qaldı. Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin, insanlığın əbədi dərdi, yarası oldu. Anlaşılan odur ki, ruhumuza vurulan bu yara tarix boyu sağala bilməyəcək.


Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, evlərə birləşdirmə işi aparılır. Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir.

Bir sözlə, yəqin edirsən ki, başımıza gələn faciələrin yasına bürünüb, ruhdan düşməməlisən, gördüyümüz hər bir mənzərə bizi daha mətin, daha dözümlü, daha mübariz bir ruhda yaşatmalıdır. Biz bir daha düşmənə sübut etdik ki, “Bizi öldürməyən zərbə daha da güclü edir”, biz düşmənin bütün məkrlərinə rəğmən “Bir ölüb, min dirilirik”, biz tarix boyu hər dəfə dirçəlməyimizlə də düşmənin qorxulu kabusu olmağımızı sübut edirik.


Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xocalı   Əsgəran   Qələbə   ABK   Ordu  


Bizi "telegram"da izləyin