“Hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini, Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinə və Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünə hörmətini təsdiqləyib", - deyə Mişel bəyan edib.
Əslində, Mişelin ifadəsi Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıması deməkdir. Qeyd edək ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması halı son dövrlərdə formal mənada da olsa, Ermənistanın diskursuna çevrilib. Burada isə bu qarşılıqlı tanınmanın əsasını təşkil edən hal diqqətə layiqdir.
Yumşaq desək, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olub-olmaması məsələsi tamamilə bitib. Bu məsələ heç vaxt Ermənistanın və seperatçıların istəyi və ya şıltaqlığı çərçivəsində nəzərdən keçirilməyib, siyasi məqsədəuyğunluğa, beynəlxalq hüquqi və siyasi bazaya görə yekunlaşıb. Ona görə də nəinki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, digər beynəlxalq qurum və səlahiyyətlilər də həqiqətən balanslaşdırılmış mövqe sərgiləmək istəyirlərsə, o zaman bölgədə seperatizmi gücləndirən formuldan çəkinməli, ondan imtina etməlidirlər.
Ümumiyyətlə, Brüssel platformasında uzun aylıq fasilədən sonra baş tutan növbəti görüş daha bir məsələ ilə yadda qaldı. Azərbaycanın Fransa ilə bağlı tələbləri tam olaraq qəbul edildi və format 3 tərəfli şəkil aldı. Böyük ehtimalla, İrəvan bu formatda görüşə, növbəti dəfə Kişinyovda, Fransa və Almaniyanın iştirakı ilə 5 tərəfli görüşün keçiriləcəyi düşüncəsi ilə razılıq verib. Atılan bütün müsbət addımlara baxmayaraq, İrəvan Fransa və Almaniyanın iştirakı ilə keçirilən görüşdə Mişelin görüşdən sonrakı bəyanatlarında qeyd etdiyi və tərəflərin də təsdiqlədiyi hüquqi və siyasi məzmunu pozmağa çalışacaq. Vurğulamaq lazımdır ki, Kişinyovda İrəvan tərəfindən Brüssel formatına tamamilə zidd bəyanatların veriləcəyi və məsələn, qondarma "status"un müzakirə olunacağı istisna olunmur. Hal-hazırda vəziyyət çox incədir və İrəvanın istər hərbi, istərsə də siyasi təxribatlarına qarşı əhəmiyyətli şəkildə idarə olunur.
Aqil Məmmədov
Ordu.az