Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Hazırda Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
Ermənistan hər zaman olduğu kimi, indi də törətdiyi təxribatı Azərbaycan silahlı qüvvələrinin üzərinə atmağa cəhd göstərir. Qüvvələrimizin guya hərbi əməliyyatlara hazırlaşdığı, habelə tibb maşınına atəş açılması barədə ənənəvi dezinformasiyalar yayır. Bütün bunlara paralel olaraq, Ermənistanın İran istehsalı Pilotsuz Uçuş Aparatlarından istifadə etməsi barədə məlumatlar da mövcuddur. Lakin Ermənistan Müdafiə Nazirliyi Dığ istiqamətində olduğu kimi bu məlumatı da təkzib edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənisatnın hərbi təxribatı ilə bağlı bəyanat yayıb və beynəlxalq ictimaiyyətə çağırış edilib: “Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”.
Ermənistanın hərbi təxribatı Vaşinqtonda 4 günlük görüşdən sonra, Brüssel, Kişinyov və Moskvada elan edilmiş görüşlərdən əvvəl baş verir. Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə getmək qərarını ləğv etmədiyini, eyni zamanda orada sülh sazişinin imzalanmayacağını bəyan edib. Təbii ki, rəsmi İrəvan bu bəyanatlarla sülhə sadiq olmadığını nümayiş etdirir, ölkənin destruktivliyini vurğulayır. Burada əsas məsələ, məsələn, bazar günü Brüsseldə keçiriləcək İlham-Əliyev-Mişel-Paşinyan görüşündə İrəvanın hərbi diplomatiyasının necə reaksiya alacağıdır.
Maraqlıdır ki, təxribata “paralel” olaraq Ermənistan-Azərbaycan probleminin də müzakirə olunduğu Blinken-Mişel telefon danışığı ilə bağlı məlumat yayılıb və onlar sülhün dəstəklənməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Sülhə təhlükə yaradan Ermənistan siyasətini dayandırmadan necə sülhü dəstəkləmək olar? Bu, bir tərəfdən ritorik sualdır, digər tərəfdən isə kifayət qədər praktikdir. Çünki Qərb-Rusiya ziddiyyətlərindən və mübarizəsindən istifadə edən Ermənistan müəyyən təxribatlarla prosesi uzatmağa çalışır. Və nə qədər ki, Ermənistanın bundan faktiki olaraq cəzasız istifadə etmək imkanı var, o, heç bir şəkildə sülhə getməyə hazır olduğunu göstərməyəcək və maksimum vaxt qazanmağa çalışacaq. Təbii ki, İrəvana qarşı ilkin cəza mexanizmi Azərbaycan silahlı qüvvələri olmalıdır və bu gün silahlı qüvvələr öz funksiyalarını yüksək səviyyədə yerinə yetirir. Və təbii ki, o imkanın maksimum həddini genişləndirmək və bununla da İrəvana sülh rejimini tətbiq etmək üçün daha geniş addımlar atılacağı istisna edilmir.
Aqil Məmmədov
Ordu.az