Qərb Qafqaza sülh gətirir, yoxsa Rusiyanın dominant mövqeyini sarsıdır? – BAXIŞ BUCAĞI

2023/04/Aliye-1681726977.jpg
Oxunub: 5279     14:58     17 Aprel 2023    
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Belçika nəşrinə müsahibəsində bəyan edib ki, onun Ermənistan və Azərbaycan arasında sülh prosesində vasitəçilik etmək istəyi Rusiyanın regionda dominant olmasını istəməməsi ilə bağlıdır.

Mişel nəşrə açıqlamasında qeyd edib ki, o, qeyri-aktiv olmaqdansa, həddən artıq aktiv olmaqda ittiham olunmağı üstün tutur. Mişel Avropa Şurasının prezidenti seçilməzdən əvvəl Belçikanın baş naziri olub. İstisna deyil ki, AŞ prezidenti vəzifəsindən sonra hələ də siyasətlə məşğul olmaq və Belçikada hakimiyyət uğrunda mübarizə aparmaq niyyətindədir. Təbii ki, o, buna görə də hazırkı Avro-Atlantika siyasətinin trendində qalmağa çalışır, özünü rus hökmranlığına qarşı mübariz kimi təqdim edir. Aydındır ki, bu, Mişelin işidir və əgər həmin iş və ya məqsədlərə görə o, Qafqazda sülh məsələsində konstruktiv rol oynayarsa, Ermənistanla Azərbaycan arasında sülh prosesinin möhkəmlənməsinə töhfə verərsə, bu, ancaq xoşagələn hal kimi qeydə alınar.

Amma sual da ortaya çıxır ki, Rusiyanın hökmranlığına imkan verməmək məqsədi həqiqətən sülh prosesinə faydalı məna və ya təsir göstərə bilər, yoxsa regional təsir uğrunda mübarizədə onsuz da kəskin hissləri və əhval-ruhiyyəni gücləndirəcək ki, bu da gərginlik risklərinin artmasına səbəb olacaq? Nəticədə, bu hal Aİ missiyasının da yer aldığı Ermənistanın revanşist mövqeyinin böyüməsinə gətirib çıxara bilər. Ehtimal ki, son həftələrdə bu cürət və aqressivliyin artmasının səbəbi də budur.

Sərhəddə baş verən erməni təxribatlarından və hərbi qulluqçularımıza verilən işgəncələrdən məlum olur ki, Aİ-nin iştirakı ən azı hələlik sülh prosesinin möhkəmlənməsinə xidmət etmir. Səbəb isə mahiyyətcə ondan ibarətdir ki, məqsəd əslində Rusiyanın hökmranlığının qarşısını almaqdır və bu, əslində Makronun simasında olduğu kimi sülh prosesinə zərbə vurmaqdır.

Bu, yalnız "istənilən" sülh prosesi vasitəsilə az və ya çox balanslaşdırılmış razılaşmaların perspektivini azaldır. Beləliklə, Rusiyanın dominant roluna zərbə vurulsa da, bunun regiona təsirləri də az deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   Qərb   Rusiya  


Bizi "telegram"da izləyin