Dünən baş tutan Papikyan-Şoyqu və Mirzoyan-Lavrov telefon danışıqlarının məzmunca birbaşa əlaqəsinin olmadığını söyləmək sadəlövhlük olardı. Onlar arasında ortaq mövzu və məqamların ola bilməyəcəyinə şübhə yoxdur. Buna baxmayaraq, Ermənistanın müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığının şəraiti, bəlkə də, Ararat Mirzoyanın ötən həftə Berlindən qayıdarkən İrəvanda Xorvatiyanın xarici işlər nazirini qəbul edərkən verdiyi bəyanat fonunda daha çox diqqət çəkir. Mirzoyan bəyan edib ki, İrəvanın konstruktiv səylərinə baxmayaraq, regionda vəziyyət kifayət qədər gərgindir və “istiləşmə” ehtimalı hiss olunur. Ermənistan-İran hərbi əlqalərinin sıxlaşması fonunda bənzər bəyanat çox şeydən xəbər verir. Buna Aİ missiyası tərkibində fransalı jandarmları da əlavə etsək, məsələnin çoxqatlı olduğunu görərik.
Təbii ki, Şoyqu Papikyanla konkret məsələləri aydınlaşdırmağa çalışıb, öz növbəsində Papikyan da İranla birgə planlaşdırılan əməliyyatlar zamanı İrəvanın Rusiya Federasiyasından hansı səviyyədə dəstək ala biləcəyini anlamaq üçün danışıqlar aparıb. Xüsusilə Ukraynadakı müharibədə gərginliyin və istiləşmənin yeni mərhələsinin nəzərəçarpan dərəcədə yüksəldiyi məlumdur və bu halın şübhəsiz ki, Rusiyaya qarşı təzyiq zonası sayılan Qafqazda hansı reaksiyaya səbəb olacağını söyləmək çətindir. Habelə Rusiyanı Ukrayna istiqamətində cilovlamaq üçün hansı dərəcədə və ya hansı təzyiq ssenarilərinin ola biləcəyini söyləmək çətindir.
Hər bir halda Ermənistan və İranın Rusiyanın istəyi olmadan Azərbaycana qarşı təxribatçı əməliyyatlar planlaşdırması rəsmi Moskvanın Ukrayna istiqamətində aktivləşməsindən imtina etməsinə səbəb ola bilər. Bu baxımdan, heç bir şübhə yoxdur ki, siyasi keçid heç vaxt bir xətt məntiqini ehtiva etmir və son bəyanatlar fonunda Ermənistan və Rusiya Federasiyasının müdafiə nazirləri arasında telefon danışığı önəmlidir. İranın Ermənistandakı səfiri bir gün öncə İrəvanda bəyan etmişdi ki, Tehran və İrəvan heç bir dəhlizin yaramasına imkan verməyəcək. O, eyni zamanda bildirib ki, Tehran və İrəvan bu məsələlərdə təşəbbüskar olmalı, kiminsə hansısa addım atmasını, sonra isə onlara reaksiya verməsini gözləməməlidir.
İran səfirinin nə demək istədiyi gün kimi aydındır. İrəvan sözügedən “təşəbbüs” hissinə qapılaraq Rusiya Federasiyasının imkanlarının dərəcəsini anlamağa çalışır və Tehranla addımlar atmaq imkanını formalaşdırır. Təbii ki, söhbət istənilən halda hərbi fəaliyyətlərdən gedir ki, artıq bu barədə müəyyən məlumatlar mövcuddur. Tehranla İrəvan bunu müdafiə əməkdaşlığı və birgə təlimlərlə maskalamağa çalışsa da, SEPAH-ın sərhədlərimizə yaxın ərzidə qoşun cəmləşdirməsi və Ermənistanla birgə təxribatçı əməliyyatlar həyata keçirmək planına malik olduğu məlumdur. Hər bir halda regionu böyük xaotik uçuruma aparacaq bənzər fəaliyyətlər Moskva tərəfindən qəbul edilə bilməz. Şoyqunun Papikyanla bu məsələlər ətrafında danışıqlar aparması, xüsusilə aqressiv fəaliyyətlərdən çəkinmələri barədə xəbərdarlıq etməsi istisna edilmir.
Aqil Məmmədov
Ordu.az