Beşinci nəsil müharibə haqqında
Müharibə tarixində “nəsil” meyarı akademik tədqiqatlarda son zamanlar tətbiq edilməyə başlanıb. Uilyam S. Lindin rəhbərliyi ilə amerikalı hərbi-siyasi analitiklər qrupu orduların sayı, hərbi texnikanın xarakteri və müharibənin aparılmasında istifadə olunan taktikaya dair bir sıra göstəricilər əsasında “müharibənin dəyişən siması”nı strukturlaşdırıblar. Beləliklə, onlar hələ 1989-cu ildə, minilliklər ərzində müharibənin yalnız dörd nəslinin olduğunu qeyd ediblər ki, onlardan sonuncu ikisi XX əsrin ikinci yarısında texnoloji tərəqqi, kompüterləşdirmə və rəqəmsallaşdırmanın yeni sənaye inqilabları ilə paralel olaraq inkişaf edib. Hər şeydən öncə sürət, strateji sürpriz və gizli texnologiyalara diqqətin artırılması ilə ənənəvi müharibə taktiki səviyyədə tərk edildi. Daha sonra müharibə asimmetrik xarakter aldı, döyüşçülərlə mülki şəxslər arasında sərhəd yox oldu, ənənəvi müharibə konvensiyaları aradan qalxdı, bütün cəmiyyət döyüş meydanına çevrildi, hərbi xidmət könüllülük prinsipinə əsaslandı. İndi isə biz artıq beşinci nəsil müharibədə olduğumuzu görəndə təəccüblənirik ki, bu müharibədə sosial mühəndislik, dezinformasiya, kiberhücum kimi hibrid xarakterli və qeyri-kinetik hərbi hərəkətlər, süni intellekt və tam avtonom sistemlər kimi yeni yaranan texnologiyalar kinetik hərbi hərəkətləri üstələyib, müharibəni informasiya qarşıdurmasına çevirib və cəmiyyətin bütün sahələrində əməliyyatlar teatrını genişləndirib.
Hər yerdə mövcud olan döyüş meydanı – neytral zonasız, qeyri-döyüşçülərin, hərbçi və mülki şəxslərin cəlb olunduğu, qəti qələbəyə qədər düşmənin tam məğlubiyyətə uğradılması üçün bütün səylərin ortaya qoyulduğu müharibə, konseptual olaraq Böyük Prussiya strateqi, qeyri-məhdud müharibə (mütləq və total müharibə) nəzəriyyəçisi Karl von Klauzeviç (1780–1831) tərəfindən təqdim edilib. Hər yerdə mövcud olan döyüş meydanında kinetik və qeyri-kinetik vasitələrdən istifadə edilir. Burada adi hərbi zorakılıq azalmış, lakin bunun müqabilində siyasi, hüquqi, iqtisadi, informasiya və texnoloji zorakılıq artıb. Bəzi tədqiqatçıların fikrincə, bu, ənənəvi müharibədən daha dağıdıcıdır. Çin Xalq Respublikası Ordusunun iki polkovniki Qiao Lianq və Vanq Xianqsui hələ 1999-cu ildə belə bir ideya irəli sürüblər ki, müasir dövrdə qeyri-məhdud müharibə hərbi və siyasi cəhətdən zəif olan xalqlara super güclərə uğurla hücum etmək şansı verir. Müasir qeyri-xətti müharibə nəzəriyyəçisi, rus generalı Valeri Gerasimovun bu mövzuda yazdığı məqalədə qeyd olunur: “Fərqi yoxdur düşmən hansı gücə malikdir və ya onun silahlı qüvvələri nə dərəcədə inkişaf edib və hansı müharibə metodlarından istifadə edir, ona qalib gəlmək üçün üsul və metodlar tapıla bilər. Onun həmişə zəif tərəfləri olacaq və bu, o deməkdir ki, ona qarşı mübarizə aparmaq üçün adekvat vasitələr mövcuddur”. Eyni mənada, amerikalı analitik Harlan Ullman hesab edir ki, müasir müharibədə pozucu hücumlar üstünlük təşkil edəcək, “şok və qorxu” doktrinasının komponentləri geniş miqyas alaraq rəqibin döyüş iradəsini iflic edəcəkdir. Ullman tərəfindən “Apokalipsisin beşinci cəngavəri” kimi təsvir edilən bu kütləvi pozulma hücumları yeddi əsas pozucu qüvvənin nəticəsidir: hökumətin uğursuzluğu, iqlim dəyişikliyi, kiberməkan, sosial şəbəkələr, dronlar, terrorizm və borclar.
Bu tip hücumlar aşağıda qeyd olunan qüvvələr vasitəsilə reallaşacaq:
– sosial boşluqları hədəf alan, qarşılıqlı səlahiyyətlər vasitəsilə sinerji yaradaraq fəaliyyət göstərən və əhaliyə kütləvi təsir edən qüvvələr;
– qloballaşan, hipertexnoloji cəmiyyətin qarşılıqlı əlaqələrinin formalaşdırdığı maraqlar və asılılıqlar “strukturu” üzərindən fəaliyyət göstərən qüvvələr;
– texnologiyanın müdaxiləsi, gücün yayılması və Vestfal müqaviləsi dövlətlərinin parçalanması nəticəsində meydana çıxan və “domino effekti” yaradan qüvvələr.
İdeyalar qeyri-məhdud müharibə konsepsiyası və gələcəyin hipertexnoloji cəmiyyətinin getdiyi istiqamətlə tam uyğundur.
Yeni nəsil müharibənin xüsusiyyətləri
Beşinci nəsil müharibənin dörd əsas xüsusiyyəti var:
– məlumatın toplanması və mübadiləsini, aşkarlanmasını, təsirinin qiymətləndirilməsini və komandanın ötürülməsini təmin edən geniş, bir-biri ilə əlaqəli və bir-birindən asılı rəqəmsal şəbəkələr. Müxtəlif güc elementləri məlumatı ötürən, qəbul və idarə edə bilən şəbəkələrdəki interaktiv qovşaqlardır. Bu qovşaqlar nə qədər çox olarsa, şəbəkənin gücü də bir o qədər çox olar – əgər Metkalfenin Riyazi Qanununa istinad etsək, rabitə şəbəkəsinin dəyəri sistemə qoşulmuş istifadəçilərin sayının kvadratı ilə düz mütənasibdir. Əməliyyat teatrından məlumatların ötürülməsi real vaxt rejimində, hərəkətdə olan hərbi texnikaya yerləşdirilmiş videoçəkiliş sistemləri vasitəsilə həyata keçirilir.
– döyüş buludu. Şəbəkələr kommersiya bulud hesablamalarına bənzər virtual döyüş buludunu yarada bilər ki, bu da əsas döyüş platformalarını – raketdən müdafiə, hava döyüşü, pilotsuz sistemlər, quru qoşunlarının məlumat bağlantıları vasitəsilə digər kateqoriyalı qüvvələrlə əlaqəsini rəqəmsal şəkildə aktivləşdirməklə məlumatların çıxarılmasına və əlavə edilməsinə imkan verir.
– çoxsaylı domen döyüşü. Hazırda beş sinergetik əməliyyat sahəsi var: yerüstü, dəniz, hava, fəza və kiberməkan.
– qarışıq müharibə. Qarışıq müharibə konsepsiyası komanda-nəzarət müharibəsində (kommunikasiya texnologiyalarından istifadə edərək bütün hərbi taktikaları əhatə edir) əlavə məlumat axınlarını, proqram təminatı uyğunsuzluqlarını, eləcə də hücum və aldatmaya (əməliyyat təhlükəsizliyi, hərbi aldatma, psixoloji əməliyyatlar, radioelektron mübarizə, psixoloji müharibə, kiberəməliyyatlar) həssas olan daxili zəiflikləri nəzərdə tutur.
Beşinci nəsil müharibəyə keçid
Müasir müharibə yeni risk və boşluqlar yaratmaqla yanaşı, müvafiq olaraq,
yeni çağırışları da meydana gətirir:
yanlış məlumatları oğurlaya, silə, dəyişdirə və ya sistemə daxil edə bilən kibermüdaxiləyə qarşı həssaslıq. Şəbəkədə tez yayıla bilən, çaşqınlıq yaradan və faktları təhrif edən məlumatlar;
şəbəkənin pozulması halında yüksək dəqiqliyə malik silahlarla uzaq məsafədən aşkarlanma və məhv edilmə riski;
Beləliklə:
1. Müasir müharibələr kontekstində kibertəhlükəsizlik vacib faktora çevrilib və aşağıdakı məsələlərin aktuallığını şərtləndirir:
bütün kateqoriyalı qüvvələrin əməliyyat səviyyəsində birliyinə əsaslı töhfə verən kibermüharibə aparmaq və kibertəhlükəsizliyi təmin etmək missiyası ilə yeni, müstəqil kiberqüvvə kateqoriyasının yaradılması;
hərbi fənlərin təkmilləşdirilməsi və kibersahədə təhsilin verilməsi;
2. Böyük şəbəkələri neyron model əsasında kiçik və müstəqil şəbəkələrə bölməyə ehtiyac var ki, təhlükə yarandığı təqdirdə onlara dəyən zərər məhdud olsun. Lakin bu halda sistem daxilindəki funksionallıq pozula bilər.
3. Kibersahədə yüksəksəviyyəli tədqiqatların aparılması və ən müasir avadanlıqların alınması üçün xərclərin artırılması.
4. Şəbəkələr kollektiv təhlükəsizlik və koalisiya ideyalarını nəzərdə tutur. Əgər geosiyasi proqnozları nəzərə alsaq, deyə bilərik ki, müasir müharibə ümumi maraqlar, prinsiplər və dəyərlərlə birləşən çoxsaylı beynəlxalq aktorların, nəhəng əməliyyat teatrlarının mövcud olduğu döyüşlərə, eləcə də kütləvi dağıntılara cəlb olunan və böyük xərclər tələb edən kütləvi qüvvələrin iştirak etdiyi sivilizasiya komponentinə doğru meyil edir.
Ən müasir texnologiya mütləq qələbəni təmin etmir, bu, Vyetnamda sınaqdan keçirilib. Qələbəni şərtləndirən bır sıra aspektlər var. Bütün bu aspektlərə müasir müharibənin qeyri-kinetik komponentləri də əlavə olunur ki, bu da artıq məqalədə qeyd olunmuş kütləvi pozulma hücumları (KPH) konsepsiyasına aid edilir. Buraya insanlara, mal-qara, meşə və əkin sahələrinə bioloji silah hücumları da daxildir.
Nəhayət, transhumanizm sahəsində aparılan tədqiqatları yada salmaq lazım gəlir. Onun məqsədi insan biologiyasını təkmilləşdirmək üçün texnologiyaları inkişaf etdirməkdir, məsələn, insan sağlamlığının hissi, koqnitiv, psixoloji cəhətdən yaxşılaşdırılması və insan ömrünün uzadılması. Şübhəsiz ki, bu texnologiyalar hərb sahəsində tətbiq ediləcək və altıncı nəsil müharibəni gündəmə gətirəcək. Son vaxtlara qədər uzaq gələcəyə aid edilən bəzi məsələləri nəzərə alsaq, Zaqafqaziyadakı son qarşıdurmanın hərbi sahədə nə üçün dönüş nöqtəsi kimi qiymətləndirildiyini anlayarıq.
İkinci Qarabağ müharibəsi haqqında qısa mülahizə
İkinci Qarabağ müharibəsi sırf Vestfal ənənəsi ilə 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-dək qondarma separatçı “Dağlıq Qarabağ Respublikası” adı altında Ermənistan ordusu və Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında aparılıb. Qarabağın ermənilərin iddia etdiyi dağlıq hissəsi Zaqafqaziyanın (Cənubi Qafqaz) cənub-qərbində, təxminən 4400 km2 ərazisi olan regiondur. 1992–1994-cü illər müharibəsindən sonra Ermənistanın işğalı nəticəsində separatçı rejim regionun ətrafındakı dağlıq və düzənlik əraziləri, İran və Ermənistanla sərhəddə, həm də Şimal və Şərqdə 41578,223 km2 ərazini nəzarətə götürmüşdü.
Azərbaycanın müharibə planı nisbətən aşağı yüksəklikdə yerləşən rayonları ələ keçirmək, Qarabağla Ermənistanı birləşdirən yeganə yolu – Laçın dəhlizini bağlamaq, separatçı rejimi təcrid etmək və parçalamaq məqsədi daşıyırdı. Pilotsuz uçuş aparatları donanması döyüş meydanına buraxıldı və yüksək dəqiqliyə malik taktiki ballistik raketlər tətbiq edildi, separatçıların möhkəmləndirilmiş mövqeləri və hərbi texnikası sıradan çıxarıldı. Müharibənin beşinci həftəsində Azərbaycan Ordusunun şəxsi heyəti, artıq Laçın dəhlizinin yaxınlığında idi, altıncı həftədə isə Azərbaycanın xüsusi təyinatlıları strateji əhəmiyyətə malik Şuşa şəhərini azad etmiş və qondarma rejimin “paytaxtı” Xankəndi şəhərindəki hərbi hədəflərə minaatanlardan hücum başlamışdı. Döyüşlər işğal altındakı əraziləri azad edən, eyni zamanda Türkiyə və İranın bilavasitə sərhədində yerləşən Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizi qazanan Azərbaycanın faktiki qələbəsi ilə başa çatıb. Hazırda Ermənistan və Qarabağ arasında yerləşən Laçın strateji dəhlizi boyunca müvəqqəti olaraq Rusiya Sülhməramlı Qoşunları yerləşdirilib. “Dondurulmuş” Ermənistan–Azərbaycan münaqişəsinin gərginləşən bu mərhələsində separatçıların 185-dən çox tankını (Ermənistanda cəmi 400 tankdan), habelə çoxsaylı artilleriya qurğularını, hava hücumundan müdafiə və raket sistemlərini, piyadaların döyüş maşınlarını itirdiyi məlum olub. Bu, əsasən, pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə qazanılan ilk müharibə idi. Hərbi analitik Uzi Rubinin dediyi kimi, “pilotsuz uçuş aparatlarının ənənəvi quru qoşunlarını alt-üst etdiyi, onu zəiflətdiyi və Azərbaycanın Ordusunun hərəkətə keçməsinə və strateji səviyyəli kritik nöqtələrə nəzarət etməsinə yol açan ilk postmodern münaqişə...”. Bu, eyni zamanda Ermənistan REM sistemlərini susdurmaqla, onların sıradan çıxarılmasını və zenit-raket batareyalarının məhv edilməsini asanlaşdıran elektron müharibə idi. Bu müharibə İrəvanın “həm döyüş taktikası, həm şəxsi heyət, həm də büdcə” baxımından geri qaldığı, hücum PUA-ları tərəfindən hər bir hadisənin real vaxt rejimində lentə alındığı və ötürüldüyü əsl postmodern müharibə idi.
Qələbəyə gəlincə, iki dövlət arasında güc fərqini nəzərə alsaq, ərazi və əhali sayı baxımından Ermənistandan üç dəfə böyük, iqtisadi cəhətdən inkişaf etmiş və resurslarla, xüsusən də enerji baxımından daha zəngin olan Azərbaycan üçün heç də təəccüblü deyildi. Ancaq nailolunma üsullarına görə son dərəcə təəccüb doğuran bir qələbə idi. Müharibə, əsasən, yerdə deyil, hava məkanında qazanıldı, burada irəliləyiş heç bir şəkildə blitskriq deyildi. Hücumun başlanğıc nöqtəsindən ən uzaq qərb nöqtəsinə qədər olan məsafə təxminən 100 km-dir və dörd həftə ərzində qət edilmişdi. Hücumun başlanğıc nöqtəsindən ən şimal nöqtəsinə qədər olan məsafə isə təxminən 80 km-dir və altı həftə ərzində qət edilmişdi, bu da 1940-cı illərdə gürcü əsilli, amerikalı hərbçi və iş adamı Aleksandr Severskiyə (1894–1974) məxsus geosiyasi nəzəriyyəni təsdiqləyir. Severski qeyd edib ki, “hərbi gücün tətbiqi ilə düşməni məğlub etmək planı” kimi müəyyənləşdirilən hərbi strategiya “hərbi gücün ali ifadəsi” olan hava gücü olmadan tam şəkildə tətbiq edilə bilməz. Ona görə də hava üstünlüyü müharibədə minimal insan itkisi və maddi zərərlə qələbənin əsas şərtidir. Çünki “bugünkü hava vasitələri, təyyarələr, idarəolunan və ya idarəolunmayan ballistik raketlər, birbaşa öz bazalarından qalxa və dünyanın istənilən hədəfini vura bilər [...] Bu gün hava qüvvələri yeganə strateji qüvvədir və milli hərbi gücün əsas instrumentidir”. Deməli, müharibədə qalib gəlmək istəyən hər bir dövlətin “hava və kosmik üstünlüyü” olmalıdır. Başqa sözlə, göylərə sahib olan yerə də sahib olacaq.
Bu dəfə hava üstünlüyü radarda görünən və HHM sistemlərinə həssas olan pilotlu təyyarə və helikopterlər vasitəsilə ənənəvi yolla deyil, çox mürəkkəb PUA sistemləri ilə əldə edildi.
Nəticədə:
– düşmən qoşunlarının müşahidəsi təmin edildi (real vaxtda kəşfiyyat və müşahidə);
– Ermənistanın HHM qüvvələri çaşdırıldı. Belə ki, radarda görünən və məsafədən idarəolunan təyyarələrlə düşmən üçün “yem” hədəflər yaradıldı, həmin hədəflərə atəşin açılması ilə Türkiyənin Bayraktar TB2 PUA-larının mərmiləri və İsrailin HAROP kamikadze dronları vasitəsilə Ermənistan ordusunun istifadə etdiyi Rusiya istehsalı olan bütün HHM sistemləri (köhnə SA 8, Osa və SA 13 Strela 10-dan tutmuş, müasir SA 15 Buk və S-300 raket sistemlərinə qədər) darmadağın edildi. Qeyd edək ki, SA 15 Buk 2014-cü ildə Ukraynanın şərq istiqamətində Malayziya Hava Yollarına məxsus təyyarənin vurulmasında istifadə edilən raket sistemidir.
Radar və simsiz rabitə kanallarını bloklamaq üçün nəzərdə tutulmuş Türkiyə istehsalı olan KORAL elektron müharibə sistemi də bu qələbənin qazanılmasında xüsusi rol oynayıb. Bu sistemlər düşmən radarlarını kor edərək Türkiyə və İsrail istehsalı PUA-ların aşkarlanmasını mümkünsüzləşdirir. Təbii ki, separatçıların istehkam qurğularına qarşı mübarizə aparan Azərbaycan Xüsusi Təyinatlılarının rolu da xüsusi vurğulanmalıdır.
Zaqafqaziyada hərbi qarşıdurmanın müasir müharibənin aparılmasına təsiri
İkinci Qarabağ müharibəsi müharibələrin aparılması strategiyasında inqilaba səbəb oldu. Bu baxımdan,
aşağıda qeyd olunan faktlar təsbit edildi:
– adi silahların yeni nəsil silahlara qarşı zəifliyi. Nəticə etibarilə, köhnə silah sistemlərinin saxlanması/alınması tamamilə qeyri-effektivdir və büdcənin israfına səbəb olur;
– müasir hava təhdidlərinə qarşı inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemlərinə (İEHHMS) ehtiyacın olması. Fərqli imkanlara malik (uzun, orta, qısa və çox qısa mənzilli) və şəbəkəyə yaxşı qoşulmuş belə bir konfiqurasiya ənənəvi təyyarələrdən və radarlardan tutmuş PUA sürüsünə (dəstəsinə) qədər çoxsaylı problemlərin daha yaxşı idarə olunmasına imkan verər;
– müasir müharibədə radioelektron mübarizənin əsas rolu;
– hava üstünlüyünün quru müharibəsində qalib gəlmək üçün ilkin şərt olduğuna dair ənənəvi hava qüvvəsi doktrinasının yenidən təkrarlanması. Ekipajı qurban vermədən qələbəyə nail olmağın yeni, daha sərfəli və asan yolu aşkar edildi;
– pilotsuz sistemlərin və elektron vasitələrin fəaliyyət göstərdiyi döyüş meydanının köklü transformasiyası;
– müdafiənin strateji planlaşdırılmasına cavabdeh olan insan amilinin və son dərəcə sürətli texnoloji tərəqqinin hökm sürdüyü şəraitdə dövlətin müdafiəsini iqtisadi cəhətdən təminetmə qabiliyyətinin əsas rolu;
– yaradıcılıq, analitik və strateji təfəkkürə əsaslanan, müharibənin yeni reallıqlarına uyğunlaşdırılmış çevik hərbi təhsil sisteminə olan ehtiyac;
– gələcəkdə sağ qalmaq və məhv olmaq arasında fərq yaradacaq hərbi və mülki sahədə elmi tədqiqatların fundamental rolu;
– texnoloji “sıçrayışların” baş verdiyi indiki və gələcək dövrlərdə heç bir dövlətin tək müqavimət göstərə bilməyəcəyini nəzərə alaraq, ittifaqların/koalisiyaların böyük əhəmiyyəti.
Bunun bilavasitə nəticəsi olaraq, 2021-ci ildə silahlı və silahsız PUA-lara, hücum və müdafiə xarakterli elektron müharibə sistemlərinə qlobal tələbat artdı. Onu da qeyd etmək lazımdır ki, dron hücumunun müvəffəqiyyəti, həm də yaxşı optik transmissiyaya (ötürməyə) imkan verən hava şəraitindən asılı idi. Bu, geoiqlim taktiki silahları və onların PUA hücumlarına qarşı mübarizədə rolu məsələsini gündəmə gətirir.
Nəticə
Nəzərə almaq lazımdır ki, hazırkı texnoloji “bum”un arxasında duran sənaye inqilabları yeni xammala ehtiyacı aktuallaşdırır. Bu, yeni qarşıdurma meydanlarının yaranması və beynəlxalq mühitin daha da dəyişkən xarakter alması deməkdir. Qeyd olunan xüsusiyyətlər təsdiq edir ki, beşinci nəsil müharibə artıq hərb oyunlarında və proqnozlarda deyil, realda baş verir, müharibənin növbəti səviyyəsinə – altıncı nəsil müharibəsinə çatana – android robotları və transformasiya edilmiş insanlar əməliyyat teatrlarında üz-üzə gələnə qədər heç də uzun müddət tələb olunmayacaq. Bəs həmin vaxt biz nə dərəcədə hazırlıqlı olacağıq?! Bunu düşünmək lazımdır.
Alba Popescu, I Karol Milli Müdafiə Universiteti, Rumıniya
Ordu.az