1 milyondan çox insanın ölümünə səbəb olan minalar necə işləyir? – ARAŞDIRMA

2022/12/8768-1670568404.jpg
Oxunub: 9146     15:59     09 Dekabr 2022    
XX əsrin ən ölümcül miraslarından biri də minaların müharibədə istifadəsidir. Piyada əleyhinə minalar döyüşdən illər sonra və hətta bütün müharibə başa çatdıqdan sonra faciəli, gözlənilməz nəticələr verməyə davam edir. Zaman keçdikcə minaların yeri, hətta onları yerləşdirənlər tərəfindən də unudulur. Bu minalar bir çox onilliklər ərzində işləməkdə davam edir və daha çox zərər, xəsarət və ölümə səbəb olur.

Minalar əsasən təzyiq ilə (üzərinə basdıqda) işə salınaraq partlayan partlayıcı qurğulardır. Bu cihazlar adətən yerin səthində və ya yerin altında yerləşir. Silahlı qüvvələr tərəfindən istifadə edilən minaların məqsədi partlayış dalğası və ya ətrafa saçılan qəlpələrlə yaxınlıqdakı insanları və texnikanı sıradan çıxarmaqdır.

“OneWorld International”ın məlumatına görə, hazırda dünyanın 70 ölkəsində 100 milyondan çox mina var. 1975-ci ildən bəri minalar 1 milyondan çox insanın ölümünə və ya şikəst olmasına səbəb olub. Bu ölümlər və yaralanmalar minalardan sonrakı istifadəni qadağan etmək və mövcud minaları təmizləmək üçün bütün dünyada səylərə səbəb olub.

Minalar istehsalı asan, ucuz və effektiv silahdır və düşmənin hərəkətinin qarşısını almaq üçün geniş ərazilərdə asanlıqla yerləşdirilə bilər. Minalar adətən yerə əl ilə basdırılır, lakin yeri şumlaya və müəyyən fasilələrlə minaları atıb basdıra bilən mexaniki minabasdıranlar da var.

Minalar çox vaxt qruplar halında qoyulur, buna mina sahələri deyilir və düşmənin müəyyən bir ərazidən keçməsinin qarşısını almaq və ya bəzən düşməni müəyyən bir ərazidən uzaqlaşmağa məcbur etmək üçün nəzərdə tutulub. Əlavə qüvvələr gələnə qədər düşməni yavaşlatmaq üçün də minalardan istifadə edilir. 350-dən çox növ mina mövcud olsa da, onları iki kateqoriyaya bölmək olar:

Piyada əleyhinə minalar (PƏM);

Tank əleyhinə minalar (TƏM).


Bu tip minaların hər ikisinin əsas funksiyası eynidir, lakin onlar arasında bir neçə əsas fərq var. Tank əleyhinə minalar adətən daha böyükdür və piyada əleyhinə minalardan bir neçə dəfə daha çox partlayıcı ehtiva edir. Tank əleyhinə minada bir tankı və ya yük maşını məhv etmək, həmçinin texnikanın içərisində və ya ətrafındakı insanları öldürmək üçün kifayət qədər partlayıcı var. Bundan əlavə, tank əleyhinə minanın partlaması üçün adətən daha çox təzyiq tələb olunur. Bu minaların əksəriyyəti yollarda, körpülərdə və tankların hərəkət edə biləcəyi böyük ərazilərdə yerləşdirilir.

Piyada əleyhinə minalar

Piyada əleyhinə minalar xüsusi olaraq müəyyən bir coğrafi ərazidən piyadaların istiqamətini dəyişdirmək və ya geri çəkilməyə məcbur etmək üçün nəzərdə tutulub. Bu minalar öz qurbanlarını öldürə və ya sıradan çıxara bilər və təzyiq, tel və ya uzaqdan partlama ilə işə salınır. Ağıllı minalar da var, onlar müəyyən vaxtdan sonra avtomatik olaraq öz-özünə deaktiv olur. Bunlar hazırda ABŞ ordusu tərəfindən istifadə edilən ən çox yayılmış mina növləridir.

Piyada əleyhinə minalar üç əsas kateqoriyaya bölünür:

Fuqas tipli – Ən çox yayılmış mina növü olan fuqas tipli minalar partlayış dalğası ilə insanları yaralaya, əlil edə və öldürə bilər. Minanın partlaması üçün təxminən 5-16 kiloqram çəki tələb olunur.
Dairəvi məhvetmə qabiliyyətinə malik sıçrayan minalar – Mina aktivləşdikdə təxminən bir metr havaya qalxır və partlayır. Ətrafa saçılan qəlpələr insanların baş və döş qəfəsini zədələyir, ölümlərə səbəb olur. Belə minalar basma (üzərinə basıldıqda mina işə düşür) və dartılma (məftilin dartılması nəticəsində mina işə düşür) təsirlidir.
Qəlpəli – Bu minalar bütün istiqamətlərdə qəlpələr saçır. Qəlpələr eyni istiqamətdə də buraxıla bilər. Minalar 200 metr məsafədə yaralanmalara səbəb ola və daha yaxın məsafələrdə öldürə bilər. Minalarda istifadə edilən parçacıqlar ya metal, ya da şüşədir.

Bir çox ölkədə istifadə edilən bir neçə yüz müxtəlif növ piyada əleyhinə mina var.

M14 kiçik, silindrik, plastik gövdəli fuqas minasıdır. Onun hündürlüyü cəmi 40 mm və diametri 56 mm-dir. 1950-ci illərdə ABŞ tərəfindən hazırlanıb və istifadə edilib, lakin dünyanın bir çox xalqları tərəfindən əldə edilib və kopyalanıb. Bu xüsusi piyada əleyhinə minada yalnız az miqdarda partlayıcı, təxminən 31 qram trotil var. Bu mina insanlara və ona yaxın olan obyektlərə zərər vermək üçün nəzərdə tutulub. Cəmi 9 kq-lıq təzyiq minanın partlamasına səbəb ola bilər.

M16 tipli minalar yerdən müəyyən hündürlüyə sıçrayır və partlayır. M16 üç əsas hissədən ibarətdir: mina qoruyucusu, minanı qaldırmaq üçün hərəkət yükü və çuqun korpusda olan qəlpələr. Onun hündürlüyü 199 mm və diametri 133 mm-dir. M16 minasında təxminən 521 qram trinitrotoluen (TNT) partlayıcı var. M16 iki yolla partlatıla bilər: təzyiq tətbiq etməklə və ya çəkmə məftilin dartılması nəticəsində.

Tank əleyhinə minalar

Yeni hərbi silahların yaradılması baş verdikdə, ölkələr digər ölkələrin inkişafı ilə ayaqlaşmağa çalışırlar. Birinci Dünya Müharibəsi illərində tankların inkişafı tank əleyhinə minaların yaranmasına səbəb oldu və düşmən ordularının tank əleyhinə minaları zərərsizləşdirməsinə mane olmaq üçün piyada əleyhinə minalar hazırlanmışdı.

Tank əleyhinə minalar piyada əleyhinə minalara çox bənzəyir, lakin daha böyükdür. Bu minalar təzyiqlə aktivləşdirilir, lakin adətən elə yaradılır ki, bir insanın basması nəticəsində işə düşməsin. Əksər tank əleyhinə minalar partlatmaq üçün 158-338 kq arasında təzyiq tələb edir. Əksər tanklar və digər hərbi maşınlar bu cür təzyiq göstərir.

Bütün tank əleyhinə minalar fuqas tipli minalardır, çünki tank əleyhinə minanın məqsədi tankın tırtıllıları və mümkün qədər çox hissəsini məhv etməkdir. Bunun üçün qəlpələnən minalara ehtiyac yoxdur. M15, əsas TNT yükünü ehtiva edən dairəvi, polad tank əleyhinə minadır. Onun diametri 337 mm və hündürlüyü 125 mm təşkil edir. M15-in əsas komponenti 10,35 kq çəkiyə malik “B” tərkibli partlayıcıdır. “B” tərkibi TNT və siklotrimetilen trinitramin (RDX) qarışığıdır.

Minaların yerləşdirilməsi

Minalar torpağa basdırıldıqdan sonra 50 ildən çox aktiv qala bilər. Bu səbəbdən dünyanı minalardan təmizləmək üçün bütün dünyada səylər artır. Bunun üçün ilk növbədə dünyanın onlarla ölkəsində hələ də basdırılmış milyonlarla minanın yerini müəyyən etməliyik. Bu minaları tapmaq olduqca çətindir, çünki əksər mina sahələri işarələnməyib. Və onların minadan təmizlənməsi illər çəkə bilər.

Minaların aşkarlanması minaların yerləşdirilməsi təhlükəsi ilə əlaqədar ləng, metodik prosesdir. Yerləşdirmə texnologiyası təkmilləşsə də, aşağıdakı ənənəvi üsullara hələ də çox etibar edilir:

Yerin yoxlanılması - Uzun illər minaların yerləşdirilməsi üçün istifadə edilən ən mürəkkəb texnologiya çubuq və ya süngü ilə yerin qazılması idi. Ona görə, əsgərlər də bıçaqla biraz torpağı qazıb yoxlama aparırdı.
Təlim keçmiş itlər - İtlər minanın içərisindəki partlayıcı maddələrdən gələn qoxunu iyləmək üçün öyrədilə bilər.
Metal detektorları - Metal detektorlarının mina tapmaq imkanları məhduddur, çünki bir çox minalar plastikdən yalnız kiçik bir metal ilə hazırlanır.

Ohayo Dövlət Universitetinin alimləri minaların yerini müəyyənləşdirmək və zərərsizləşdirməkdə daha effektiv ola biləcək yeni yerə nüfuz edən radar (GPR) cihazı hazırlayırlar. Bu yeni cihaz az miqdarda metal olan və ya heç olmayan minaların tapılmasında faydalı ola bilər. Tədqiqatçıların fikrincə, GPR cihazı radar enerjisini yerin bir az altında və istifadəçinin bir neçə fut qarşısında fokuslayır. Cihaz səthdən geri sıçrayan siqnallara məhəl qoymur və basdırılmış obyektlərin radar təsvirində daha parlaq görünməsi üçün xüsusi hazırlanmış proqram təminatından istifadə edir.

Mina təmizləmə maşınları

Bir ordunun mina sahəsini təmizləməsi üçün çox vaxt olmadıqda, o, təhlükəsiz yolu keçmək və təmizləmək üçün müəyyən maşınlardan istifadə edir. Hərbi qüvvələr minaları təmizləmək və ya partlatmaq üçün bir neçə növ minatəmizləyən maşınlardan istifadə edir. Bəzi maşınlar xüsusi olaraq minatəmizləmə işi üçün nəzərdə tutulub, eyni zamanda tanklar da müəyyən minatəmizləmə cihazları ilə təchiz oluna bilər.

Bir neçə növ minatəmizləmə maşınları var. Yeni maşınlar uzaqdan idarə olunur, bu da personal üçün riski minimuma endirir.

Tanklar – ABŞ Ordusunun M-1A1 “Abrams” əsas döyüş tankı kimi tanklar minaları tankın yolundan çıxarmaq üçün hazırlanmış mina şumlama ilə təchiz edilir.

“Panther” – “Panther” dəyişdirilmiş M-60 tank gövdəsinə əsaslanan 60 tonluq uzaqdan idarə olunan minatəmizləyən qurğudur.

“Aardvark” – “Aardvark Mk III” avtomobili minaları partlatmaq və məhv etmək üçün hazırlanıb. Bu maşın tez-tez humanitar minatəmizləmə əməliyyatlarında istifadə olunur .

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mina   Partlayış   Təhlükə  


Bizi "telegram"da izləyin