Ordu.az xəbər verir ki, bunu Ermənsitanın “Politik.am” nəşri bir məqaləsində qeyd edib.
Söhbət prezident İlham Əliyevin də qatıldığı “Valday” Klubunun 16-cı illik toplantısından gedir. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü artıq baş tutub. İkitərəfli münasibətlər, o cümlədən hərbi-texniki əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı açıqlamalar verilib.
“Xüsusilə diqqət çəkən məqam odur ki, Putin-Əliyev görüşü Avrasiya İqtisadi Birliyi Ali Şurasının İrəvan sammitindən və Rusiya prezidentinin toplantıda iştirak etmək üçün İrəvana işgüzar səfərindən dərhal sonra baş verir. Bu da istər-istəməz Qarabağ münaqişəsinin tənzimlənməsi cəbhəsində bəzi “irəliləyişlərin” baş verdiyini göstərir.
Nə qədər təəssüf doğurucu olsa da, fakt budur ki, Azərbaycan bu il “Valday”da Cənubi Qafqaz tərəfindən təmsil olundu və Azərbaycan lideri olduqca maraqlı bir diplomatiya sərgilədi, xüsusən də gərginləşən Ermənistan-Rusiya münasibətləri fonunda əlamətdar olan Rusiya-Azərbaycan münasibətlərindən danışsı”, - deyə nəşr qeyd edib.
Nəşr yazıb ki, son bir neçə gündür İrəvanda hakimiyyət və hakimiyyətyönlü dairələr, Paşinyanın yalnız “Bağramyan 26” girişində prezident Putinlə görüşdüyünü nümunə gətirərək, hazırkı Ermənistan Baş nazirinin “ləyaqətli” və “qürurlu” duruşu barədə danışmaq fürsətini qaçırmırdı.
“Əlbəttə, Ermənistanın İsveçrə, Cənubi Qafqazın isə Qərbi Avropa olmadığını unutdular. Unutdular ki, bu vəziyyətdə söhbət, Ermənistanın təhlükəsizliyinin qarantı və Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas rol oynayan geosiyasi güc mərkəzinin rəhbərindən gedir. Əliyev İrəvanın bu səhvlərindən məharətlə istifadə edərək, Rusiya-Azərbaycan münasibətləri barədə siyasi bəyanatlar verərək, hərbi-texniki əməkdaşlıqda 5 milyard dollar olduğunu və hələ də olacağını xatırlamağı unutmadı. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Əliyevin bəyanatları da az nəzərəçarpan deyildi”, - deyə “politik.am” qeyd edib.
Məqalədə vurğulanıb ki, Paşinyanın Qarabağda verdiyi açıqlamada “Qarabağ Ermənistandır və son” ifadəsi beynəlxalq aləmdə bir qədər gözlənilməz oldu və geniş işıqlandırıldı. Azərbaycan Prezidenti isə “Valday”ın yüksək kürsüsündən bundan faydalandı.
Alpər Mövludoğlu
Ordu.az