Ermənistanda polkovnikin döyülməsinə görə daha bir nəfər həbs edilib - ƏTRAFLI

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 32912     15:32     04 Oktyabr 2019    
Ermənistanın hüquq mühafizə orqanları Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edən polkovnik-leytenant Ara Mxitaryana ağır bədən xəsarəti yetirən daha bir şəxsi həbs edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işlə bağlı Vayots Dzor bölgəsinin sakini Zaven Qriqoryan həbs olunub.

Daha əvvəl bildirildiyi kimi 2019-cu ildə 18 sentyabr tarixində Şirak vilayətinin sakini, Ermənistan MN-in zabiti Ara Mxitaryan huşsuz vəziyyətdə “Yeğeqnadzor Tibb Mərkəzi” QSC-yə yerləşdirilib. Küt zərbə nəticəsində kəllə beyin travması alan MN-in zabiti Mxitaryan elə həmin gün nazirliyin Mərkəzi Klinik hospitalına köçürülüb.

Tibb müəssisəsindən verilən məlumata görə, o, təcili əməliyyat olunub, lakin vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir. Cinayət işi açılıb istintaq qrupu yaradılıb.

Nəticədə hadisənin bir sıra məqamları, o cümlədən cinayəti törədənlərdən birinin şəxsiyyəti müəyyən edilib. Həmin şəxs 1991-ci il təvəllüdlü Yeğeqnadzor şəhər sakinidir.

İstintaq müəyyən edib ki, 2019-cu il 17 sentyabr tarixində saat 23:40 radələrində Yeğeqnadzor şəhərindəki binalardan birinin həyətində 28 yaşlı gənclə aralarında yaranan münaqişə nəticəsində Ara Mxitaryandan başqa həmin hərbi hissənin daha iki zabiti bədən xəsarətləri alıb.

Əldə edilən dəlillər əsasında 28 yaşlı gəncə qarşı CM-nin müvafiq maddələri üzrə cinayət işi açılıb və o, həbs edilib.

Aparılan istintaq araşdırmaları nəticəsində baş verən hadisədə Zaven Qriqoryan adlı şəxsin iştirak etdiyi də müəyyən edilib. O, polkovnik-leytenant Ara Mxitaryana ağır bədən xəsarətləri yetirdiyinə görə həbs edilib. Hadisə üzrə qəbul edilən məhkəmə qərarları barədə əlavə məlumat veriləcəyi qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Döyülmə   Həbs  


Bizi "telegram"da izləyin