Ehtiyatda olan artilleriyaçı, polkovnik-leytenant Eldəniz Hüseynov
Ordu.az-a açıqlamasında təlimlərin əsasən əks hücumun qarşısının alınması üzrə həyata keçirildiyini deyib.
Onun sözlərinə görə, burada əsasən "batareya hücumda - batareya müdafiədə" mövzusunda döyüş atışları həyata keçirilərək qoşunların artilleriya bölmələrinin batareyaları arasında uzlaşma yoxlanılır.
"Hazırkı atışların intensivliyini və dəyişən hədəflərə açılan atəşləri nəzərə alsaq, ehtimal etmək olar ki, işğalçı ordu əks hücumun qarşısının alınması üzrə şərti əməliyyatlar həyata keçirir", - deyə polkovnik-leytenant vurğulayıb.
Aprel döyüşləri zamanı düşmənin artilleriya bölmələrinin fəaliyyətinə yaxşı bələd olan zabit qeyd edir ki, məhz əks hücum zamanı onların kifayət qədər qeyri-peşəkarlığı qeydə alınıb.
"Elə buna görə də, onlar əsasən bu istiqamətdə daha çox təlimlər həyata keçirirlər", - deyə E.Hüseynov əlavə edib.
Qeyd edək ki, döyüş atışlı hərbi təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində həyata keçirilir. Mərmilər isə əsasən rayon ərazisində yerləşən dağ massivlərinə atılır.
Elgün Gəncimsoy
Ordu.az