Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müqaviləli hərbi qulluqçu əvvəlcə Noyemberyan xəstəxanasına, daha sonra isə İrəvana təxliyyə edilib.
Noyemberyan tibb mərkəzindən bildirilib ki, dünən, saat 22:45 radələrində sağ çiyin nahiyəsindən parçalanmış küt yara almış vəziyyətdə bir hərbi qulluqçu xəstəxanaya gətirilib.
Məlumata görə, sözügedən hərbi qulluqçu bu gün səhər İrəvan hərbi hospitalına köçürülüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan baş vermiş hadisəni şərh etməkdən imtina edib.
Qeyd edək ki, dünən, saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.
Həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatı təkzib etmişdi. Faktiki olaraq yayılan məlumatı Ermənistan Müdafiə Nazirliyinin şərh etməməsi erməni diversiya qrupunun sözügedən fəaliyyətini təsdiqləyir.
Alpər Mövludoğlu
Ordu.az