Bu şikayətlər cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində insanların əmlakına dəyən ziyan və ya məhv edilməsi, həmçinin həyat hüquqlarının pozulmasını əhatə edir.
Bunlardan biri də, AİHM-ə 03.05.2016-cı ildə daxil olan Ermənistana qarşı şikayət iddiası verən “Allahverdiyev Ermənistana qarşı” və “Əliyev Ermənistana qarşı” işləridir.
“Allahverdiyev Ermənistana qarşı” işi üzrə şikayət edən 2016-cı ilin aprel ayında Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini Abbas Allahverdiyevdir. Şikayətçi vurğulayıb ki, 02.04.2016-cı ildə gecə saat 03:00 radələrində erməni silahlı qüvvələri Azərbaycanın kənd və şəhərlərini bombalamağa başlayıb. Şikayətçi ailəsinin təhlükəsizliyi naminə onları Naftalan şəhərində məskunlaşdırıb. Şikayətçi özü geri kəndə evinə qayıdıb. Növbəti gün səhər saat 10:00 radələrində evdən çıxarkən evi də bombalanıb. Nəticədə mərminin qəlpəsi onun üz nahiyyəsinə xəsarət yetirib. O, hospitala təxliyyə edilib. Bombalanma zamanı evi və təsərrüfat quşları məhv olub.
“Əliyev Ermənistana qarşı” işi üzrə şikayətçi 2016-cı ildə Azərbaycanın Tərtər rayonu Qapanlı kənd sakini İslam Əliyevdir. O qeyd edib ki, 02.04.2016-cı ildə gecə saat 03:00 radələrində erməni silahlı qüvvələri Azərbaycanın kənd və şəhərlərini bombalamağa başlayıb. Həmin gün Seysulan istiqamətindən Qapanlı kəndi də atəşə tutulub. Şikayətçinin sözlərinə görə, 4 aprel tarixində gecəyarısı mərmilər cəbhə xəttindən 400-500 metr uzaqlıqda olan onun evinin çevrəsinə düşməyə başlayıb. Ailə üzvləri evdə olsa da xəsarət alan olmayıb, lakin evə maddi ziyan dəyib.
Hər iki şəxs İnsan Haqları Avropa Konvensiyası ilə zəmanət verilən həyat hüququnun müvafiq maddələrinin tələblərinin pozulmasından şikayətçidirlər.
Alpər Mövludoğlu
Ordu.az