Erməni hərbi qulluqçu ölümündən əvvəl zorakılığa məruz qalıb - ƏTRAFLI

2019/09/70887-1569583574.jpg
Oxunub: 17408     15:14     30 Sentyabr 2019    
Hərbi qulluqçu Karen Karapetyanın ölüm faktı üzrə İstintaq komissiyası qaranlıq və şübhəli istintaq aparıb. Ermənistan prokurorluğu isə cəmi 5 aylıq ibtidai istintaqdan sonra tələsik şəkildə zərərçəkən tərəfi vaxtında və kifayət qədər maarifləndirmədən, cinayət işini Sünik məhkəməsinə göndərib.

Karapetyan Gümrüdən hərbi xidmətə çağırılmaqla işğal edilmiş Azərbaycan torpaqlarındakı Talış yaşayış məntəqəsində dislokasiya olunan hərbi hissədə qulluq edib. O, 2019-cu ilin 12 mart tarixində saat 06:50 radələrində qoşunların təmas xəttində öldürülüb.

Hadisədən 2 gün sonra İstintaq komitəsi bildirib ki, Karapetyan döyüş mövqeyində silahdaşı tərəfindən açılan atəş nəticəsində sol yuxarı kürək və döş qəfəsi nahiyyələrindən dəlib keçən odlu silah yarasından ölüb.

Əldə edilən dəlil və materiallar əsasında Ermənistan Cinayət Məcəlləsinin xuliqanlıq motivləri əsasında törədilən qətl üzrə müvafiq maddələrinə uyğun hadisəni törədən hərbi qulluqçuya cinayət işi açılıb. Qətl hadisəsinin törədilməsində günahkar bilinən əsgər yoldaşı Artyom Qriqoryan həbs edilib.

Ancaq bir neçə aydan sonra 12-20 il arası, yaxud ömürlük cəza nəzərdə tutulan bir öncəki ittiham maddəsi dəyişdirilərək, silah və sursatla davranış qaydalarının pozulması ilə diqqətsizlikdən insan ölümünə səbəb olma maddəsi tətbiq edilib. Bu maddəyə görə təqsirləndirilən şəxs 4-8 ilədək cəzlandırıla bilər.

Bu ittiham üzrə cinayət işi məhkəməyə göndərilib. Prokurorluğun iddiasına görə, qətl zarafat nəticəsində açılan atəş səbəbindən baş verib. Bildirilir ki, hadisəni törədən Artyom Qriqoryan “N” saylı hərbi hissənin sürücüsü olaraq, silah və sursatla davranış qaydalarını pozub. Avtomatın lüləsini Karapetyana qarşı yönəldib, zarafatla tətiyi çəkib. Nəticədə diqqətsizlikdən açılan atəş Karapetyanın ölümünə səbəb olub.

Məhkəmə tibbi ekspertizasının rəyinə görə sıravi Karapetyan ölümündən əvvəl zorakılığa məruz qalıb. Onun bədənində müxtəlif xəsarətlər aşkarlanıb. Bildirilib ki, xəsarətlər ölmündən 3-5 gün əvvəl törədilmiş ola bilər.

Qətlə yetirilən hərbi qulluqçunun ailəsi rəsmi ittihamda irəli sürülən hekayələrə inanmır. Hətta qətli əsl törədən şəxsin belə Artyom Qriqoryan olduğuna inanmırlar.

Valideynləri heç bir şeydən xəbərdar edilmədiklərini bildirirlər. Yalnız məhkəmə olanda xəbər tutublar. Karapetyanın ölümü barədə ailəsinə Ermənistan Müdafiə Nazirliyində işləyən qohumlarının xəbər verdiyi qeyd edilir.

Ölən hərbi qulluqçu son 4 il ərzində anası ilə Moskvada yaşayırdı. Hərbi xidmət keçmək üçün Ermənistana qayıdıb. Hərbi hissədən heç kimin dəfn mərasiminə gəlmədiyi qeyd edilir.

Hərbi qulluqçuların sığorta fondundan da vəsaiti gecikmələrlə ödədikləri bildirilib. Bildirilir ki, ilk məhkəmə iclası keçirildikdən 2 gün sonra ailəyə məhkəmə keçiriləcəyi barədə bildiriş gəlib. Məhkəmə iclası zərərçəkən tərəf olmadan keçirilib.

Qətlə yetirilən hərbi qulluqçunun anası Şahane Karapetyan növbəti məhkəmə iclasında iştirak edəcəyini bildirib. Zərərçəkənin varisi olaraq hüquqları pozulduğu üçün məhkəmədən cinayət işinin geri ibtidai istintaqa qaytarılmasını tələb edəcəyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin