Gümrüdəki rus hərbi bazası yenidən cərimə edilib – Moskvanın reaksiyası necə olacaq?

2019/01/45654-1546867037.jpg
Oxunub: 29192     12:32     28 Avqust 2019    
Ermənistanın Gümrü şəhərindəki rus hərbi bazası cari il ərzində artıq üçüncü dəfədir ki, cərimə olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi bazaya Ermənistan Dövlət Gəlirləri Komitəsinin sayca üçüncü dəfə nəzarət kassa aparatı cəriməsi tətbiq edilib.

Qurumun informasiya bölməsindən bildirilib ki, hərbi baza tətbiq edilən cərimə ilə razı deyilsə, şikayət komissiyasına müraciət edərək səbəbini aydınlaşdıra bilər.

“Əgər problem aşkarlanıbsa, təbii ki, şirkət cərimə edilməlidir. Əgər bu siyahıda həmin şirkətin adı varsa, digər şirkətlər kimi qanunun elementlərindən birinin pozulmasına yol verilib və cərimələnib” - deyə komitənin informasiya xidməti qeyd edib.

Hazırda Ermənistanda bir çox dairələr bunu Rusiyaya qarşı siyasi aksiya hesab edirlər.

Erməni politoloq Qaqik Hambaryanın sözlərinə görə, əgər rus hərbi bazasından hər hansı şikayət daxil olmursa, deməli baza qanun pozuntusuna yol verdiyini etiraf edir və cərimə ilə razıdır.

“Mən çox şadam ki, nəhayət Ermənistan hakimiyyəti rus hərbi bazası tərəfindən yol verilən qanunsuzluqlara hər hansı şəkildə reaksiya verir. Mən demişəm və təkrar edirəm, bizim təhlükəsizliyimizin vacib qarantlarından biri mənim doğma Gümrü şəhərində yerləşən 102-ci hərbi bazadır. Lakin məsələ burasındadır ki, rus hərbi bazası özünü imtiyazlı hiss etməməlidir. O cümlədən Dövlət Gəlirləri Komitəsi ilə münasibətlərdə qanunlara əməl etməlidir”, - deyə politoloq ifadə edib.

“Gümrüdəki rus hərbi bazası tərəfindən yol verilən qanunsuzluqlar dedikdə, nəyi nəzərdə tutursunuz?” deyə, verilən suala politoloq belə cavab verib.

“Mən məhz həmin Permyakov hadisəsini, ondan əvvəl baş verən çoxsaylı iri və kiçik cinayətləri, xüsusilə Gümrü şəhərində fəaliyyətdə olan hərbi bazanın rus hərbçilərinin yol verdikləri qanunsuzluqları nəzərdə tuturam. Bunlar qətllər, avtoqəzalar, rus hərbi qulluqçular və Ermənistan vətəndaşları arasında baş verən mübahisələrdir. Bununla bağlı çoxsaylı nümunələr gətirmək olar. Biz görürük ki, həmin yol verilən nöqsanlara görə rus hərbi qulluqçular ya cəzalandırılmır, yaxud cəzalandırılsalar da biz bunun nəticələrini görmürük. Ona görə ki, rəsmi Moskva bu cinayəti törədənləri tez bir şəkildə Ermənistandan təxliyyə edir. Heç kim Rusiya Federasiyası ərazisinə aparıldıqdan sonra bu şəxslərin cəza çəkdiklərinə zəmanət verə bilməz”, - deyə erməni politoloq diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Ermənistan   Cəza  


Bizi "telegram"da izləyin