Rəsmi İrəvanın yezidilərə qarşı siyasəti birmənalıdır - Onlar kimdir, Nə istəyirlər və Niyə yaşamalıdırlar?

2019/07/1-1563949178.jpg
Oxunub: 10474     14:58     24 İyul 2019    
Yezidilər dünyanın ən azsaylı milli azlıqlarından sayılır, onların əksəriyyəti Qafqaz, Qara dəniz sahilləri, Mərkəzi Asiya və Ərəbistan yarımadası ərazilərində yaşayır. “Yezidilər Milli Birliyi”nin sədri Əziz Tamoyanın sözlərinə görə, dünyada yezidilərin ümümi sayı 3 milyondan çoxdur. Hazırda rəsmi məlumatlara görə, Ermənistanda bu ölkənin vətəndaşı olan 40620 nəfər yezidi yaşayır. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 50.000-dən çoxdur. Əvvəllər yezidilər və kürdlər eyni etnik qrup kimi göstərilirdi, əslində isə kürd və yezidilər tam fərqli dinə və etnik mənsubiyyətə malik iki müxtəlif milli azlıqlardır. Yezidilərin dili kürd dilindən tam fərqlidir, dinləri isə şərfəddin adlanır.

Yezidi icması Ermənistanda böyük əhəmiyyət kəsb edir. İraq və Suriyadakı münaqişələrin uzanması nəticəsində bir çox yezidi ailələr ciddi demoqrafik və miqrasiya problemləri ilə qarşılaşan Ermənistan hakimiyyətinin vədlərinə aldanaraq Ermənistana köçdülər. Dağlıq Qarabağda əhali sıxlığının artırılması məqsədilə ölkəyə pənah gətirən yezidilərin əksəriyyəti İrəvanın işğal etdiyi ərazilərə göndərildi. Yezidilər 99%-i erməni olan monoetnik Ermənistanın ikinci böyük icmasıdır. Lakin bir çox yezidilər həm Ermənistanda özlərinə qarşı göstərilən münasibətdən, həm işsizlikdən, həm də ölkənin yoxsul olması səbəbi ilə buradan da 3-cü ölkəyə getməyə üstünlük verirlər.


Ermənistanın “Sincar” Yezidi Milli Assosiasiyası da baş verən proseslərdə fəal iştirak edir. “Sincar”ın rəhbəri Boris Murazinin fikrincə, Ermənistandakı yezidilər yerli cəmiyyətə inteqrasiya sahəsində ciddi problemlərlə üzləşirlər, onları səhvən müsəlman hesab edərək təqib də edirlər.

Boris Murazi Ermənistana köçürülən yezidilərə qarşı hücum faktlarını qeyd edərək, onları İrəvan radikallarının hücumlarından qorumaq üçün yezidilərin sıx məskunlaşdığı kəndlərdə yerləşdirməyi təklif edirdi. 2015-ci ilin noyabrında erməni kilsəsi yezidilərlə evlənməyi qadağan etdi, çünki erməni kahinləri qərara gəldilər ki, yezidilər Şeytana ibadət edirlər.

Bu təhqiramiz və alçaldıcı qərar “Erməni yezidi ilə evlənə bilərmi?” başlıqlı məqalə kimi Ermənistan apostol kilsəsinin Ararat yeparxiyasının qahana.am saytında yerləşdirildi. Bu məqalə Ermənistanda yezidilər arasında mövcud gərginliyi bir az da artırdı. “Millətlərarası və mədəniyyətlərarası əməkdaşlıq Mərkəzi” ictimai təşkilatının sədri Saşik Sultanyan Erməni Apostol Kilsəsinin xidmətçisi Yesai Artenyanı, dini duyğuları təhqir edilən yezidilərdən üzr istəməyə çağırdı. Saşik Sultanyan Artenyana istinadən onun cavabını belə ifadə etdi: “Yezidilər günəşə ibadət edirlər. Yezidilərin ziyarətgahlarının girişində, Şeytanın heykəlini görə bilərsiniz. Onlar nəinki Şeytana inanırlar, hətta ondan özlərinə zərər verməməsini də rica edirlər”.

Bundan sonra “Sincar” birliyinin sədri Boris Murazi qahana.am saytında yerləşdirilən kahin Yesai Artenyanın alçaldıcı məqaləsinin silinməsi üçün Erməni apostol kilsəsinin Ararat Patriarxal yeparxiyasına müraciət etdi.

Yezidilərin Ermənistanda həm kilsə, həm məmurlar, həm də millət vəkilləri tərəfindən zaman-zaman təhqir edilməsi faktları milli azlıq arasında ciddi narazılıqlara səbəb olur. Onların bir çoxu çıxış yolunu ölkəni tərk etməkdə görürlər.


2013-cü ildə deputat Manvel Badeyanın parlamentdə həmkarlarına “Siz ki, yezidi deyilsiniz!” deyə müraciət etməsini yezidilər bu günə qədər unuda bilmirlər.

Ermənistanın məhkəmə qərarlarının icrası xidmətinin əməkdaşlarının yezidi qadını və onun uşağını döyərək söymələri məhkəməyə qədər gedib çıxdı. Bu barədə Boris Murazi “Mən yezidi gəlini evə gəlin gətirmərəm” adlı materialla bağlı “Aravot” saytına verdiyi müsahibədə bildirib.

İraqdan Ermənistana pənah gətirən yezidilərin təxminən 70%-i yenidən İraqa qayıtmaq məcburiyyətində qalıb. Suriyadan gələnlərin isə əksəriyyəti digər ölkələrə getməyi üstün tutdular. Bunun əsas səbəbi Ermənistan tərəfindən icra edilən siyasətin nəticəsidir: ölkəyə gələn etnik qrup tam erməniləşdirilməli, yerli əhaliyə qarışdırılmalıdır. Artıq yezidilərin bir hissəsi bu acı tale ilə barışaraq soyadlarını belə dəyişib erməniləşiblər. Lakin dini baxımdan bəziləri müqavimət göstərməyə çalışır, bunun mümkün olmadığını anlayan hissə isə ölkəni birdəfəlik tərk etməyə üstünlük verir. İrəvanın şimalında yerləşən Amre kəndində əhalinin 35 faizi Yevangelist xristianların “protestant”larına çevriliblər.

2016-cı ildə baş verən döyüşlərin ilk dəqiqələrində 5 yezidi əsgərin həlak olması icmanın ciddi narazılığına səbəb olub. İrəvanda “Daşnaksütun” partiyasının büro üzvü Spartak Seyranyanın, “Daşnaksütun” təşkilatının ali orqan nümayəndəsi Aqvan Vardanyanın, “Şangal” Yezidi İttifaqının sədri Fikrət İqrekin, “Avropa yezidiləri icması”nın sədri Tamaz Dasenin, “Avropa assuriyalılar birliyi”nin sədri Laxdo Habilin, Rusiya Federasiyasının Kamçatka vilayətinin qanunverici orqanı deputatı Rəşid Şamoyanın, “Midiya-Şangal yezidilərinin Milli Assosiasiyası”nın sədri Amo Şaroyanın və dönəmin hakim partiyasının iştirakı ilə bir toplantı keçirildi. Təbii ki, milli etnik zəmində baş verən daxili problemlər KİV-lərdə tam işıqlandırılmır. Lakin bir gündə 5 yezidi əsgərin ön xəttdə həlak olması bütün dünya yezidilərini sarsıtmaya bilməzdi. Hansı qərarların qəbul edildiyi məlum deyil, lakin yezidilərin Ermənistandakı problemlərinin azalmadığı aşkardır.


KİV-lərdə Tamoyan tərəfindən Ermənistanda yezidilərin hüquqlarının ermənilər tərəfindən pozulması barədə davamlı olaraq bəyanatlar səsləndirilir. Əsasən, erməni soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə, 1990-cı ildən İrəvanda “Danqs Ezdya” (“Yezidinin səsi”) qəzetini nəşr etdirirlər. Yezidilərə Ermənistanda aşağı millət kimi baxırlar. Yezidilərin adət-ənənələri yerli ermənilər tərəfindən rişxəndlə qarşılanır.

Yerli televiziya kanallarından birində “Nə? Harada? Nə vaxt?” verilişində iştirak edən Manvel Badeyan jurnalistlərdən birinin “Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?” sualını cavablandırarkən deyib: “Elə bilirsən, jurnalistsənsə, axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezidi belə sual versəydi, təəcüblənməzdim”.

2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində yezidlər Ermənistanın hakim Respublika Partiyasına 40 min səs verdiklərini bildirir və öz problemlərinin həllini Serj Sarkisyanın üzərinə qoyurlar. İqtidar isə “Ermənistan ermənilər üçün” prinsipini irəli çəkərək, yerdə qalanları mədəni şəkildə ikinci dərəcəli ermənilər olmağa dəvət edirdi. Hazırda İrəvan dünya ictimaiyyətinə nümunə olaraq yezidiləri göstərməyə çalışır, çünki onlardan başqa ölkədə digər etnik qrup demək olar ki, yoxdur. Ölkədə yaşayan rus, yunan, aysor, kürd, gürcü və farsların toplam sayı, ölkə əhalisinin təxminən 0.5 faizini təşkil edir. Lakin ermənilər daim belə bir gülünc etnik tərkibi dünyaya nümunə kimi göstərməyə çalışırlar.

Yezidilərin sıxışdırılması və çıxış yolları

Ermənistan mətbuatında yezidilərlə əlaqəli açıqlanan qorxunc hadisələrin sayı kifayət qədərdir. Hərbi xidmətlə əlaqədar isə yezidilərin istismar edilməsi danılmazdır. Ermənistanda yaşayan yezidilərin üzləşdiyi çox sayda problem mövcuddur. Dəfələrlə milli ayrı-seçkiliyə məruz qalan yezidilər Ermənistanda hüquqlarının tapdalandığı barədə məlumatları yetərincə tirajlaya bilmirlər. Xronoloji ardıcıllıqla onlardan bir neçəsinə diqqət yetirək.


2009-cu ilin iyununda Ermənistanda yezidi Məcid Qasoyan, Zərifə Qasoyan, qızları Narine və nəvəsi Tengizin evlərində ölü tapılması dünya yezidilərini ciddi narahat etdi. Belə ki, Abovyan rayonunda var-dövlətlərinə görə qətl edilən ailə üzvlərinə 80-dən çox bıçaq zərbəsi vurulub və ailənin bütün üzvləri cinsi zorakılığa məruz qalıblar. Qeyd edək ki, qonşuları tərəfindən təcazüzə və qətlə məruz qalan yezidi ailəsi xeyirxah və humanist bir ailə kimi tanınırdı. Bu hadisəyə kəskin reaksiya verən yezidilər qeyd ediblər ki, bu hadisə birinci deyil, dəfələrlə yezidilər ermənilərə etibar edib və sonda həyatlarını belə başa vurublar. Qonşuları ermənilərin yezidiləri millət saymadıqlarına görə öldürdüyünü bildiriblər. Assimiliyasiya olunmaq istəməyən yezidilər ermənilər tərəfindən bu metodlarla qorxu altında saxlanılır.

2011-ci ilin avqustunda isə Ermənistandakı Zovuni kəndində ermənilərlə yezidilər arasında dava düşdü. Dava edən ermənilərdə ov tüfəngləri olsa da, onlar atəş açmayıblar. Mübahisə zamanı 7 yezidi müxtəlif bədən xəsarəti aldı.

2017-ci ilin avqust ayının əvvəlində Ermənistanın Araqatsotn vilayətində, Armavir vilayətinin 50 yaşlı sakini Telman Kalaşyan əsasən yezidi kürdlərinin yaşadığı Şamiram kəndinin qəbiristanlığında yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş zala daxil olaraq mərasim iştirakçılarını gülləbaran etdi. Hadisə nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralandı.

Həmin ilin avqusun 21-də yezidi əsilli əsgər Valodya Sloyan “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyərkən saxlanıldı.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail oldu. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirdi.

2017-ci ilin noyabrın 4-də Ermənistanın Armavir (Sərdarabad) vilayətinin Norapat kəndində baş verən yanğın nəticəsində, evsiz qalan 11 ailədən biri də milliyətcə yezidi ailəsi idi. 3 nəfərdən ibarət yezidi ailənin başçısı Gülüzar Qasoyan heç kəsin onların problemi ilə maraqlanmadığını, artıq 10 gündən çoxdur ki, açıq havada yaşadıqlarını bildirdi. O, Qarabağ müharibəsi zamanı əlil olmuş oğlu ilə yanaşı, 20 yaşlı övladının da xəstə olduğunu qeyd edirdi.


Ermənistan hökumətinin yezidilərə qarşı laqeyd münasibət göstərdiyini bildirən Gülüzar, yezidilər birliyinin sədri Əziz Tamoyana müraciət etsə də onun müraciətləri nəticəsiz qaldı. Tamoyan, özünün də xəstə oldugunu və müalicə aldığını bildirərək, bu ailəyə kömək etməkdən boyun qaçırdı.

Beləliklə, Ermənistanda sıxışdırılan və təhqirlərə məruz qalan daha bir yezidi ailəsi taleyin ümidinə buraxılıb. Gülüzarın həmkəndliləri, yezidilərə qarşı davam edən ayrıseçkilik fonunda, övladlarını hərbi xidmətə göndərməyəcəklərini bildiriblər.

2018-ci ilin fevralın 12-də erməni KİV-lərində yayılan digər bir xəbərə görə isə milliyətcə yezidi olan 31 yaşlı Alik Hasanyan Ermənistanda girov vəziyyətinə düşüb. Onun 7 yaşından Ermənistanda yaşamadığı və bu müddət ərzində Rusiyada, Almaniyada qaçqın kimi yerləşdiyi məlum olub. Alik 3 ildir şəxsiyyət vəsiqəsi almaq üçün dövlət qurumlarının qapılarında qalıb. Vaxtilə yaşadığı Aştarak ərazi şəxsiyyət vəsiqəsi xidmətindən bildiriblər ki, hərbi komissarlıqda qeydiyyatda olmadığına görə, ona sənəd verə bilməzlər.

Komissarlıqdan isə hərbi xidmətdən yayındığına və 27 yaşı keçdiyinə görə, 3 milyon 600 min dram cərimə ödəməli olduğunu tələb edirlər. 2015-ci ilədək Ermənistanda hərbi xidmətdən yayınlar 1 milyon 800 min dram ödəyirdisə, keçən il sonu qəbul edilən qərara görə bu rəqəm 2 dəfə artırılıb. Beləliklə yezidi gənc Ermənistandakı bütün hüquqlarından mərhum olub və istənilən vaxt hərbi xidmətdən yayındığına görə həbs edilə bilər.


Alik Hasanyan Üçmüədzin yaxınlığındakı Tsiatsan kəndində doğulub. Atası Abuzət Hasanyan 1993-cu ildə ailəsini də götürərək Rusiyaya gedib. 7-8 yaşında olarkən Ermənistanı tərk edib və geri qayıtdıqda əvvəl Aştarak, sonra Abovyan şəhərlərində kirayə yaşayıb.

Onun vəkilinin sözlərinə görə, Alik Hasanyan Ermənistan vətəndaşı hesab edilmir, Abovyan şəhər komissarlığında qeydiyyatı da yoxdur. Ordudan yayınma və cərimə ödənilməsi Ermənistan vətəndaşlarına şamil edilir, Alik Hasanyanın isə hələ vətəndaşlıq sənədi yoxdur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan isə komissarlığın pul tələb etməsinə şübhə ilə yanaşdığını bildirib.

Abovyan komissarlığından isə onu təkrar çağıraraq, verdiyi məlumatları təkrar yoxlamağa başlayıblar.

Məlum olub ki, onun Rusiyada müvəqqəti yaşamaq hüququ olub, 2010-cü ildə Almaniyaya gedib. 2015-ci ilin 24 sentyabr tarixində Almaniyadan Ermənistana deportasiya edilib. Almaniyada qaçqın statusu olsa da, Ermənistanda müharibə olmadığını əsas götürən alman hökuməti onu deportasiya edib.

Bununla bağlı Ermənistan miqrasiya xidmətindən bildiriblər ki, onun qaçqın statusu olduğu şübhə doğurur. Adətən qaçqın statusu olmayanlar deportasiya edilir.

Ermənistanın qaçqınlar komitəsi isə bildirib ki, onun geri Ermənistana qaytarılması üçün hardasa qeydiyyatı aparılıb və hər hansı bir sənəd təqdim edilib.

Ancaq Alik Hasanyan iddia edir ki, heç bir qanun pozuntusu yoxdur. Təhlükəsizlik xidmətinə və Zvartnots hava limanına müraciət etsə də heç biri, ona hər hansı sənəd təqdim etməyib. Onun əlində yalnız doğum kağızı var. Ermənicə pis danışan yezidi İrəvanı tanımır. Krasnodara anasının yanına getmək istəyən Alik hazırda Ermənistanda girov vəziyyətindədir.


2018-ci ilin martın 6-da “Joğovurd” qəzetinə istinadən Ermənistan Yezidilər Birliyinin sədri Əziz Tamoyan keçmiş icra nümayəndəsi Serjik Avetisyanın yezidilərin Zovuni kəndində yerləşən məzarlığını zəbt edərək torpaq sahəsini öz oğluna verməsi barədə məlumat yaydı.

Yezidilər yaxınlarını dəfn etməyə məzar yeri tapmaqda çətinliklə üzləşiblər. Narazı sakinlər kənd icra nümayəndəliyinə gedərək ərazinin sənədlərini araşdırıblar və məlum olub ki, həmin ərazi keçmiş kənd rəhbərinin oğluna məxsusdur.

Digər bir məlumata görə, Avetisyanın oğlu məzarlığı sakinlərə yalnız pul müqabilində qaytarmağa razıdır. Yəni sakinlərin öz məzarlıqlarını onlara pulla satmaq istəyir.

2018-ci ilin martın 14-də Ermənistanda yaşayan milli azlıqların yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazı olmaları barədə məlumat yayıldı. Onlar öz etirazlarını Ermənistan parlamentinin deputatlarına ünvanladıqları açıq məktubda ifadə edirdilər.

Sözügedən məktubda Ermənistanın prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçməsi ilə milli azlıqların az da olsa saxladıqları hüquq və imkanların məhdudlaşdırılacağı qeyd olunurdu.

Bildirilib ki, bu vaxtadək Ermənistanda milli azlıqlarla iki dövlət orqanı məşğul olub. Onlardan biri prezident administrasiyası yanında milli azlıqların milli-mədəni təşkilatlarını tənzimləyən şura (aktiv fəaliyyətdədir), digəri ictimai şuranın milli azlıqlar məsələləri üzrə komissiyasıdır (fəaliyyət göstərmir).

Məktubda qeyd edilib ki, milli azlıqların dövlətin müdafiə və qayğısına ehtiyacları var: “Dövlət tərəfindən aktiv fəaliyyət göstərən bu qurum ləğv edilməklə milli azlıqlar hüquqlarından məhrum ediləcək”.


Milli azlıq nümayəndələri Ermənistanın müvafiq orqanlarına müraciət edərək, onların hüquq və səlahiyyətlərini məhdudlaşdırmamağa çağırırdılar. Müraciəti Ermənistan prezident administrasiyası yanında milli azlıqları tənzimləmə şurasının 14 üzvü imzaladı:

İrina Saqradova - Qasparyan Aysor icması
İrina Poqosyan - Taboliç Belarus icması
Qalina Qavriloviç - Belarus icması
Viktor Vaxrer - Alman icması
Martin Minasyan - Alman icması
Liana Harutyunyan - Polşa icması
Dculia Dombayan - Polşa icması
Anna Harutyunyan - Ukrayna icması
Sergey Raçko - Ukrayna icması
Rima Varjapetyan - Yəhudi icması
Villi Vayner - Yəhudi icması
Aida Harutyunyan - Rus icması
Marina Kamisidi - Qalstyan Yunan icması
Svetlana Namçevadze - Gürcü icması


2018-ci ilin avqustun 4-də Milli azlıqlar dini ayrı-seçkiliyə məruz qaldıqlarını növbəti dəfə dilə gətirərək, yezidilərin dinlərinin qorunub saxlanılması və yayılması məsələsində çox ciddi problemlərlə üzləşdiklərini, Şarfadin haqqında heç bir yazılı mənbənin, ədəbiyyatın yoxluğundan, yezidi uşaqlara məktəbdə “Erməni kilsəsinin tarixi” fənninin tədris edildiyindən hökumətə, həmçinin bu yaxınlara qədər təhsil naziri olan Armen Aşotyana da müraciət ediblər.

Sonuncu isə belə cavab verib: “Erməni kilsəsinin tarixi”nə qarşı çıxanlar qərbin qrant yeyənləridir”.

Bu məsələ ilə bağlı yezidilər katalikosla görüşdə ona da müraciət ediblər. O da yezidiləri aldatmağa cəhd edib. Bu isə bir çox yezidilərdə çox sayda cavabsız qalan suallar yaradır və insanlar cavabları başqa ölkələrdə axtarmaq məcburiyyətində qalırlar.

Yezidi dili əsasən region məktəblərində tədris olunur, İrəvanda isə 7 mindən çox yezidin yaşamasına baxmayaraq, bu dil ancaq iki məktəbdə tədris edilir. Dərsliklərin keyfiyyəti ürəkaçan deyil, müəllimlərin sayı az və maaşı cüzidir.

Əsas ciddi problem ondadır ki, Ermənistan yezidiləri müxtəlif dillərdə danışır və onların mədəniyyətlərindən fərqlənən xalqın təsiri altına düşürlər.

“Yezidilər Milli Birliyi”nin sədri Əziz Tamoyanın dediyinə görə yezidilərin təhsilə həvəsi də çox aşağı səviyyədədir: “Çox az yezidi tapılar ki, öz dilində yarım səhifə yaza bilsin”.


Bu isə yuxarıda qeyd etdiyim kimi, azlıq təşkil edən etnik qrupun çoxsaylı yerli əhali arasında yox olması deməkdir. Bir xalqı yalnız onun tarixi, dili və ədəbiyyatı gələcəyə daşıya bilər. Hazırda yezidilər təhlükəsizlik baxımından kompakt olaraq Araqosotn rayonunda yaşamağa məcburdurlar, lakin hökumətin “təhsilin optimallaşdırılması” adı altında məktəbləri ixtisar etməsi yezidilərin təhsilə olan maraqlarını daha da azaldıb. Yetkinlik yaşına çatmadan evlənməyə meylli olan yezidilərin məktəb üçün uzaq kəndlərə gedəcəyi real görünmür. Savadsız yezidilərin daha asan idarə edilməsi isə İrəvandakı mərkəzi hakimiyyətin maraqlarına tam yuğundur.

Hətta region üzrə mənzərə fərqlidir. Məsələn, Gürcüstanda yezidi ibadətgahı var, onun dini lideri də öz missiyasını çox yaxşı yerinə yetirir, icma da öz dinindən kifayət qədər yaxşı məlumatlıdır. Ermənistanda isə Aknaliç kəndində ziyarətgah var, amma o, mənəvi və mədəni mənada yezidilər üçün mərkəz ola bilməyib.

Maraqlısı bundadır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra da yezidilərin həm hərbi xidmət, həm təhsil, həm etnik, həm də dini problemləri heç də azalmayıb, əksinə daha da artıb. Bəzi problemlərin həlli isə Ermənistandan çox cüzi xərclər tələb edir. 5-6 məktəbi bir fənn üzrə dərs vəsaiti ilə təmin etmək kimi çap işlərinə 3000 dollara qədər vəsait tələb olunur. Çox da böyük sərmayə yatırmadan yezidilərin qarşılaşdıqları problemləri həll etmək mümkündür. Lakin nə Köçəryan, nə Sarkisyan, nə də Paşinyan bu məsələlərlə məşğul olmaq arzusunda olmayıblar və bu gün də belə bir fikirləri yoxdur. Bütün bunlar isə milli azlıqların assimlyasiyasının Ermənistan dövlət siyasətinin bir parçası olduğunu göstərir. Yaxın 15-20 ildə yezidilərin erməniləşdirilməsi prosesi əsasən bitmiş hesab oluna bilər. Diqqət etsək, yerli hakimiyyət tərəfindən yaradılan milli kimlik, din, təhsil məsələlərində problemlər yezidilərə 3-cü seçim imkanı vermir: ya özləri milli kimliklərindən imtina edərək erməni ad və soyadlarını götürüb, səslərini çıxarmadan əvvəlki kimi sürünməyə davam etməli, ya da baş götürüb bu ölkədən getməlidirlər.

2018-ci ilin noyabrın 13-də Ermənistanda yaşayan yezidilər Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, hazırkı Paşinyan hakimiyyəti tərəfindən xalqa qarşı milli zülm siyasəti aparıldığını bildirdilər.


Yezidilər Paşinyan hakimiyyətinin etnik azlıqlara qarşı formalaşdırdığı siyasətə etiraz edərək bəyanat yaydılar. Bəyanatda Ermənistanın Araqatsotn vilayətində PKK ofisinin yerləşməsi və fəaliyyətləri barədə məqamlar da qeyd olunub.

Bəyanatda deyilir:

“Məxməri inqilabla baş verən hakimiyyət dəyişikliyindən sonra müxtəlif yaşayış məntəqələrində minlərlə insan vəzifələrə təyin edilib. Ermənistanda say çoxluğuna görə ermənilərdən sonra sayca ən çox yezidi xalqı gəlir. Lakin heç bir yezidi heç bir vəzifəyə təyin edilməyib. Ali təhsilli yezidi gənclər çoxdur, lakin bu şəxslər Ermənistanı tərk edirlər.

Yezidilərin milli birliyi mövcuddur ki, onun da sədri Əziz Tamoyandır. Hakimiyyət mənsubları heç vaxt onunla görüşməyib və ya hər hansı bir qəbul keçirməyib. Əziz Tamoyan 1988-ci ildən başlayaraq İrəvan Dövlət Universitetində professor Qarnik Asatryanın dəstəyi ilə Cangir ağa adına hərbi dəstə yaradıb və Əziz Tamoyanın rəhbərliyi ilə 500 könüllü yezidi Qarabağda olduğu kimi, Yerasx cəbhəsində də iştirak edib. Yezidilər 40-dan çox itki veriblər.

Həmçinin Tamoyanın rəhbərliyi ilə təşkil edilmiş xüsusi dəstə Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılmasında da yaxından iştirak edib. Lakin hakimiyyət tərəfindən bunların heç biri qiymətləndirilmir. Keçmiş hakimiyyət dövründə olduğu kimi, indiki hakimiyyət tərəfindən də yezidi xalqına qarşı milli zülm siyasəti aparılır.


Araqatsotn vilayətinin Rya Taza kəndində kürd işçiləri olan, Kürd Fəhlə Partiyasının (PKK terror təşkilatı nəzərdə tutulur – red.) ofisi var. Onlar Türkiyə sakinləridir. Daim yezidi kəndlərində gəzir və yezidilər kürddür, deyə təbliğat aparırlar. Bu barədə yezidi milli birliyi Ermənistan hökumətinə yüzlərlə məktub ünvanlayıb. Susqun dururlar, problem isə həll edilmir. Eyni zamanda qeyd etmək lazımdır ki, Kürd Fəhlə Partiyası beynəlxalq səviyyədə terrorçu partiya olaraq tanınır. Maraqlıdır ki, həm köhnə, həm də mövcud hakimiyyət Yezidi icmasına qarşı ayrı-seçkilikləri görməməzliyə vurur. Məsələn, bizim icmamızı seçkilərdə nəzərə almırlar.

Ermənistanda kürdlərdən parlamentə deputat seçiblər. Yezidiləri isə hesaba almırlar. Bir sözlə hakimiyyət Yezidi milli birliyi ilə hesablaşmır. Ermənistanda milli azlıqlar 2%-dən az bir hissəni təşkil edir. Dünyada ikinci belə bir ölkə yoxdur. Nə qədər gec deyil, imkan verin yezidilər öz namizədini seçsinlər. Əgər belə davam etsə, bu Ermənistanı tərketmə köçünə təkan verəcək. Bir ay öncə yezidilərin milli birliyi tərəfindən icmanın nümayəndələri olan Xıdır Hacoyanın və dini lider Bro Hasanyanın namizədliyi irəli sürüldü. Bir ay sonra, noyabrın 7-də İrəvanda yerləşən “Vətəndaş müqaviləsi” partiyasının ofisində təqdim edilən namizədlər haqqında şəxsi sənədlərin təqdim edilməsini də istəyiblər. Noyabrın 9-da isə deyiblər ki, artıq siyahılar tərtib edilib və daha gecdir.

Tələb edirik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsən siyahıları tələb etsin və reallığı müəyyən etsin. Yezidi icmasının namizədlərinin adları hamıdan birinci təqdim edildiyi halda, indi gec olduğunu deyirlər. Yazıldığı deyilən 4 namizədin adlarının etibarsız elan olunmasını tələb edirik. Əks halda yezidilərə qarşı bir təyinat olacağı təqdirdə yuxarılar tərəfindən təyin edilən namizədi tanımayacağıq. Son illərdə Ermənistandakı kəndlərin köhnə adları da dəyişdirilib, o cümlədən Kotayk vilayətinin Amo kəndi Zovuni adlandırılıb. Bir daha təkrarlayırıq, heç kimin kənardan bizim adımızdan qərar verməsinə ixtiyarı yoxdur”.


Ərizəçilər:

Bro Hasanyan (Mənəvi lider)
Xudoyan Mako
Sloyan Kərəm
Sloyan Xıdr
Acamyan Çolo
Acamyan Valod
Asoyan Qoqo
Ase Aliyan
Surik Avdalyan


2019-cu ilin fevralın 2-də milliyətcə yezidi olan 19 yaşlı Yurik Broyanın irsi keçən psixi xəstəliyi olsa da 2018-ci ilin avqust ayında mərkəzi hərbi tibb komissiyası onu müayinə edərək tibbi sənədlərində “yüngül zehni çatışmazlıq” diaqnozunu yazır. Psixi xəstəlikdən əziyyət çəkən Yurik Broyan hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edilərək orduya çağırılır.

Hərbi xidmətə yola düşdükdən bir neçə gün sonra yezidi gənc çağırışçını “bad” ləqəbli tabor komandiri qəddarcasına döyür və bundan sonra Yuriki “Kanaz” psixatriya xəstəxanasına təxliyyə edirlər.

Broyan başı sallanmış vəziyyətdə çətinliklə addımlayır, başını qaldıra bilmir, vaxtaşırı əsməyə düşür, danışa bilmir, yalnız başı ilə müsbət və ya mənfi cavab verir, qısası onun iflic olduğu şübhəsizdir.

Broyanın vəkili Hayarpi Sarkisyan həyəcan təbili çalaraq söyləyir ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən göstərilən bu cür qeyri-qənaətbəxş münasibət işgəncədən başqa bir şey deyil.

Milliyyətçə yezidi olan hərbi qulluqçu Yurik Broyan, nədənsə Sovetaşendəki “Nubaraşen” psixatriya mərkəzinə keçirilir. Vəkili Hayarpi Sarkisyan ona baş çəkərkən hüquqlarını müdafiə etdiyi şəxsi qeyri-insani şəraitdə gördüyünü və dəhşətə gəldiyini açıqlayıb.


Sarkisyan bildirir ki, onu çətinliklə içəri buraxırlar. Eyni otaqda 20 xəstənin yerləşdirildiyini söyləyən hüquqşünas hüquqlarını müdafiə etdiyi Yurik Broyanın üzərindən olduqca dəhşətli qoxu gəldiyini vurğulayıb. O, burada dəhşətli şərait olduğunu və gördüklərini sözlə ifadə edə bilməyəcəyini qeyd edib. Belə bir qeyri-insani məkanı daha öncə görmədiyini vurğulayan vəkil, bunun biabırçılıq olduğunu söyləyib.

Onun sözlərinə görə, sanki insanlara işgəncə vermək üçün nəzərdə tutulmuş bu məkanda, hətta qoruyucu ilə də nəfəs almaq mümkün deyil.

Məlumata görə, guya Broyan özü istəmədiyi üçün hamama getmir. Bura gələnədək 40 gündən artıq hərbi polisdə saxlanılan Broyan orada nə yuyunmağa aparılıb, nə də yetərli qida ilə təmin edilib, hərbi polisdə isə ona qarşı olduqca kobud davranılıb. Vəkil belə bir cinayət əməli ilə bağlı veriliş hazırlamağı düşündüyünü qeyd edib.

Broyan öz vəkili ilə müəyyən əl-qol jestləri etməklə ünsiyyət saxlayır. Ona “Kanaz” xəstəxanasında qeyri-müəyyən iynələr vurulduqdan sonra xəstəliyi və əsmə halı daha da kəskinləşib.

Xatırladaq ki, yezidi əsgərin xəstəxanalarda dövr etməsi, 2018-ci ilin avqust ayında xəstə olmasına, məhdudiyyətlərinə baxmayaraq hərbi xidmətə çağırılmasından sonra başlayıb. Lakin Ermənistan Müdafiə Nazirliyi yezidi əsgəri “simulyant” hesab edir.


Artıq əlil olan hərbi qulluqçu haqqında Ermənistan prokurorluğunda hərbi hissənin tabor komandiri tərəfindən ona qarşı tətbiq edilən zorakılıq, psixatriya xəstəxanasının əməkdaşı ilə münaqişə, özünə xəsarət yetirmə cəhdləri olmaqla 3 cinayət işinin istintaqı aparılır. Sonuncu cinayət işi müxtəlif yollarla hərbi xidmətdən yayınma halı olaraq cinayət məcəlləsi çərçivəsində araşdırılır.
Əsgərin anası qeyd edib ki, oğlu 7 aydır xəstə olsa da, heç kim onu dinləmir. Hərbi polisdə ac saxlanıldığını, özü gedib ona yemək yedirtdiyini qeyd edən yezidi ana oğluna qarşı çox kobud davranıldığını, hətta çimməyə aparmadıqlarını bildirir.

Onun sözlərinə görə, onu xəstəxanada hamama aparmaq istəsə də, xəstəxananın hamam dəsmalı olmayıb. Ordu günü ilə bağlı tədbirdə Davit Tonoyan jurnalistlərin sualına cavab verərkən, qeyd edib ki, yezidi əsgər Yurik Broyana qarşı xüsusi yanaşma var. Bununla da Ermənistan Müdafiə naziri yezidi əsgərin kompleks ekspertizasını keçirəcək həkim və müstəntiqlərə pərdəarxası ismarıc göndərib.

Davit Tonoyanın xəstə əsgərin anasının məktublarına cavab verməməsindən məlum olur ki, nazir onu qəbul etməyəcək. Faktdır ki, o, bir dəfə də olsa, yezidi əsgərə nə baş çəkib, nə də vəziyyəti ilə maraqlanıb. Görünən odur ki, Tonoyan bu addımı öz nüfuzuna yaraşdırmır.

Vəkil Ombudsmanla əlaqə saxladıqda, ona cavab veriblər ki, belə vəziyyətdən xəbərdardır və bir daha həmin məkana baş çəkəcəklər. Lakin hələlik heç nə dəyişməyib.

Yezidi əsgərin vəkili Tonoyanın rəsmi fəaliyyətsizliyinə qarşı prokurorluğa şikayət edəcəyini bildirir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi isə Silahlı Qüvvələrdə hərbçinin ləyaqətini ləkələdiyinə görə bu cür şəxslərə yer yoxdur, deyə əsgər haqqında fikirlərini bildirib.


Hazırda hərbi prokurorluğun 4-cü qarnizon istintaq idarəsində onunla bağlı 3 hadisə araşdırılır. Bunlar hərbi hissədə döyülmə, “Kanaz” psixatriyasında zorakılıq, həmçinin orada sağlamlığının kəskin pisləşməsinə səbəb olan dərmanların qəbul edilməsi hallarıdır. Yurik artıq 4 aydır ki, danışmır.

Yezidi əsgərin anası Marine Broyan bildirir ki, oğlunun irsi psixoloji xəstəliyi olmasına baxmayaraq onu işğal altında olan Qarabağdakı Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissəyə hərbi xidmətə göndəriblər.

İki həftədən sonra əsgər, döyülmüş, əzilmiş, kəsilmiş damarla Ağdərə hospitalına yerləşdirilib. O, anasına izah edib ki, Ağdərədəki hərbi hissənin “Bad” ləqəbli tabor komandiri tərəfindən qəddarcasına döyülüb. Daha sonra Yurik bu hadisə barəsində jurnalistlərin “insan hüquqları naminə” təşkilatının vəkili Hayarpi Sarkisyana danışıb.

Bildirilir ki, erməni komandir uzaqdan Yuriki çağıraraq, siqareti yerə atıb və ona götürməsini əmr etsə də, Yurik götürməyib. Bu zaman, komandir yumruqla onun beyin nahiyəsinə zərbə endirib. Bu hadisə baş verərkən daha iki hərbi qulluqçu şahid olub. Başına zərbə aldıqdan sonra yerə yıxılan yezidi əsgərin başına ayaqla zərbələrin endirilməsi davam edib.

“O, 5 gün pis münasibət göstərildikdən sonra 28 avqust tarixində Ağdərə hospitalına yerləşdirilib. Növbəti gün Xankəndindəki psixatriya xəstəxanasına aparmaqla ona müəyyən dərmanlar içiriblər. Döymə və psixatriyada yol verilən zorakılıq faktı ilə bağlı araşdırmalar aparılmalıdır. Zərərçəkən ağır vəziyyətdədir. Bütün istintaq tədbirləri təxira salınıb. Yezidi əsgərin xidməti psixatriya xəstəxanalarında və hospitallarda keçib”, - deyə vəkil etiraz edib.


Yuxarıda qeyd olunanları bir daha xatırladaq ki, faktiki olaraq, o, 2018-ci ilin avqustun 11-də hərbi xidmətə çağırılıb və avqustun 23-də döyülüb. Xankəndi psixatriya xəstəxanasından Yurik Broyan İrəvana “Kanaz” psixatriyasına köçürülüb. Yezidi əsgərin anası bildirib ki,oğlunu psixatriyada çox ağır vəziyyətdə görüb, danışma qabiliyyətini itirib və titrəməyə tutulub.

İyulun 15-də isə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi məlumat yayaraq bildirib ki, müalicədən sonra hərbi qulluqçu xəstəxandan xaric edilib və o, naməlum istiqamətdə gedib. Hərbi polis hərbi qulluqçunun anası ilə əlaqə saxlayıb. Anası cavabında bildirib ki, oğlu hərbi hissəyə getmək niyyətində deyil. Nəticədə hüquq müdafiəçilərinin müdaxiləsindən sonra yezidi hərbi qulluqçu hərbi hissəyə deyil, hərbi tibb komissiyasına təqdim edilərək hospitala yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyi yezidi qadına və onun oğluna qarşı laqeyd münasibət bəsləyib. Qadın müraciətlərinin heç birinə cavab ala bilməyib, lakin problemin yayımlanmasından sonra Müdafiə Nazirliyi əsgərin ləyaqətini alçaldan bəyanat yayaraq, onu “simulyant” adlandırıb.

Hazırda icraatı həyata keçirən müstəntiq onun ambulator psixi, tibbi məhkəmə və məhkəmə tibbi komissiyalarının kompleks yoxlamasından keçməsi haqqında qərar qəbul edib.

Bu siyahını bir az da davam etdirmək mümkündür, lakin düşünürəm ki, sadalanan faktlar yezidilərə Ermənistandakı mövcud durumları barədə kifayət qədər real təsəvvür yaratmağa imkan verir. Ermənistanda milli azlıqların hüquqlarını qorumağa müvəkkil edilən təşkilatların dövlətə bağlı olması, bu problemləri qabardan KİV-lərin sıxışdırılması, yezidilərin idarəetmə və qanunverici orqanlarda təmsil edilməməsi, onlara qarşı normal münasibət bəslənilməməsi, hərbi xidmətə çağırılan şəxsi heyətin alçaldılması, bir sözlə cəmiyyət tərəfindən ikinci növ vətəndaş kimi qəbul edilməsi Ermənistanın monoetnik siyasətinin tərkib hissəsidir.


Ermənilər “Yezidilər Milli Birliyi”nin sədri Əziz Tamoyanın alnına bir neçə dəfə tapança da dirəyiblər, lakin buna baxmayaraq, qorxu altında yaşayan Ə.Tamoyan daim yezidilərin erməniləri dəstəklədiyini bəyan edir. Ermənistan xüsusi xidmət orqanları onun ailəsinin qorxu altında yaşamasını etiraf etməsə də, Ə.Tamoyan sifarişləri Ermənistan təhlükəsizlik nazirliyindən aldığını gizlətmir. Maraqlısı budur ki, məhkəmə zamanı yezidiləri 1915-ci il hadisələrində türklərə kömək etməkdə ittiham edən ermənilər, onları ölkələrində Türkiyənin agenti adlandırırlar. Bu cür irqçi siyasət yeridən Ermənistanın, İraq və Suriya vətəndaşı olan yezidiləri Dağlıq Qarabağa dəvət etməsi də gülünc görünür.

Yezidi liderləri də ermənilərin arasında daim təzyiq altında yaşamamaq üçün onları birləşməyə çağırır, öz dövlətlərinin və ya heç olmazsa hələlik "Yezidistan" muxtariyyətinin yaradılması üçün birləşməyi tövsiyə edirlər. Nə qədər ki, imkan var, yezidilər bu real şansdan yaralanmağı düşünürlər. Dolayısı ilə daim bütün qonşuları ilə münasibətdə muxtariyyat adı ilə ərazi iddiasında olan Ermənistan hazırda yezidilərin eyni tələbləri ilə qarşılaşıb. Maraqlıdır görəsən Qarabağa, Samtsxe-Çavaxetiyaya və Cənubi Azərbaycan ərazilərinə iddia edən rəsmi İrəvan eyni müstəqilliyi yezidilərə təqdim etməyə hazırdırmı?

İstənilən halda İrəvan bu meyllərin boğulması məqsədilə bir-iki nəfər yezidinin parlamentdə və hakimiyyətdə təmsil olunması variantına üstünlük verə bilər. Lakin yezidilərin digər tələblərinə reaksiya əvvəlki kimi olacaq, onların muxtariyyat tələbləri elə tələb olaraq da qalacaq. Bunu gerçəkləşdirmək üçün Paşinyan hakimiyyəti ilə onun anladığı üsyan dilində danışılmalıdır.

Yezidilərin bəxti onsuz da heç vaxt gətirmir, onları öncə ruslar, sonra isə ABŞ, İraq və Suriyanın mərkəzi hökuməti müdafiə etmədi. Ermənistan da bu mənada istisnalılıq təşkil etmədi, yezidilər burda da yerli çoxluğun təzyiqlərinə tap gətirməyə məcbur oldu.

Mosul ərazisində yezidilərin kütləvi şəkildə basdırıldığı bir neçə məzarlıq tapıldı. İŞİD tərəfindən salınan məzarlıqların birində təxminən 2014-cü ildə basdırıldığı güman edilən 340 yezidinin, digərində isə 73 yezidinin qalıqları aşkarlandı. Yezidilər nə İraqda, nə də şirin vədlərinə inanıb gəldikləri Ermənistanda rahatlıq tapa bilmədilər. Onlar əvvəlki kimi yenə də qorxu və təzyiq altında yaşamağa davam edirlər, yalnız bu təzyiqin məhbəyi dəyişib. Yəni, əvvəlki İŞİD-i digər bir terror dəstəkçisi, işğalçı Ermənistan əvəz edib.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yezidilər   Zorakılıq   Assimilyasiya  


Bizi "telegram"da izləyin