“Joğovurd”: Yeni addım, Manvel Qriqoryanı nə gözləyir?

2019/03/45654-1553692550.jpg
Oxunub: 30206     11:14     28 Mart 2019    
Ermənistan Xüsusi İstintaq Xidməti ölkə parlamentinin sabiq deputatı, general Manvel Qriqoryanın xəstəliyinin həqiqiliyini yoxlamaq məqsədilə müstəqil həkimlər komissiyası yaradıb.

Ordu.az “Joğovurd” nəşrinə istinadən xəbər verir ki, həkim komissiyası generalın təqdim etdiyi xəstəlik sənədlərinin həqiqətə cavab verib-vermədiyini yoxlayacaq.

Məlum olduğu kimi, bu günlərdə İrəvan məhkəməsi qanunsuz silah-sursat əldə etmə, saxlama, 2016-ci il aprel döyüşləri ərəfəsində edilən yardımları ələ keçirməkdə ittiham edilən general Manvel Qriqoryanın həbs müddətinin daha 2 ay uzadılmasına qərar verib. Manvel Qriqoryan 2018-ci il iyunun 19-da həbs edilib.

Xeyli zamandır sabiq erməni deputatın vəkilləri onun sağlamlığının nəzərə alınması uğrunda mübarizə aparırlar. Onlar çalışırlar ki, ona qarşı həbs qətimkan tədbiri, girov müqabilində azadlığa buraxılması ilə əvəz edilsin. Lakin 2018-ci ilin iyun ayından indiyədək edilən cəhdlər uğursuz olub.

Nəticədə vəkillər erməni generalı razı salaraq, onun xəstəlikləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Vəkillər yaranmış vəziyyətdən çıxış yolu axtardıqları bir zamanda Xüsusi İstintaq Xidməti yeni çıxış yoluna əl atıb.

Erməni mətbuatının əldə etdiyi məlumata əsasən, ilkin istintaq orqanı Manvel Qriqoryanın səhhətinin yoxlanılması məqsədilə müstəqil həkim komissiyası yaradılması haqqında qərar verib. İstintaq xidməti buna, rüşvət iddiası ilə Samvel Mayrapetyana qarşı qaldırılan iddia ilə bağlı AİHM-in onun xeyrinə qərar verməsi barədə addımından sonra əl atıb.

Qurumun gələcəkdə ilkin istintaq xidmətinin günahlandırılmaması üçün belə bir ekspertizaya əl atdığı iddia edilir. Müstəqil həkimlər komissiyası sağlamlıqla bağlı təqdim edilən sənədlərin həqiqətə cavab verdiyini yoxlamalıdır.

Qəzetin əməkdaşı belə bir komissiyanın bu məqsədlə yaradılmasının həqiqətə uygun olub-olmadığını yoxlamaq istəyib. Xüsusi İstintaq Xidmətindən verilən cavaba görə yaradılan komissiyanın tərkibinə müdafiə tərəfinin təqdim etdiyi 3 ekspert də daxil edilib. İdarələrarası və müstəqil komissiya tərəfindən, Qriqoryanda həbsdə olmasına imkan verməyən hər hansı bir xəstəliyin aşkarlanmadığı bildirilib.

Hazırda hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Həbs  


Bizi "telegram"da izləyin