Ordu.az xəbər verir ki, bu barədə aprel döyüşlərində ölən erməni əsgər Jora Yesayanın anası Marine Hakopyan özünün “Facebook” səhifəsində yazıb.
“Aprelin son gününü vətəndaş günü olaraq qeyd edirsiniz. Bəs, cənab rəhbərlər, artıq 7 aydır xahiş edirik ki, aprelin bir gününü aprel döyüşlərində ölənlərin xatirə günü olaraq qeyd edin”, - deyə Hakopyan şikayətlənib.
O, 2018-ci ildə baş verən inqilabın xatirəsinə əsasən aprel ayının son həftəsinin şənbə gününün “Ermənistan vətəndaşı günü” olaraq qeyd edilməsinə dair Paşinyan hökumətinin qəbul etdiyi qərardan qəzəbini ifadə edib. Hakopyan bildirib ki, 2-6 aprel tarixlərindən birini aprel döyüşlərində ölənlərin xatirə günü elan edilməsi barədə Paşinyana etdikləri müraciətlərə cavab veriləcəyi bildirilsə də, bu günədək bu baş verməyib.
Erməni hərbçilərin dəfn edildiyi “Yerablur” adlanan ərazidə aprel döyüşlərində ölən 9 erməni hərbi qulluqçu dəfn edilib. Marine Hakopyan qeyd edib ki, insanlar əsasən bura ziyarət etdiklərinə görə, Paşinyanla görüş zamanı təklif edilib ki, digər aprel döyüşlərinin qurbanlarının şəkillərini əks etdirən plakatın burada asılmasına qərar verilsin, lakin hələ də cavab ala bilməyiblər.
Xatırladaq ki, Marine Hakopyan 2016-cı il aprelin 2-də işğal altında olan Cəbrayıl istiqamətində (Lələtəpə) gedən döyüşlərdə məhv edilən Jora Yesayanın anasıdır.
Alpər Mövludoğlu
Ordu.az