Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin Ordu.az-a eksklüziv müsahibəsini təqdim edirik:
- Cənab general-leytenant, başa çatan geniş miqyaslı təlimlər haqqında nə deyərdiniz?
- Belə təlimlər bilavasitə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, təkmilləşdirilməsinə xidmət etməklə ayrı-ayrı qoşun növlərinin qarşılıqlı fəaliyyətini də formalaşdırır. Hər təlimin öz təyinatı var və Ali Baş Komandanın göstərişi, Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən təlimlər həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində əhəmiyyətlidir.
Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunu zabit kadrları ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi komplektləşdirir. Zabitlər bu və ya digər hərbi hissələrdə xidmətə başlayırlar. Müəyyən müddətdən sonra rəhbərlik zəruri bildiyi hallarda zabitləri Hərbi Akademiyada daha geniş proqramla təkmilləşməyə göndərir. Hərbi Akademiyada təhsil alan zabitlər hərbi biliklərini artırır, malik olduqları bilikləri sistemləşdirir ki, nəticə etibarilə bu proses ordunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsinə şərait yaradır.
Hərbi Akademiyada təhsil vahid hərbi təhsil sisteminin bir mərhələsidir və bu mərhələ istər məzmun, istərsə də forma etibarilə Müdafiə Nazirliyinin təsdiq etdiyi plana müvafiq aparılır. Bu plan müdavimlərin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətlidir. Qeyd edilməlidir ki, Hərbi Akademiyada adyunktura təhsili ordunun elmi əsaslarla qurulmasında gərəklidir. Belə ki, bu təhsil növü ordu quruculuğunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tələb və göstərişlərinə əsasən yaxından iştirak edir, müxtəlif istiqamətlərdə araşdırmalar istər pedaqoji, istərsə də ordu quruculuğuna tətbiqi baxımından dəyərlidir.
Hərbi Akademiyanın məzunları xidmət yerlərində tabeçiliyində olan zabitlərlə apardıqları dərslərdə, ümumiyyətlə, öyrətmə prosesində Akademiyada əldə etdikləri bilikləri də aşılayırlar ki, bu da elmi biliklərin artırılmasını təmin edir. Bu baxımdan akademik hərbi təhsil ümumən ordumuzu əhatə edir.
Bu yaxınlarda başa çatan geniş miqyaslı təlimlər də təsdiqlədi ki, Azərbaycan zabiti, Azərbaycan zabitinin rəhbərliyi ilə hərbi biliklərə yiyələnən Azərbaycan əsgəri ən müasir texnikaların da istismar xüsusiyyətlərini yaxşı mənimsəyib. Ötən il ordumuzun yaranmasının və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda döyüş texnikalarının, silahların nümayişi təsdiqlədi ki, Azərbaycan əsgəri bu texnikaların və silahların “dilini” bilir, bu texnikalar və silahlar həm də Azərbaycan Ordusunun güc göstəricisidir.
- Cənab general-leytenant, bəzi saytlarda, sosial şəbəkələrdə istər xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla, istərsə də ordumuzun silahlanması ilə bağlı qeyri-obyektiv məlumatlar da yayılır.
- Azərbaycan Ordusuna, deməli dövlətçiliyimizə sayğıyla yanaşan saytlar çoxdur və onların informasiyaları reallığı əks etdirir.
Azərbaycan Ordusunun yeni texnikalarla, silahlarla təchiz edilməsi geniş planlı, əsaslandırılan bir prosesdir və bu, olduqca diqqətlə, məsuliyyətlə yerinə yetirilir. Bu sahədə heç bir boşluq ola bilməz. Qərəzli informasiya yayıcıları unutmasınlar ki, yalan nə ayaq tuta bilər, nə də yeriyər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”.
Döyüş hazırlığı planlarının daim təkmilləşdirilməsi, bu prosesdə dünya təcrübəsinə diqqətin artırılması, ardıcıllığın saxlanılması Azərbaycan Ordusunun döyüş qabiliyyətini də xeyli artırmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna respublika rəhbərliyinin gündəlik diqqətinin və qayğısının nəticəsidir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yeni və daha yüksək səviyyəyə qalxmasını ordu hissələrinin Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısının alınmasında göstərdiyi nəticələr də bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu nəticələri yüksək qiymətləndirib və onları Azərbaycan Ordusunun tarixində parlaq səhifə kimi dəyərləndirib.
Bu gün Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Şübhə etmirik ki, güclü bir orduya çevrilmiş Azərbaycan Ordusu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir.
Saytlarda və sosial şəbəkələrdə rast gəldiyiniz qeyri-obyektiv məlumatların heç bir əsası yoxdur. Digər təhsil müəssisələri kimi, xüsusi təyinatlı təhsil müəssisələrinə də qəbulu Dövlət İmtahan Komissiyası həyata keçirir, yəni qəbulla bilavasitə onlar məşğul olurlar. Bu və ya digər kontingentin seçimini onlar həyata keçirirlər. Xüsusi təyinatlı təhsil müəssisələri kontingentin təhsili ilə məşğul olur.
Əsası olmayan, özülsüz informasiyalar ictimai rəyə qətiyyən təsir göstərə bilməz. Belə informasiyalar yaymağa həvəsiyən, yaymaq istəyən fərdlər Azərbaycan Ordusunun arsenalında olan ən müasir döyüş vasitələrini niyə unudur? Bu unutqanlıq Azərbaycan Ordusuna qərəzlikdir.
Ordu.az