“Oğrulara həyat, polislərə ölüm”: Meğridəki hərbi hissədə nə baş verib? (DETALLAR)

2019/03/56545-3107332742.jpg
Oxunub: 23932     10:09     27 Mart 2019    
Martın 22-də Ermənistanın Meğri şəhərində dislokasiya olunan hərbi hissənin yüzlərlə hərbi qulluqçusu hərbi hissənin ərazisini özbaşına tərk edib. Yayılan məlumatlara əsasən, buna səbəb imtiyazlı şəraitdə xidmət edən Karo adlı hərbi qulluqçunun digər hərbi hissəyə köçürülməsi ilə bağlı olub. Karo adlı hərbi qulluqçu öz əsgər yoldaşları ilə birgə hərbi qulluqçuların hərbi hissənin ərazisini tərk etməsini təşkil edib.

Ordu.az xəbər verir ki, hadisə şahidləri Sünik vilayətində fəaliyyət göstərən Zəngəzur TV-yə detalları açıqlayaraq bildiriblər ki, şəhərə çıxan hərbi qulluqçular “Oğrulara həyat, polislərə ölüm” şüarını səsləndirərək hərəkət etdiklərini deyiblər. Bu narazılığın baş aparıcısı olan Karo Musaelyan isə “Uşaqlar ruh yüksəkliyi ilə, mən oturub çıxmış oğlanam, harada otursam da hamınıza sahib çıxacam” deyə uca səslə bağırıb.


Zəngəzur TV-nin məlumatına əsasən, hadisə şahidlərindən biri kimliyinin gizli qalması şərtilə detalları açıqlamağa razı olub. Fərari əsgərlərlə danışıqlar apardıqdan sonra komandanlıq onların “kral qardaşını” digər hərbi hissəyə köçürməyəcəkləri şərtilə əsgərləri alaya qaytarmağa nail olub. Komandanlıq heyəti də öz şərtini irəli sürməklə, intizamsızlıq edən hərbi qulluqçunun yerini dəyişməyəcəyini, lakin günahkarların qanun çərçivəsində cəzalandırılacaqlarını bildirib.

Məlumat verən gizli mənbə bildirib ki, Karo Musaelyan hərbi hissədə ayrıca otağı olmaqla imtiyazlı həyat yaşayır, xüsusi şəraitdə xidmət edir. Xalq arasında deyildiyi kimi “yaxşı” yaşayır. Onun sözlərinə görə, bundan başqa hərbi hissədə qanunla müəyyən edilmiş qaydalara əməl edilməsindən imtina edirdilər. Misal olaraq, məsələn geyimin formasını dəyişməklə onu mülki geyimə çevirirdilər. Üzlərini qırxmırdılar, buna səbəb olaraq isə Paşinyanın da eyni qaydada saqqallı olduğunu göstərirdilər. Həmçinin son zamanlar hərbi hissədə xüsusi təyin edilmiş qaydalara uyğun mobil telefon daşımaq hüququnun verilməsi barədə Ermənistan hökumətinin qərarından sonra manipulyasiyalara yol verilib. Yəni erməni əsgər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə sosial şəbəkələrlə məşğul olub.


Adının gizli qalmasını istəyən digər hal şahidlərindən biri isə bu qədər hərbi qulluqçunun hərbi hissədən çıxmasından əhalinin təşvişə düşdüyünü diqqətə çatdırıb: “Mən dedim, bu saat daxil olacaqlar. Əsgərin hərbi hissəni tərk etməyə ixtiyarı yoxdur. Geri çəkilməyə bərabər bir hərəkətdir. Hərbi hissə daxilində mübarizə apar, polkovnikin ağzından yapış, boğ, ancaq hərbi hissəni tərk etmək olmaz”.

“Joğovurd” nəşrinin məlumatına görə isə, buradakı müddətli xidmət hərbi qulluqçular hərbi hissəni özbaşına tərk etdikdən sonra oğru aləminə öz sadiqliklərini nümayiş etdirərək şəhərdə yürüş ediblər.


Nəşr aparılan istintaq araşdırmaları barədə bəzi detalları əldə etməyə nail olub. Belə ki, əsl qarşıdurma əsgərlərin hərbi hissədəki dibçəkdə çətənə kolu becərmələrinin hərbi hissənin komandanlığı tərəfindən müəyyən edilməsidən sonra baş verib. Əlavə olaraq, əldə edilən məlumatlar əsasında hüquq-mühafizə orqanlarının gəldiyi rəyə əsasən hərbi hissədə öz qayda-qanunlarını, davranış tərzini tətbiq etməyə çalışan əsgərlər arasında general övladının da olduğu aydın olub. Nəşr həmin generalın kim olduğunu istintaqa mane olmamaq üçün hələlik ictimailəşdirməyib.

Lakin martın 17-də əsgərlər ilk növbədə Qafanda, daha sonra işğal altında olan Xankəndində yerləşən intizam hərbi hissələrinə, oradan da ön xətdə yerləşən qanunsuz bölmələrə aparılıblar. Qeydə alınan qarşıdurma ilə bağlı istintaq aparılır.

Məsələ ilə bağlı açıqlama verən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan hadisəni törədənlərin cəzalandırılacağını bildirib. Bu barədə öz “Facebook” səhifəsində yazan Hovhansiyan Ermənistan ordusunda qalmaqallı hadisənin baş verdiyinə diqqət çəkərək, Silahlı Qüvvələrdə intizamsızlıq və itaətsizliyin yolverilməz olduğunu və bunu törədənlərin qanunun tam ciddiyyəti üzrə cəzalandırılacaqlarını vurğulayıb.


“Mətbuatda o qədər də düz əksini tapmayan həmin məsələ ilə bağlı hərbi hissənin yuxarı komandanlığı tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma nəticəsində sıravi əsgərlərlə yanaşı, komandir heyətinin də cəzalandırlması qərara alınıb. Bir neçə zabit tutduğu vəzifəsindən çıxarılıb.

Ermənistan SQ-nin intizam və döyüş qabililiyyətliyinə qarşı yönəlmiş istənilən təxribatı həyata keçirən hərbi qulluqçu bundan sonra da ciddi şəkildə cəzalandırlacağına dair xəbərdar edilir. Bu kimi hallar yolverilməzdir”, - deyə o qeyd edib.

Artsrun Hovhanisyan bildirib ki, bir neçə nizam-intizamsız əsgər 90-cı illərin əxlaqını tətbiq etməklə hərbi hissədə öz qaydalarını yaratmağa, xüsusi şəraitə malik olmağa, ayrıca geyim daşımağa, ayrıca qida qəbulu qaydaları ilə yaşamağa, çalışsalar da, zabitlər buna imkan verməyib.

Onun sözlərinə görə, Meğridəki hərbi hissədə baş verənlərə görə cəzalandırılan erməni əsgərlər ön xəttə köçürülüblər və əvvəlki xidmət yerlərinə qayıtmayacaqlar. O, baş verənlərin zabitlərdən birinin günahı ucbatından meydana gəldiyini qeyd etsə də, bəzi mənbələr bununla razılaşmır.


Tert.am saytına verdiyi müsahibəsində də Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan bəzi açıqlamalar verib.

“Hadisə ilə bağlı hər şeyi deyə bilmərəm, istintaq aparılır. Ancaq məsələ belədir ki, bir neçə hərbi qulluqçu hərbi hissədə öz qanun qaydalarını tətbiq etmək istəyiblər. Digər hərbi qulluqçulara qarşı təsir nüfuzları olub. Həmin bir neçə hərbi qulluqçu onlara qarşı olan cəza qərarlarını digər hərbi qulluqçularla kütləvi etiraz etmə yolu ilə ləğv etdirməyə çalışıblar. Bunun nəticəsində onlar və etirazın fəal nümayəndələri cəzalandırılıblar”, - deyə Hovhanisyan bildirib.

Onun sözlərinə görə, həmin hərbi qulluqçular yalnız işğal altında olan Qarabağa deyil, eyni zamanda Tavuş vilayətinin Berd, Noyemberyan və digər yaşayış məntəqələrində olan ön xətt hərbi hissələrinə aparılıblar və onlara əvvəlki xidmət yerlərinə geri qayıtmayacaqları bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Kriminal   Etiraz  


Bizi "telegram"da izləyin