Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, Minsk qrupunun sonuncu bəyanatının mənasını başa düşmək üçün bu məntiqin yenidən başa düşülməsi vacibdir.
"Bəzi prinsipləri yada salaq:
- Qarabağ məsələ geosiyasi bir münaqişədir;
- Minsk qrupu Qarabağ məsələsində geosiyasi bir klubdur. Birincisi, Ermənistan və Azərbaycan üçün "həll" təklifləri edilməzdən öncə, bu təkliflər öz aralarında siyasi maraqları ilə əlaqələndirilir. Qısacası, hər hansı birinin yorğanı öz üzərinə dartmaması üçün bir-birlərinə nəzarət edirlər;
- Azərbaycan Türkiyəni özünə güclü tərəf olan dəstəyi hesab edir, əslində bu onların zəif tərəfidir. Geopolitik qütblərin Türkiyə ilə problemləri var, yaxud Türkiyəyə dərs vermək istərkən bunu Azərbaycan vasitəsilə həyata keçirirlər. Ermənistan Baş nazirinin İranda böyük ziyafəti də Suriyadakı türklər və iranlılar arasında ziddiyyətlərlə əlaqədar idi. Təbii ki, İran azərbaycanlıları faktoru da var, amma bu daimi bir amildir;
- Əgər Azərbaycan "Türk siyasi kartı" olmasaydı, Rusiya, ABŞ və Avropanın mövqelərinin Azərbaycan üçün əlverişli olacağı istisna edilmirdi;
- Rusiya baxımından, həmçinin AİƏT-də Türk dövlətləri amilinin narahatlığı da var. Bu ölkələr ayrı-ayrılıqda Türk dövlətləri konfederasiyası şəklində Türkiyə ilə müstəqil bir formatda münasibətlər qururlar. Bu Rusiyanı narahat edən haldır. Eyni zamanda bu Azərbaycanı güclü yox, zəif edən bir amildir;
- Azərbaycanın əsas problemi Qarabağ deyil, Türkiyə ilə bir quru sərhədinin olmasıdır. Bu da Qarabağdakı danışıqlar zamanı Azərbaycanın strateji məqsədinin nə olduğunu başa düşmək üçün vacibdir.
Bunlar daimi amillərdir, qalanları vəziyyətə uyğun nəzərə alınmalıdır", - deyə Danielyan qeyd edib.
Qeyd edək ki, məsələyə geopolitik çərçivədə baxmağa çalışan Danielyan nədənsə Ermənistanın zəif tərəflərini, onun istənilən ölkə tərəfindən maşa kimi istifadə edildiyini qeyd etməyib. Geopolitik yanaşma özündə realpolitik yanaşma tələb edir ki, bu da nə Ermənistan hökumət rəsmilərində, nə də politoloqlarında yoxdur. Çünki forpost ölkə üçün realpolitik yanaşma tərzi uyğun deyil.
Alpər Mövludoğlu
Ordu.az