Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım var - ETİRAZ

2019/03/56756-1551874682.jpg
Oxunub: 20360     16:15     06 Mart 2019    
"Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

O, çıxışında erməni hərbi qulluqçularının ölüm faktının gizlədilməsi praktikasını tənqid edib.

Köçəryan bildirib ki, kimin nə məqsədlə bunu gizlətməsi müəyyən ediləcək və məsuliyyətə cəlb olunaraq, cəzalandırılacaq.


"Müdafiə Nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almır. Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırmalıdır. Günahı olan istənilən şəxs - istər general, istər zabit və istərsə də digər hərbiçi öz layiqli cəzasını almalıdır", - deyə o vurğulayıb.

Hüquq müdafiəçisi Janna Aleksanyan isə Ermənistan Müdafiə nazirinin hərbi xidmətlə əlaqəsi olmayan ölüm hadisəsinin nə demək olduğunu ictimaiyyətə açıqlamağa məcbur olduğunu qeyd edib.

"Bunlar hərbi xidmətə çağırılıb, dövlətin məsuliyyəti altındadır və onların həyatına başları ilə cavabdehdirlər. Bu açıq-aşkar insan həyatına və əsgərə qarşı laqeydlikdir. Hərbçinin vəzifə borcunu yerinə yetirməyə getdiyi, onun geri qayıda bilmədiyi kifayət deyil, hələ onun ölüm hadisəsi də hərbi xidmətlə əlaqəsi olmayan ölüm kimi qiymətləndirilir. Bu açıq-aşkar qeyri-insani davranışdır", - deyə erməni hüquq müdafiəçisi bildirib.

O, Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətlə əlaqəsi olmayan və gizlədilən 4 hərbi qulluqçunun adlarının dərhal açıqlanmasına məcbur olduğunu qeyd edib.


Aleksanyan son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. O qeyd edib ki, 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub.

"Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədən kənar halların baş verir. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olmasıdır. Yəni əsgərlər alçaldılırlar və döyülürlər.

Erməni hüquq müdafiəçisi yezidi əsgər Yurik Broyanın işgəncələrə məruz qalması faktına da toxunub. Bildirib ki, Broyanın psixi problemi var, əsəb xəstəsidir və onu orduya aparıblar.

Xatırladaq ki, erməni KİV-lərində yayılan məlumatlara görə 2 ay ərzində Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində cari ilin 1 yanvar-20 fevral tarixləri arasında hərbi xidmətlə bağlı 3, hərbi xidmətlə bağlı olmayan isə 4 ölüm faktı qeydə alınıb. Ölən hərbçilər barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi gizlədib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Etiraz  


Bizi "telegram"da izləyin