Azərbaycan silahlanmasında “Sand Cat”ların hansı modelləri var? – HƏRBİ EKSPERT (II Yazı)

2019/02/53_15-1551353971.jpg
Oxunub: 17965     15:15     28 Fevral 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Ümumilikdə İsrailin sənaye nəhənglərindən biri olan “Plasan” şirkəti “Sand Cat” zirehli vasitələrinin 4 nəsilinə aid 15 tipdə modelini istehsal edərək onların tədarükü ilə məşğul olur. Bütün mənbələrdə Azərbaycan Silahlı Qüvvələrinin “Plasan” şirkəti tərəfindən istehsal edilən “Sand Cat” bazasında müxtəlif silah və ya avadanlıq moduluna malik 4 fərqli təyinatlı zirehli avtomobillərdən istifadə etdiyi bildirilir. Bu məlumatlar doğru deyil, hazırda Azərbaycanın silahlanmasında ən azı 7 müxtəlif versiyada “Sand Cat” bazasından istifadə edilir. Onların ümumi sayının 100-dən çox olduğu ehtimal edilir. İlk dəfə bu vasitələrin Azərbaycana gətirilməsi barədə məlumatı “Plasan” şirkətinini nümayəndəsi “Eurosatory-2016” sərgisində səsləndirib.

Geniş diapazonda konfiquarasiyaya seçim imkanlarına malik zirehli avtomobillər, quraşdırıla bilən avtomatik silah sistemlərinə, optik qurğulara, rabitə vasitələrinə, yanğın söndürmə qurğusuna, radoaktiv, kimyəvi və bioloji silahlara qarşı müdafiə vasitələrinə, eləcə də döyüş modullarına sahib olmasına görə təyinatını dəyişir. Məsələn, zirehli “Qum Pişiyi”nin hazırda Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında müxtəlif imkanlı rabitə vasitələri ilə mobil komanda idarəetmə məntəqəsi, elektro-optik vasitələr və teleskopik anten ilə mobil kəşfiyyat stansiyası, TƏİRK ilə tank əleyhinə bölmənin çevik özüyeriyən vasitəsi, avtomatik və idarəolunan minaatanla təchiz edilən hərəkətli artilleriya vasitəsi, zenit raket pulemyotu və TƏİRK ilə HHM bölməsi, müxtəlif çaplı və təyinatlı pulemyotlarla zirehli personal daşıyıcısı, patrul xidməti üçün zirehli daşıyıcı kimi istifadə edildiyi məlumdur.

Daha öncə də qeyd etdiyimiz kimi, “Sand Cat”ın zirehli korpusunda müxtəlif səviyyələrdə təhdidlərin qarşısını almaq üçün zireh poladın, keramikanın və kompozit qarışıqdan ibarət materialdan istifadə edilir, maşınlar STANAG 4569 təhlükəsizlik standartının 3-cü səviyyəsinə uyğundur. “Sand Cat” zirehli nəqliyyat vasitələri üçün əla idarəetməyə və sürətlənməyə malikdir. Daxili rahat və genişdir, açıq xərək belə yerləşdirilə bilir. İndi isə “Sad Cat” bazasına yerləşdirilən müxtəlif avadanlıqların tərkibi, təyinatı və TTX-sı ilə yaxından tanış olaq.

“R-010SC” komanda-qərargah maşını

Azərbaycan Silahlı Qüvvələrinin Raket və Artilleriya qoşunlarının “Sand Cat” zirehli avtomobili platformasında hazırlanan “R-010SC” komanda-qərargah maşınından istifadə etməsi yaxın günlərdə məlum oldu. “R-010SC” komanda-qərargah maşınları və onların təchiz edildiyi avadanlıqlar, yüksək texnologologiyalı müasir məhsullar sinifinə aid edilir.


“R-010SC” komanda-qərargah maşını (KQM) əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün nəzərdə tutulur. “R-010SC” radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal məlumatların açıq, məxfi, sinxron tezlik dəyişən rejimdə, həmçinin infomasiyanın kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub. “R-010SC” komanda-qərargah maşını, eyni zamanda bir qısa dalğa diapazonunda və iki ultraqısa dalğa diapazonunda radiorabitəni, “Panasonic” məlumatötürmə kompüteri vasitəsilə verilənlərin ötürülməsini təmin edir.

Bu komanda qərargah maşınlarından həm birlik və hissələrin idarəetməsinin təkmilləşdirilməsində, həm də taktiki və strateji dərinlikdə xüsusi təyinatlı və ya kəşfiyyat bölmələrinın əməliyyat rayonlarında döyüş vəzifələrini çevik şəkildə yerinə yetirməsini təmin etmək üçün də istifadə edilə bilər.

“R-010SC” komanda-qərargah maşınının dəstinə daxil olan avadanlıqlar:

VRC-8200 rəqəmsal qısa dalğalı radiostansiya (1 dəst)
VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiya (2 dəst)
Panasonik məlumatötürmə kompüteri (1 dəst)


Taktiki texniki göstəriciləri:

Məntəqə, eyni zamanda bir qısa dalğa diapazonunda və iki ultraqısa dalğa diapazonunda radiorabitəni, “Panasonik” məlumatötürmə kompüteri vasitəsilə verilənlərin ötürülməsini təmin edir.

Rabitə məsafəsi:

Qısa dalğada hərəkətdə 50 km; dayanacaqda 1000 km;
Ultraqısa dalğada hərəkətdə və dayanacaqda 15-30 km.


MOES-720 mobil optik elektron stansiyası

Azərbaycan silahlanmasında “Sand Cat”ın mövcud olan və indiyə qədər heç bir mənbədə xatırlanmayan növbəti vasitəsi MOES-720 mobil optik elektron stansiyasıdır. Orjinal versiyada istehsalçı tərəfindən “Sand Cat Stormer ISR” adlanan maşınların şassisi, kəşfiyyat və məlumat toplanması üçün yüksək imkanlara malik elektron optik vasitələrdən ibarət faydalı yükün daşınması üçün konfiqurasiya edilib.



Bu stansiyanın şassisi əvəllkilərdən fərqlənmir, lakin təchiz olunduğu avadanlıqlar tam fərqli funksiyalar daşıyır. MOES-720 düşmən və ərazi haqqında, gecə və gündüz müşahidə aparmaqla kəşfiyyat məlumatlarının toplanması, təhlili və ötürülməsini həyata keçirir.

Kəşfiyyat kompleksinin xarici konfiqurasiyasının digər versiyalardan fərqi 3 metrlik hündürlükdə teleskopik maçtaya sahib olmasındadır. “Sand Cat” zirehli maşının MOES-720-si bir ədəd 12.7 mm pulemyotdan başqa, elektro-optik vasitələr, kompüterlər, planşetlər və s. ilə təchiz olunur.

Zirehli kəşfiyyat maşınının heyəti 5 nəfərdən ibarətdir:

- komandir;
- sürücü;
- rabitəçi;
- tuşlayıcı operator;
- tuşlayıcı operator koməkçisi.
MOES-720 mobil optik elektron stansiyasının TTX-sı:
Müşahidə məsafəsi 70-10000 metr;
Canlı qüvvəni aşkaretmə məsafəsi 5000 metr;
Texnika və obyektləri aşkaretmə məsafəsi 10000 metr;
Dönmə bucağı 360 dərəcə;
Minimum enmə buçağı -15 dərəcə;
Maksimum qalxma bucağı +45 dərəcə.


Elektro-optik başlıq dairəvidir, dönən və əyilən bloka, termal müşahidə sisteminə, gündüz müşahidə sisteminə və lazer məsafəölçəninə malikdir. Elektro-optik başlıq stasionar qutuda yerləşdirilir.

“Sand Cat” bazasında “Spike-ER”

Azərbaycan Silahlı Qüvvələrinin bütün birlikləri, həmçinin Raket və Artilleriya qoşunlarının hissələri “Sand Cat” zirehli vasitəsi üzərinə quraşdırılan “Spike-ER” tank əleyhinə idarəolunan raket kompleksi ilə təchiz edilib.

Müasir və perspektivdə istehsal olunan tankları, piyadaların döyüş maşınlarını (PDM) və digər zirehli texnikanı, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvəni müxtəlif relyef şəraitində 400 metrdən 8 min metrədək məsafədə məhv etmək qabiliyyətinə malik olan “Spike-ER” tank əleyhinə idarəolunan raket kompleksləri sutkanın istənilən vaxtında - gündüz, gecə və məhdud görmə şəraitində, aktiv və passiv maneələrin istifadəsi zamanı tətbiq edilə bilər. “Atdım unutdum” funksiyasına sahib unikal raketləri havada olarkən belə digər hədəfə yönəltmək mümkündür. Hədəfin vizual görünüş sahəsindən çıxması belə, onunla “tanış olan” raketin zərbəsindən yayınmağa imkan vermir.


“Sand Cat” döyüş maşını üzərində quraşdırılan “Spike-ER” kompleksi isə düşmən tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulur.

Kompleks vizual görüntüdən kənarda yerləşən hədəfləri belə kilidlənmə funksiyasının köməyi ilə məhv edilə bilir. Raketin çəkisi 34 kq, ümumi kompleksin çəkisi isə daşınan versiyada 30 kq, avtomobil və ya helikopter versiyasında 55 kq-dır. Hazırda ordumuzun istifadəsində yüzdən çox müxtəlif atıcı qurğu və 3000-ə qədər fərqli atəş məsafəsinə malik raketin movcud olduğu məlumdur.

Maksimum atış məsafəsi 8 km olan bu raket, əsasən həm artilleriya və motoatıcı hissələr tərəfindən daşınan versiyada istifadə olunur, həm də mobil versiyada “Sand Cat” zirehli döyüş maşınlarının üzərinə quraşdırılıb. Zirehi dəlmə qabiliyyəti 1000 mm-dən çoxdur. Hazırda “Rafael” şirkəti bu variantın helikopterlərə quraşdırılan versiyasını da ölkəmizə tədarük edir.

Təlimlərlə bağlı yayımlanan videolarda “Sand Cat” bazasının döyüş modulunda yerləşdirilən “Spayk-ER” tank əleyhinə idarəolunan raketdən maksimal məsafədə zərgər dəqiqliyi ilə zirehli vasitənin məhv edilməsi özünü döyüş əməliyyatlarında təsdiq edib. 2016-cı ilin aprel döyüşləri zamanı 30-a yaxın erməni zirehli vasitəsinin məhz “Spike” raketləri ilə məhv edilməsini düşmən tərəfi özü də təsdiqləyib. Bizim məlumatlarımıza görə, bu rəqəmlər bir az daha yüksəkdir. Məsələn, yaralı halda şəxsi heyətindən ayrılmayaraq döyüşə davam edən mayor Mirdamət Bağıyevin Talış istiqamətində düşmənin 7 tankını, 1 ədəd BMP-sini, 1 komandir maşınını və 2 təkərli texnikasını məhv etməsi və ya Lələtəpə istiqamətində gizir Tahir Misirxanovun 6 ədəd düşmən tankını məhv etməsi bizə yaxşı məlumdur. Yalnız 2 nəfərin 18 texnikanı yalnız “Spike” ilə məhv etməsi, bir daha düşmənin itkilərinin real sayını azaltmasından xəbər verir.


2017-ci ilin mayın 15-də düşmənin ön xəttdən 8 km aralı məsafədə yerləşdirdiyi “Osa” ZRK və onun 3 nəfərdən ibarət ekipajinın “Spayk-ER” raketindən açılan bir sərrast atəş nəticəsində məhv edilməsini də xatırlatmaq yerinə düşər. Bu hadisədən sonra, düşmən 16 km atəş məsafəsi olan zenit raket kompleksləri və digər zirehli vasitələrini ön xətdən 10 km qədər geriyə çəkmək məcburiyyətində qaldı. Düşmənin ZRK-larını ön xəttdən uzaqlaşdırması, birinci eşalonun hava məkanını zəmanətli şəkildə qorumaq imkanından məhrum olması deməkdir.

Təbii ki, “Sand Cat” zirehli vasitəsi ilə tank döyüşünə girmək olmaz, lakin onun 30 km qədər atəş məsafəsinə malik müxtəlif tipli raketlərindən açılan sərrast atəşi ilə düşmən müdafiəsinin dərinliyində olan müxtəlif zirehli hədəfləri yüksək dəqiqliklə məhv etmək mümkündür. Suriyada isə müasir ZRK-ların “Spike” qarşısında acizliyinin dəfələrlə şahidi olmuşuq.

“Sand Cat” üzərində “Nizə” minaatan kompleksi

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan növbəti silah sistemi “Sand Cat” zirehli avtomobilinin şassisi üzərində quraşdırılan 120 mm-lik “Nizə” avtomatik minaatan kompleksidir.

2016-cı ilin mayın 16-18-də İsrailin Latrun şəhərində keçirilən Yerüstü Müharibə və Logistika Beynəlxalq Konfransı zamanı aparıcı hərbi sənaye şirkəti olan “Elbit Systems”, istehsal etdiyi son “Spear Mk 2” avtomatik minaatanını ictimaiyyətə təqdim etdi. “Spear Mk 2” vasitə üzərində quraşdırılan 120 mm-lik avtonom minaatandır.


4×4 təkər formulalı “Sand Cat” zirehli maşını üzərində qurulan ”yumşaq” təpməyə malik 120 millimetrlik “Speak Mk 2” minaatanı ilk nümayişindən təxminən 3 ay sonra, 2016-cı ilin sentyabr ayında Bakıda keçirilən “ADEX-2016” beynəlxalq müdafiə sərgisində Azərbaycan ictimaiyyətinə təqdim edildi. Məhz bu sərgidə rəsmi Bakının diqqətini cəlb edən mobil minaatanın alınması ilə bağlı qərar qəbul edildiyi ehtimal edilir.

“Elbit Systems” tərəfindən hazırlanan minaatan silahlı qüvvələr tərəfindən aparılan sürətli əməliyyatları dəstəkləmək üçün hazırlanıb. “Spear Mk 2” döyüşlərdə sınaqdan keçirilən əvvəlki “Spear” minaatan sisteminin təkmilləşdirilmiş versiyasıdır. Bu minaatan Azərbaycan ordusunun istifadəsində 120 millimetrlik “Nizə” minaatanı adlandırılır. “Spear” ingiliscədən tərcümədə “Nizə” deməkdir. İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Nizə” minaatanının ilk xarici istifadəçisidir.

“Nizə” avtomatik minaatan kompleksinin ilk partiyası 2018-ci ilin əvvəlində Azərbaycana gətirilib. Minaatan özünün koordinatları hesablama və hədəfə tuşlanma mexanizmlərinə malikdir. Bütün sadalananlar sayəsində minnatan daha effektiv hala gəlib, onun qısa müddətdə yüngül zirehli maşınlara quraşdırılması mümkündür, bu isə hərbçilərə verilmiş taktiki əməliyyatları tez və səmərəli şəkildə yerinə yetirməyə imkan verir. Minaatanlar üçün adət etmədiyimiz idarəolunan mərmilər anlayışına da burada rast gəldik.

120 millimetrlik “Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin əks yamaclarında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazer tuşlama və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. “Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir.

Taktiki-texniki xüsusiyyətləri:

Üfuqi tuşlama bucağı 360°;
Maksimun qalxma bucağı 88°;
Maksimun enmə bucağı 43°;
Atəş tempi, dəqiqədə 12-14;
1 mərminin məhvetmə radiusu 50 m;
Döyüş vəziyyətinə gətirilmə 90 san;
Səfər vəziyyətinə gətirilmə 90 san;
Atəş sürəti dəqiqədə 15 ədəd.


120 millimetrlik “Nizə” minaatanını digər silah sistemi ilə qarışıq salmaq da mümkün deyil, çünki burada geri təpmə qurğusunun ölçüləri demək olar ki, o qədər artıb ki, minaatan lüləsinin əsas hissəsini görünməz hala gətirib. Yalnız atəş anında lülə qısa müddətdə qismən görünür. Minaatanlar üçün adət etmədiyimiz idarəolunan mərmilər anlayışına da burada rast gəldik.

“Mini Samson” və “Samson MLS” döyüş moduluna malik “Sand Cat”lar

Azərbaycan silahlanmasında “Sand Cat” zirehli maşınları İsrailin “Rafael” şirkətinin istehsalı olan “Mini Samson” və “Samson MLS” döyüş modulu ilə təchiz edilən fərqli iki platformadan da istifadə edir. “Samson Mini” döyüş moduluna 12.7 mm NSVT zenit pulemyotu və 7.62 mm-lik pulemyot, “Samson MLS” döyüş moduluna isə 12.7 mm NSVT zenit pulemyotu və iki ədəd raketə malik “Spike-LR” (Long Range) TƏİRK yerləşdirilib. Hər iki modul məsafədən idarə olunur, açıq arxitekturaya malikdir, sifarişə görə döyüş modulundakı silahlar 14.5 mm-lik iri çaplı pulemyot, 40 mm avtomatik qumbaratan və s. ilə əvəzlənə bilər.


“Samson MLS” (MLS-Missile Launch System, yəni raket atıcı qurğu) döyüş moduluna isə 12,7 mm pulemyot və iki ədəd “Spike” tipli tank əleyhinə idarəolunan raketin atıcı qurğusu yerləşdirilir. Modulun özü və onun çoxsensorlu dəsti sabitləşdirilib.

İki “Spike-LR” çoxməqsədli raketləri olan atıcı qurğu sağda yerləşdirilir. Tuşlama başlığı raketin traektoriyasının son hissəsində maksimum dəqiqliyinə zəmanət verir. Optik lif üzərində tuşlama ikitərəfli əlaqəyə imkan verir, nəticədə atıcı sona qədər hədəfi izləyir və vəziyyət dəyişikliyi zamanı raketi yeni hədəfə yönləndirə bilir.

Nişangah silah sistemlərinin heç birindən asılı deyil, hətta pulemyot maksimum yüksəklik buçağına (pulemyotda + 50°/-20°, raket atıcı qurğuda +45°/-5°) qaldırıldıqda ərazini müşahidə etməyə imkan verir. “Samson Mini” və “Samson MLS” hazırda lazer məsafəölçəni, hər cür hava şəraitində çalışan optik sistemlər, lazer hədəf izləyəni, qabaqcıl atəşi idarəetmə sistemi, uzaqdan silahı doldurma və döyüş sursatı sayğacı kimi müxtəlif əlavə sistemləri və funksiyaları özündə birləşdirir. Həm komandir, həm də atıcı məsafədən idarəolunan silah modulu ilə işləyə bilər və onlar atəşin qadağan olunduğu bölgələri müəyyən edə bilərlər. Elektrik təchizatının kəsilməsi halında əl ilə idarəetmə mümkündür.

Modul 24 volt gərginliklə fəaliyyət göstərir, orta cərəyan axınının istehlakı 20A, ən yüksək həddi ilə 40A təşkil edir. Qüllənin aşağı hissəsində balistik qorunma döyüş sursatını qoruyur. “Samson MLS” modulu iki ədəd 9 kq-lıq raket və 150 ədəd mərmi ilə 440 kiloqram ağırlığındadır. Modulda səkkiz ədəd tüstü qumbarasının atıcı qurğusu quraşdırıla bilər.

“Spike-LR” kompleksi də İsrailin “Rafael Advanced Defence Systems” şirkəti tərəfindən istehsal olunur və onlar da 4-cü nəsil daşına bilən, “atdım-unutdum” prinsipinə əsaslanan ən müasir silah sistemlərindən biridir. 2018-cı il məlumatlarına əsasən, “Spike” ailəsinə aid təqribən 30 min raket 28 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.

“Spike-LR” uzunməsafəli versiyadır. Raketin çəkisi 14 kq, ümumi kompleksin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşunları tərəfindən istifadə olunur və ya yüngül zirehli döyüş maşınlarının üzərinə quraşdırılır. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. Hazırda “Rafael” şirkəti bu variantın atış məsafəsinin 5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmanın mümkün olduğunu iddia edir.

“Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçəni də yer alır.

“Mini Samson” və “Samson MLS” döyüş modulu digər istənilən zirehli vasitələrə həm yeni, həm də modernləşdirilən maşınlara quraşdırıla bilər. Bu modulun əsas üstünlüyü, mərmi qutularının modulun alt hissəsində yerləşməsi və hər iki tərəfdən mərmi ötürülməsinə imkan verməsidir. Bu isə modulun bir çox silahları qəbul etməsinə imkan yaradır.

“Sand Cat” zirehli personal daşıyıcısı


“Plasan” ailəsinin “Sand Cat” zirehli vasitələri yüksək rahatlıq, manevr, rabitə, mühafizə və təhlükəsizlik tələblərinə cavab verdiyi üçün onların zirehli personal versiyasından Silahlı Qüvvələrimizin döyüş əməliyyatları zonasında şəxsi heyətin daşınması üçün istifadə edilir. “Sand Cat”ın bu modelindən xüsusi təyinatlı qüvvələrin, kəşfiyyat bölmələrinin, sərhəd təhlükəsizlik qüvvələrinin, daxili qoşunların və motoatıcıların istifadəsi mümkündür. Bu zirehli vasitə “Sand Cat” ailəsinin ən sadə versiyası olduğu və TTX-sı barədə məqalənin əvvəlində məlumat verildiyi üçün təkrar etməyə ehtiyac duymuram. Bu günə qədər, “SandCat”ın 15-dən çox variantı mövcuddur və onlar xüsusi ərazi, döyüş şəraitinin ən sərt tələblərinə cavab verirlər.

Sonda deyə bilərəm ki, nöqtə atışları həyata keçirən dəqiq silahlara malik zirehli və sürətli zirehli vasitələrə getdikcə daha çox tələbat yarandığı üçün həm sürətli zirehli vasitələr, həm də onların üzərinə quraşdırılan müasir silah modulları uzun müddət gündəmdən çıxmayacaq. Görünüşündə, təyinatında və konstruksiyasında müəyyən dəyişikliklər baş versə də, bu onların Silahlı Qüvvələrə inteqrasiyasına təsir etməyəcək, əksinə bu proses getdikcə sürətlənəcək. “Qum Pişiyi”nin universal şassisinin çoxməqsədli “Spike” kompleksinə sahib olması, müasir və yaxın gələcək müharibələrinin əməliyyat şəraitinin sürətlə dəyişən kontekstində, hələ çox uzun müddət orduların silahlanmasında mühüm əhəmiyyət kəsb edəcək.


İstənilən halda yüksək standartlara cavab verən mütərəqqi hərbi texnologiyaların orduda tətbiqi, o cümlədən “Sand Cat” bazasında müxtəlif təyinatlı zirehli modulların istifadəsi təqdirəlayiqdir. Hesab edirəm ki, artıq müdafiə sənayemiz Silahlı Qüvvələrin ehtiyac duyduğu silah sistemlərini öz istehsalımız olan zirehli vasitələrə inteqrasiyası prosesinə başlamalıdır. Xaricdən müəyyən sistemlərin alınması müsbət addımdır, lakin bu prosesin üzun müddət davam etməsi müəyyən asılılıq və durğunluq da yarada bilər. Respublikada müdafiə sənayesinin inkişafına ciddi vəsaitlər yatırılıb. Bu vəsaitlərin həm büdcəyə qayıtması, həm də yerli peşəkar kadrların hazırlanması baxımından müasir yerli silah sistemlərinin yeni modellərinin yaradılması daim prioritet sahə olmalıdır. Azərbaycan DSX-nin Dövlət Sərhəd Qoşunlarının istifadə etdiyi modernləşdirilən BTR-70 zirehli maşınları üzərində quraşdırılan 120 millimetrlik avtomatik “Nizə” minaatanı təqdirəlayiqdir. Lakin bununla kifayətlənməməli, həm şassinin, həm silah və digər yardımçı sistemlərin yerli istehsalına, həm də özəl şirkətlərin lisenziya əsasında bazara daxil olmasına şərait yaratmalıyıq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sand-Cat   İsrail-Azərbaycan  


Bizi "telegram"da izləyin