Silahlanmamızda olan “Sand Cat” zirehli maşınlarının inkişaf mərhələləri – HƏRBİ EKSPERT (I Yazı)

2019/02/SandC-3102154388.jpg
Oxunub: 9703     10:42     25 Fevral 2019    
“Plasan” şirkəti zirehli vasitələrin tədarükü ilə məşğul olan İsrailin sənaye nəhənglərindən biridir. Şirkət indiyə qədər 150-dən çox zirehli korpus modeli hazırlayaraq dünyanın bir çox sayda ölkələrinin silahlı qüvvələrini və təhlükəsizlik qurumlarını 30.000-dən çox zirehli vasitələrlə təmin edib. “Plasan” bir platformada tam dizayn, inkişaf, inteqrasiya, sınaq və çatdırılmanı təklif edir.

30 ildən artıqdır ki, “Plasan” dünya səviyyəsində silahlı qüvvələr tərəfindən istifadə edilən unikal zirehli vasitələr hazırlayır, istehsal edir və döyüşlərdə əldə edilən təcrübəni istehsalda tətbiq edir.


Bir çox məqsədlər üçün istifadə edilə bilən “Sand Сat” zirehli maşınları “Plasan” şirkətinin istehsal etdiyi çoxsaylı uğurlu məhsullardan biridir. Prototiplər İsraildə və ABŞ ordusunun Maryland şəhərindəki Aberdeen təlim poliqonunda sınaqdan keçirilib. 4x4 təkər formulasına sahib “Ford F” avtomobili bazasında hazırlan zirehli maşınların inkişafı 4 mərhələdən keçib.

“Sand Cat” tam monokok struktura malik, minaya davamlı yüngül zirehli vasitədir. Layihə mühəndis Nir Kahn tərəfindən 2004-cü ildə hazırlanıb. “Plasan”, “Oshkosh Coperation”, IBN “Military Industries” şirkətlərinin birgə istehsalıdır, əsas operator isə “Plasan” şirkətidir. 2004-cü ildən hazırlanır, bu günə qədər 800-dən çox nümunəsinin müxtəlif ölkələrdə istismar edildiyi güman edilir. Hazırda bu vasitələrin 4-cü nəsli istehsal edilir.


Son nəsil “Sand Cat” maşınlarının Taktiki Texniki Xüsusiyyətləri:


Uzunluğu 5000/5590 mm;
Yerdən yüksəkliyi 2800 mm;
Genişliyi 1995 mm;
Təkər bazası 2946/3429 mm;
Son konfiqurasiya (2+2+6);
Daxili həcm 7.7 m³;
Kütləsi (zireh dəsti daxil olmaqla) 6000-6700 kq;
Yüklənmə qabiliyyəti 1300-2100 kq-ə qədər;
Ümumi kütləsi 8845 kq;
Qoruma sifarişə görə STANAG 4569 Səviyyə II +; B6 və ya STANAG 4569 Səviyyə III;
Xarici anten;
GPS sistemi;
Mərkəzi hava doldurma sistemi;
Ön və arxa kamera;
3 sabit pilləkən (avtomobilin damına qalxmaq üçün);
Dönən qüllə (sifarişlə);
Radio-CD;
GPS və sensor ekranlı displey.


Ekipaj variantdan asılı olaraq 10 nəfərə qədərdir və oturacaqlar təhlükəsizlik kəmərinə malikdir.

Zireh, mühafizə standartı səviyyəsinə və ya sifarişə görə dəyişir. Tam zirehli korpusda müxtəlif səviyyələrdə təhdidlərin qarşısını almaq üçün zireh polad, keramika, kevlar və kompozit qarışığından ibarət materialdan istifadə edilir. Uzaqdan idarə edilən silah modulları sifarişə görə quraşdırılır.


Avtomobildə 350 at gücünə malik 6.7 L həcmində gücləndirilən V8 dizel mühərrikdən (erkən variantlarda 6.4 L) istifadə edilir, maksimum sürət 160 km/saatdır, lakin təhlükəsizlik baxımından sürət elektron sistem tərəfindən 120 km/saata qədər məhdudlaşdırılıb. Son nəsil “Sand Cat”ın yanacaq çənlərinin tutumu 150 litr-dir. Ehtiyat gediş məsafəsi 500-550 km-dir. Nəsil və variantdan asılı olaraq 2100 kq-a qədər yük daşıma qabiliyyətinə malikdir və 6 pilləli avtomatik (bəzi erkən modellərdə 5 pilləli) “Ford Torqshift” sürətlər qutusundan istifadə edilir. Asqının ön tərəfində spiral yay və amartizatorlardan, arxa tərəfində isə resor və amartizatorlardan istifadə edilir.

2005-ci ilin oktyabr ayında AUSA sərgisində ilk dəfə “Sand Cat” avtomobilləri “Caracal” adı ilə açıq şəkildə ictimaiyyətə təqdim edilib. İsrailin “Plasan Sasa” (indiki “Plasan”) tərəfindən “Ford F” seriyasının bazasında hazırlanan kompozit “Sand Cat” zirehli vasitələrinin son 4-cü nəsli isə ilk dəfə “Eurosatory 2018”də nümayiş olunub. Bu avtomobillərin müxtəlif versiyaları beş qitədə ən azı 16 ölkənin Silahlı Qüvvələri, polis və daxili qoşunları tərəfindən istifadə edilir.

İnkişaf


2004-cü ildən istehsal edilən “Sand Cat” avtomobilləri müxtəlif proqramlar üçün nəzərdə tutulurdu. Onlar əvvəlcə İsrail Müdafiə Qüvvələrinin yüksək keçicilik qabiliyyətinə malik “AIL Storm” avtomobillərini əvəz edəcək potensial vasitə kimi hazırlanırdı. Yüngül zirehlə mühafizə olunan “Sand Cat” İraq və Əfqanıstana göndərilməzdən öncə də bəzi əməliyyatlarda, o cümlədən Qəzza bölgəsində tətbiq edilib.

Orijinal “Sand Cat” dörd nəfərlik ekipaj üçün, təxminən 4000 kq kütlə ilə hazırlanırdı. Erkən qiymətləndirmələrdən sonra bu rəqəmin 5000 kiloqrama və 5 nəfərlik ekipaja qədər artırılmasına qərar verildi. Daha sonra “Sand Cat”ın ağır kütləsini azaldaraq (optimallaşdırmaq üçün) qeyri-adi və trapez formalı fərqli yan pəncərələri zirehli şüşələrlə əvəz edildi, bu isə faydalı görünüş sahəsinin artmasına səbəb oldu.



“Sand Cat” ilk dəfə “Caracal” kimi tanınıb, lakin “Eurosatory 2006”da “Plasan” öz məhsulunun IVECO-nun Almaniya Bundesveri üçün hazırladığı “Caracal” ilə (hazırda bu məhsul “Rheinmetall” Nəqliyyat Sistemləri Şöbəsi tərəfindən təqdim edilir) qarışdırlmaması üçün “Sand Cat” adını qəbul etdi.

Bir çox birinci və ikinci nəsil modellərinin kiçik və açıq arxa yük bölməsi ilə istehsal olunmasına baxmayaraq, əksər “Sand Cat”lar hazırda təmamilə qapalı korpusla hazırlanır. “Sand Cat”ın bütün versiyaları dörd nəsilə bölünür.


İlk nəsil əsasən prototip olmasına baxmayaraq, az miqdarda İsrailin təhlükəsizlik qüvvələrinə tədarük edilib. 2008-ci ildə İsveç səkkiz nəfərlik SWAT konfiqurasiyasının bir neçə nümunəsini polisləri üçün əldə etdi. Prototiplərin və İsrail təchizatının orijinal dizayn konfiqurasiyası açıq arxa hissəyə malik idi.

“Sand Cat” ilə orjinal konfiqurasiya arasındakı fərq sonuncunun daha uzun korpusa malik olmasındadır. Konfiqurasiya əvvəlcə “Sand Cat Plus” kimi tanındı. “Ford F450” şassisi üzərində qurulan İsveç “Sand Cat”ları istisna olmaqla, bütün digər ilk nəsil “qum pişikləri” “Ford F350” şassisi üzərində quruldu. Standart versiyada 3581 mm təkər bazası qısaldıldı. Orijinal “Caracal/Sand Cat” prototipində isə təkər bazası 2.845 mm-ə bərabər idi. Prototiplər ABŞ-ın Kentucki şəhərindəki “Manning Equipment” şirkəti tərəfindən qısaldılırdı. İkinci nəsil “Sand Cat” “Ford” tərəfindən məhsulun yenilənməsindən sonra, 2008-ci ildə təqdim edildi. İstehsal edilən 300-dən çox ikinci nəsil “Sand Cat”ın əksəriyyəti Meksikaya ixrac edildi.


İsrailin Sərhəd Qüvvələri üçün hazırlanan ikinci nəsil “Sand Cat” maşınlarını təkər bazası 3581 m-dən 2946 mm qədər qısaldılan “Ford F350”, bütün digər ikinci və sonrakı nəsil “Sand Cat”ları isə “Ford F550” şassisi üzərində hazırladılar. F550 bazasındakı ikinci nəsil 5 və 8 nəfərlik “Sand Cat”lar 2946 mm təkər bazasına və 5 metr ümumi uzunluğa malik oldular.

Hər iki konfiqurasiyada avtomobilin çəkisi 8.845 kq, yükgötürmə qabiliyyəti isə 2100 kq-a qədərdir. İkinci nəsil “Sand Cat”ın dizayn baxımından ön hissəsi, qanadları, pəncərələri və korpusun konfiqurasiyası fərqlənirdi.



Üçüncü nəsil “Sand Cat” “Ford” tərəfindən avtomobilin yeniləməsi ardından 2011-ci ildə təqdim edildi. Üçüncü nəsil “Sand Cat” Azərbaycan, Kolumbiya, İsrail, Qazaxıstan, Polşa və Ukrayna tərəfindən əldə edildi. Cənubi Koreya 2013-ci ildə ilk “Sand Cat”ı əldə etdi, bu maşınlar “Rafael” şirkətinin “Spike NLOS” raketləri ilə təchiz edildi. 2015-ci ildə “Szop” (Racoon) adı altında 14 ədəd “Sand Cat” Polşa Hərbi Polisinə təqdim edildi. 2015-ci ilin iyun ayında Azərbaycan və Qazaxıstan “Sand Cat”ları əldə etdi. Ukraynaya isə ilk “Sand Cat” 2017-ci ilin martında verildi. Bolqarıstan, Kanada, Meksika və Nigeriya da bu zirehli vasitələrdən geniş istifadə edir.

Üçüncü nəsil “Sand Cat”ın 2946 m təkər bazası modelində sifariş olunmamasına baxmayaraq, həm 2946 mm təkər bazası və 5 m ümumi uzunluqda, həm də 3429 mm təkər bazası və 5.5 m ümumi uzunluqda istehsal edildi. Üçüncü nəsil “Sand Cat”in da kütləsi və yükgötürmə qabiliyyəti saxlanıldı. Üçüncü nəsil “Sand Cat”ın görünüşü 2014-cü ildə xeyli dəyişdi. Korpusda üçbucaqlı orijinal dizayn üçüncü kvadrat yan şüşə və fərqli qanadlar əldə etdi, yan tərəflər isə xaricdən kosmetik dəyişikliklərə məruz qaldı. Dördüncü nəsil modellər 2018-ci ilin iyun ayında ilk dəfə nümayiş olundu və istehsalçının daha çevik və modul arxitekturaya üstünlük verdiyi məlum oldu.


Dördüncü nəsil “Sand Cat” üç əsas konfiqurasiyada: personal daşıyıcısı, silah modulu üçün baza və tək kabin versiyasında hazırlanır. 10-a qədər personal (2+2+6) daşıya bilən versiya təmamilə qapalıdır.

“Sand Cat” 6.7L V8 mühərriki və “TorqShift” funksiyalı 6 pilləli avtomat sürət qutusu ilə 330 at güçünə malikdir, bu isə avtomobilin güc-kütlə nisbətinin 35.5 a.g/t təşkil etdiyini göstərir. 4x4 təkər formulası nəqliyyat vasitəsinə istənilən nahamar ərazidə sabitlik və çeviklik nümayiş etdirməsinə şərait yaradır. Dizaynın fərqli bir xüsusiyyəti cəlbedici və sərt görünüşə malik olmasıdır.

“Sand Cat” sabitliyin elektron tənzimlənməsi sistemi (ESP), anti-blok əyləc sistemi (ABS) və güc paylanmasına yardım funksiyası ilə, həmçinin 335/80 R20 şinləri ilə təchiz edilir. Maşın, 370 mm klirensə malikdir, 60 dərəcə hündürlüyə dırmana bilir və 457 mm yüksəklikdə şaquli maneəni dəf edə bilir. Avtomobil 38° yana əyilmədə hərəkət edə bilir.


“Sand Cat” ekipajın mina partlayışlarından yüksək qorunma səviyyəsini və manevr imkanlarını təmin edir. Maşın STANAG III təhlükəsizlik standartlarına uyğun ballistik qorunmanı təmin edir. Avtomobilin korpusu universal konstruksiyaya malikdir və TƏİRK, qumbaraatan, minaatan, REM, rabitə, kəşfiyyat vasitələri, RLS, müxtəlif çaplı silah modullarının yerləşdirilməsinə imkan verir. Yaralı və xəstələrin təxliyyəsi, şəxsi heyətin daşınması, xüsusi təyinatlı və ya kəşfiyyat qruplarının təyinat rayonlarına çatdırılması, patrul xidmətinin təşkili, polis, daxili qoşun və fövqəladə halların aradan qaldırılmasında iştirak edən bölmələr tərəfindən istifadə edilə bilər.

Yan pəncərələrin trapez şəkilli olması zirehli şüşənin çəkisini görünüş sahəsinə mənfi təsir göstərmədən azaltmağa imkan verir. “Sand Cat” zirehli nəqliyyat vasitələri üçün əla idarəetməyə və sürətlənməyə malikdir. Daxili rahat və genişdir, açıq xərək belə yerləşdirilə bilər.

(Ardı var…)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sand-Cat   Plasan   İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin