Həmsöhbətim gizir İmran Rəcəbov da pis günləri geridə qoyub, əmin və firəvan gələcəyə addımlayan həyat yolçularındandır. Lakin keçmişin ona yüklədiyi xatirə boxçasında Xocalı boyda sızıltı, Xocalı adda ağrı daşıyır. Qanlı gecənin canlı şahidlərindən olan gizir Rəcəbov İmran Kamran oğlu 1985-ci ildə Xocalı rayonunun Meşəli kəndində dünyaya göz açıb. Dağlıq Qarabağın zəhmətkeş ailəsinin halal çörəyi ilə mayalanıb ailənin hər bir övladı. Qədim tariximizin şahidi olan Xocalı rayonunun digər sakinləri kimi Rəcəbovlar ailəsinin də tək arzu və amalı Qarabağ adlı cənnətdə firəvan və dinc yaşamaq olub. Lakin mənfur düşmən özgə yumruğuna əlcək olaraq, torpaqlarımıza göz dikməyə, əl uzatmağa, həmin əlcək olduğu böyük əllə məsum üzlərə zərbə endirməyə başladı və qışın Qarabağda özünü ən sərt şəkildə təcəssüm elədiyi gecənin birində bəşəriyyətə qanla Xocalı adlı bir yazı yazdı.

“Dinc ailənin uşağı olduğum üçün heç vaxt həyəcan, şiddət və vahimə yaşamamışdım, ta həmin günə qədər... Atam Rəcəbov Kamran Kamal oğlu qıçından, əmim Rəcəbov Neymət Kamal oğlu isə başından yaralanmışdı. Bizə dedilər ki, onları Ağdama çatdırıblar. Biz isə demək olar ki başsız qalmışdıq - anam, dörd yaşlı qardaşım və bir yaş səkkiz aylıq kiçik qardaşım”, - deyə gizir Rəcəbov söyləyir.
Azyaşlı olmasına baxmayaraq, başsız qalan ailənin tək hayanına çevrilən 7 yaşlı İmran hər kəs kimi ölüm-qalım savaşına qoşulur, amma amansız fələk ailənin üzərindən vəhşəti əskik etmir. Təbiət sanki qarı, çovğunu, sır-sırası ilə 366-cı alaya və alayın dəstəklədiyi erməni qaniçənlərinə yardım edirdi. Canını qanlı qatilin əlindən qurtaran dinc insanlar yollarda qışın şaxtasında gələn ölümə təslim olurlar.
“Ən kiçik qardaşım donvurmadan həlak oldu. Amma anam qardaşımın meyidini qucağından yerə qoymurdu. Şaxta insanın nəfəsini dondururdu sanki. Qıy-qışqırıq, insanların fəryadı göylərdən eşidilirdi. Taqətimiz kəsilmişdi. Dörd yaşlı qardaşım yeriyə bilmədi. Anam da kiçik qardaşımın meyitini yerə qoymurdu. Nə də ikisini birdən götürəcək vəziyyətdə deyildi. Ümüdümüz üzülmüşdü ki, qonşularımız dadımıza çatdı. Qardaşımı çiyinlərində bir neçə kilometr apardılar və biz xilas olduq. İndi də biz həmin qardaşımın həyatda yaşamasını həmin qonşulara borcluyuq”, - deyə gizir bildirir.

İllər ötür, 7 yaşlı İmran və 4 yaşlı qardaşı cəmiyyətdə qalib insan kimi yetişirlər. Yəni yaşadıqları köçkünlük həyatı, gördükləri ağır günlər, aldıqları mənəvi-psixoloji travmalar onların sağlam vətəndaş olmalarına heç bir əngəl törətmir, törədə bilmir. İllərlə qədərin həyat yollarında qurduğu trampilinləri ötən qardaşların hər ikisi öz müqəddəs yollarını seçirlər. Onlardan biri ömrünü hərbə - ön cəbhəyə bağlayır, digəri isə: “Həmin o dörd yaşlı qardaşım indi Bakı şəhərində Çevik Polis Alayınının əməkdaşıdır. Vətənə qüsursuz xidmətlərinə görə dəfələrlə rəhbərlik tərəfindən qiymətləndirilib. Elə mənim kimi... Gördüyünüz kimi mən də ön cəbhədə xidmət aparıram. Mümkün qədər komandirlərimin ehtimadını doğrulduram və doğrultmağa çalışacağam”, - deyə o vurğulayıb.
O, Goranboy rayonu ərazisində yerləşən N saylı hərbi hissənin strateji yüksəklikdə yerləşən bölmələrindən birində xidmət edir. Onun yalnız bir amalı var - mənimlə həmsöhbət olduğu səngərdən, döyüş sektorundan qarşıda bizi gözləyən dədə-baba torpaqlarına addımlamaq, özü də düşmən hərbçilərinin meyitləri üzərindən. O ki qaldı qisas hissinə, gizirin düşüncələri belədir: “Hər an, hər dəqiqə qisas haqqında düşünürəm. Ali Baş Komandanımızın əmri ilə bir gün həm torpaqlarımızı, həm də qisasımızı alacağıq. Mən buna ürəkdən inanıram. Çünki, mən xidmət etdiyim orduya da bu ordunun qarşısında duran hazırkı düşmənə də bələdəm. O ki qaldı indiyədək qisas almaq imkanıma bir dəfə təxribatlarının qarşısını alacaq qədər gözəl şansım olub. Onda da yetərincə dəyərləndirmişəm. 2017-ci ilin iyununda düşmənin “KamAZ” markalı yük maşınını sıradan çıxardım. Həmin maşında bir erməni kapitanı və iki digər hərbi qulluqçusu məhv olmuşdu. Amma bu o demək deyil ki, fərdi qaydada mən öz qisasımı aldım. Xeyr, hələ qisas günü gələcəkdədir”.
Ailəli olan hərbi qulluqçunun iki övladı var. O, müharibənin övladlara miras qalmasının qəti əleyhinə olmaqla yanaşı, 8 və 3 yaşlı övladlarını əsl vətənpərvərlik ruhunda böyüdür. Övladları üçün isə ən böyük arzusu doğma yurdları olan Xocalıda xalqa, dövlətə layiqli vəzifə sahibləri olmalarıdır.

Elgün Gəncimsoy
Ordu.az