Şəhid atası: “Bir oğlum da olsa canı Vətənə fəda olsun!” (FOTOLAR)
Oxunub: 31019
10:20
08 Fevral 2019
Ötən il mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası hissəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Adil Əli oğlu Tatarovun xatirəsi yad edilib.
Ordu.az xəbər verir ki, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində Günnüt qəhrəmanının xatirəsi böyük coşqu ilə anılıb.
Rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və şəhidin ailə üzvləri əvvəlcə onun xatirəsinə ucaldılan abidə kompleksini, kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər. Daha sonra ümumi Şəhidlər Xiyabanı ziyarət olunub.
Şəhər məktəblərdən birində dövlət himninin səsləndirilməsi ilə davam edən anım mərasimində Naxçıvan istiqamətində mühüm strateji yüksəkliyin alınmasında qəhrəmancasına şəhid olan Adil Tatarovun keçdiyi döyüş yolundan, orta məktəb vaxtı aldığı yüksək təhsildən və nümunəvi tərbiyəsindən söz açılıb. Tədbirdə şəhidin atası Əli Tatarov, anası Şükufə Tatarova çıxış ediblər. Dövlətin şəhid ailəsinə göstəridiyi qayğıdan razılığını ifadə edən ailə başçısı bildirib ki, bir oğlu da olsa, onu vətən uğrunda qurban verməyə hazırdır.
Sonrakı mərhələdə onun keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub. Tədbirdə çıxış edənlər şagirdlərə vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Adil kimi döyüşmək və lazım olduqda canından belə keçməyə hazır olmağın vacibliyi vurğulanıb.
Sonda isə Azərbaycanın milli qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun da xatirəsi bir dəqiqəlik sükutla yad edilib.