Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mkrtçyanın ölümünü intihar etməsi ilə əlaqələndirərək, qanunvericiliyə əsasən müvafiq maddə üzrə cinayət işi açılıb. Onun intihar etməsinə cibindəki məktub əsas gətirilirdi. Guya məktub ölümündən az öncə yazılıb və ölümündə heç kimin günahkar hesab edilməməsi qeyd edilib.
Ekspertiza yazı xəttinin Andranikə məxsus olduğunu qeyd etsə də, valideynləri bunu inkar edir. Valideynləri bildirir ki, onların övladı savadlı olub və yazıda qrammatik səhvlər var. Buna görə də bu məktubun Andranikə məxsus olduğunu qəbul edə bilmirlər.
Ölən kapitanın vəkili Hayarpi Sarkisyan əlyazmanın yenidən ekspertizaya göndərilməsinə nail olmaq üçün mübarizə aparır. Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutyunyan erməni KİV-lərinə verdiyi açıqlamada əlyazmanın təkrar ekspertizaya göndərilməsi faktını təsdiqləyib.
Kəşfiyyat bölük komandiri, dəfələrlə mürəkkəb vəziyyətlərlə üzləşən, aprel döyüşlərinin iştirakçısı olan Andranik Mkrtçyanın valideynləri onun qəflətən heç bir səbəb olmadan özünü öldürməsi versiyasına inanmırlar. Onlar bir ildir, bu vəziyyətə qarşı şikayət edirlər.
Qeyd edək ki, onun meyiti bölüyün iş otqalarından birində aşkarlanıb. Ölüm hadisəsində istifadə edilən silahda onun barmaq izləri tapılmayıb. O, ölüm hadisəsi günü evdə olub, hadisə isə hərbi hissəyə qayıtdıqdan sonra baş verib.
Ekspertizanın rəyinə görə, Mkrtçyanın bədənində 10-dək xəsarət, qanaxma, sıyrılma izləri aşkarlanıb.
Hazırda prokurorluq və müstəntiqlər bu faktı nəzər almırlar. İntiharın baş verdiyi versiyasını isə ilk olaraq hərbi hissə komandanlığı səsləndirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında əlavə dindirmələr təyin edilib. Mkrtçyanın əlyazması olan dəftər məhkəməyə təqdim edilib. Əlyazmanın yenidən ekspertiza olunmasına dair vəsadət təmin edilib, o cümlədən müstəntiqlər tərəfindən maddi sübutların məhv edilməsinə dair faktlar da məhkəməyə təqdim edilib.
Alpər Mövludoğlu
Ordu.az